Əsas Səhifə > Sosial, Manşet > Yerli icra qurumları Masallı sakinlərinə torpaq problemini necə yaradır...

Yerli icra qurumları Masallı sakinlərinə torpaq problemini necə yaradır...


11-04-2015, 12:03
Yerli icra qurumları Masallı sakinlərinə torpaq problemini necə yaradır...
Ölkəmizdə əhalinin sayı artmaqda, ailələr böyüməkdədir. Beləliklə, insanların daim yeni evlər tikməyə ehtiyacı yaranır. Bu ehtiyacı ödəmək üçün isə, lazım olan boş torpaq sahələri ilbəil azalmaqdadır.

210 minə yaxın əhalisi olan Masallı rayonunda da həyətyanı torpaq sahəsi əldə etmək böyük problemə çevrilib. Məlum olduğu kimi, payıbəlli torpaqda ev tikmək olmaz. Bu problemin həlli üçün insanların üz tutduqları ilkin instansiya kənd bələdiyyələrdir.

Mövcud olduğu 15 il ərzində isə bələdiyyələr öhdələrində olan ehtiyat fondu üçün ayrılmış torpaqların demək olar ki, hamısını pay-püşk ediblər.

Vertikal.az-a yazan Masallı sakinlərindən biri dərdini belə izah edib: - 3 övladım ailə həyatı qurub, özləri üçün ev tikmək istəyirlər. Lakin payıbəlli torpaqda ev tikməyə icazə vermirlər.

Bələdiyyə də deyir ki, ev tikmək üçün verməyə torpaq sahəmiz yoxdur. Biz nə etməliyik? İndi yerli sakinlər ev yeri ala bilməsələr də, gözümüzün qabağında rayonun və qonşu rayonların əksər “bərkgedən” məmurları və kommersantları Masallıda onun-bunun adına onlarla həyətyanı torpaq sahəsi alıb və dəbdəbəli imarətlər tikiblər.

Qanuna özünəməxsus “düzəlişlər” edənlər də var. Belə ki, təkcə Masallıda 2000-dən yuxarı şəxs payıbəlli torpaqda ev tikib. Rayonun Sığdaş, Kolatan, Bədəlan, Alvadı, Şıxlar və sair kəndlərində bu, daha kütləvi şəkil alıb. Hətta iş o yerə çatıb ki, Masallı Rayon İcra Hakimiyyəti iki il əvvəl payıbəlli torpaqda qanunsuz ev tikən 500-dən artıq şəxsi (bəzi məlumatlara görə belələrinin sayı 2 mindən yuxarıdır) məhkəməyə veribdir. Lakin məhkəmə iddianı qəbul etməyib. Masallı Rayon Məhkəməsinin hakimi Nemət Musayev bildirir ki, bu evlərin bəziləri 10-15 ildir ki, tikilib. Bəs həmin vaxt yerli ərazi nümayəndələri, bələdiyyələr, digər əlaqədar qurumlar hara baxırdı?

Torpaq Məcəlləsində yazılır: Müvafiq qanunçuluğa görə payıbəlli torpaqda olan tikilidən təyinatı üzrə istifadə edilməyəndə həmin tikili sökülməli, torpağın münbit qatı bərpa olunmalı, həmin vətəndaş isə cərimələnməlidir. Lakin Masallıda bunların heç biri olmadı, qanunsuz tikililərdən heç biri sökülmədi.

İndi narazı Masallı sakini ortaya maraqlı sual qoyur: - Payıbəlli torpaqda ev tikib qanunu pozan cəzalandırılmır. Bu günümüzdə həmin qanunu yenə də pozub payıbəllidə ev tikənə necə demək olar ki, əvvəlkilər tikib, amma sən tikmə?

Əksər bələdiyyə sədrləri bilmir ki, onun bu gün həyətyanı sahə verməyə nə qədər torpaq sahəsi var. Gələcək nəsillər harada ev tikəcək? Bu suallara hələ ki, konkret cavab verənlər tapılmır.

Məcburiyyət qarşısında saxtakarlıqlara da əl atanlar olur. Belə ki, dolaşan məlumatlara görə, hələ də keçmiş sovxozların, Kəndli-Fermer Təsərrüfatlarının möhürlərini, yaxud möhürlənmiş blanklarını özlərində saxlayan keçmiş təsərrüfat rəhbərləri köhnə tarixlərə torpaq verməyi də unutmur.

Əminik ki, əlaqədar qurumlar Masallıda və bölgənin digər rayonlarında yaranmış torpaq probleminin həlli istiqamətində zəruri tədbirlər görəcəklər.

Geri qayıt