Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarov Misir Mərdanovdan qalma daha bir kadrı yola salır

Mikayıl Cabbarov Misir Mərdanovdan qalma daha bir kadrı yola salır


10-04-2015, 10:40
Mikayıl Cabbarov Misir Mərdanovdan qalma daha bir kadrı yola salır
Ölkə mətbuatında yayımlanan məlumatlarda Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun bu yaxınlarda tutduğu vəzifədən azad ediləcəyinə dair ehtimallar yer almaqdadır. Bu xüsusda mənbələr bildirir ki, ölkənin Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən bir çox rayon və bölgələrdə təhsil şöbə müdirlərinin fəaliyyətlərinin ciddi şəkildə yoxlanmasına başlanılıb. Həmçinin qeyd olunur ki, aparılan yoxlamalar nəticəsində aşkar olunmuş ciddi nöqsanlar səbəbindən artıq tutduqları vəzifədən azad olunan məmurlar da var. Etiraf etmək lazımdır ki, belə bir təftişin Beyləqan RTŞ-də obyektiv şəkildə aparılacağı təqdirdə, Tofiq Sadıqovun nəinki işdən azad olunması, hətta məsuliyyətə cəlb ediləcəyi ehtimalları da çox yüksəkdir. Bu xüsusda dərc etdiyimiz ötən materiallarda biz artıq qeyd etmişdik ki, Tofiq Sadıqov təhsil sahəsində son bir neçə ildə ölkə mətbuatında barəsində ən çox tənqidi materialların dərc olunduğu məmurlardan biridir. Məlum olduğu kimi bu RTŞ müdirinin öz işində yol verdiyi qanun pozuntuları həm ciddiliyi, həm də müxtəlifliyi ilə diqqəti cəlb edir. Daxil olan məlumatlarda Tofiq Sadıqova qarşı irəli sürülən ittihamlardan biri budur ki, RTŞ müdiri hər ay məktəb direktorlarından pul yığır. Yığdığı rüşvəti isə hər dəfə icra başçısı Vaqif Abdullayevin adına bağlayır. Məsələn, Tofiq Sadıqov belə bir bəhanə gətirir ki, güya icra başçısı rayonda hansısa bir dövlət əhəmiyyətli binanın tikintisi üçün bütün təşkilat rəhbərlərinin, o cümlədən də onun üzərinə müəyyən məbləğdə pul ödənişi öhdəliyi qoyub. Maraqlıdır ki, Tofiq Sadıqovun vəzifədən alınacağı ehtimalını irəli sürən mənbələr, bunu əsaslandıran səbəblərdən biri kimi şöbə müdirinin saxta diploma malik olmasını göstərirlər. Bu xüsusda bir qədər əvvəl dərc etdiyimiz materiallarda biz də bildirmişdik ki, Beyləqan RTŞ müdirinin əslində tutduğu vəzifəyə müvafiq ali təhsili belə yoxdur. Tofiq Sadıqovun vəzifəyə təyinat üçün təqdim etdiyi diplom isə saxtadır. Aldığımız məlumatlara görə o, bu sənədi 1979-cu ildə əldə edib. Mənbənin sözlərinə görə, həmin diplom birüzlüdür və adi kağız parçasından bir o qədər də fərqlənmir.Digər tərəfdən isə, bu yaxınlarda Tofiq Sadıqovun səyləri nəticəsində “Ən yaxşı müəllim””müsabiqəsinin qalibi olmuş Elvin Abbasov adlı “müəllimin” əslində saxta diploma sahib olmasının aşkarlanması və bu xüsusda yaranmış qalmaqal da Beyləqan RTŞ müdirinin karyerasına son verəcək amil kimi çıxış edə bilər. Artıq xəbər verdiyimiz kimi bir müddət bundan əvvəl Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına saxta diplom (seriya nömrəsi: 084264, qeydiyyat nömrəsi: 03425) alınmışdır. Bundan sonra isə Elvin Abbasov Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən keçirilmiş 2013/2014-cü tədris ilində “Ən yaxşı müəllim””müsabiqəsinə qatılmışdır. Aldığımız məlumatda ən çox diqqəti çəkən məlumat isə bu oldu ki, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi də olub. Qeyd etdiyimiz kimi, Tofiq Sadıqovun bu maxinasiyası artıq birbaşa dövlət başçısının təşəbbüsü ilə keçirilən müsabiqənin nəticələrinin saxtalaşdırılmasına səbəb olmuşdur. Və əlbəttə ki, Təhsil Nazirliyi bu cinayətə göz yuma bilməz. Amma bütün bunlara baxmayaraq, bəzi mənbələr hələ də Tofiq Sadıqovun nəhayət ki, öz layiqli cəzasını alacağı barədə xəbərlərə müəyyən şübhə ilə yanaşırlar. Səbəb isə budur ki, Beyləqan RTŞ-nin müdiri vəzifədə olduğu müddətdə həm bu rayona rəhbərlik edən şəxslərlə, həm də Təhsil Nazirliyinin keçmiş rəhbərliyi ilə hər zaman “dil tapa” bilib. İddialara görə, Tofiq Sadıqov bu gün də TN-də kifayət qədər güclü himayədarlara malikdir. Bununla belə etiraf etmək lazımdır ki, bu məmurun yol verdiyi özbaşınalıqlar çoxdan bütün mümkün olan hədləri aşıb. İnanmaq çətindir ki, himayədarları Tofiq Sadıqovu növbəti dəfə vəziyyətdən çıxarmaq üçün artıq öz karyeraları ilə də risk etmiş olsunlar.
\\ bizimdovr.az \\
Geri qayıt