Əsas Səhifə > Sosial, Manşet > Azərbaycanın evini yıxan futbol qumarı...
Azərbaycanın evini yıxan futbol qumarı...23-04-2015, 10:01 |
Futbol mərc oyunlarına maraq göstərənlərin sayı durmadan artır. Mərc oyunları arasında "Topaz" xüsusi yer tutur. "Topaz" istifadəçilərinin böyük hissəsinin gənclərdən ibarət olması cəmiyyəti narahat edən məsələdir. Çünki bu gənclər günlərinin əksər saatlarını kitab oxumağa, biliklərinin artırılmasına, idmana deyil, məhz "Topaz"da itirir. Hələ acınacaqlısı budur ki, 18 yaşına çatmayan şəxslərin “Topaz”dan istifadə etməsinə qadağa olduğu halda, azyaşlı və yeniyetmələr də bu oyunlarda iştirak edirlər. Vertikal.az bildirir ki, ki, tibb elmində qumara qurşanan insanlar xəstə sayılır. Psixiatriyada «ludomaniya» adlanan bu ruhi xəstəliyin Azərbaycanda minlərlə daşıyıcılarının olması heç kimdə şübhə doğurmur. “Topaz”ın reklamlarının telekanallara ayaq açması isə xəstəliyi epidemiya vəziyyətinə gətirib. Belə xəstələr daimi olaraq müxtəlif uduşlu oyunlarda iştirak edir, böyük uduş əldə edəndə də, mütəmadi olaraq uduzanda da oyundan çıxa bilmir, getdikcə daha çox vaxtını, vəsaitini və düşüncəsini buna həsr edir və bütün hallarda nəhayət, iflasa uğrayır. Xəstəlik yüksək dərəcədə psixoloji yoluxma potensialına malikdir. Belə xəstələrlə yoldaşlıq edənlər də dərhal bu xəstəliyə yoluxurlar. Həmçinin uduşlu oyunların reklamı və kütləviləşməsi də insanların bu xəstəliyə yoluxmasında böyük rol oynayır. Xəstəliyin sosial fəsadlarına gəlincə, bunların sırasına, başlıca olaraq, müflisləşmə, ailədaxili münasibətlərin pozulması, ailələrin və şəxsi həyatın dağılması, oynamaq üçün pul əldə etmək naminə cinayət yollarına baş vurulması və intihar kimi rəngarəng nəticələr daxildir. Vertikal.az bildirir ki, “Topaz”dan istifadə edənlərin əksəriyyətinin psixoloji problemlərinin olduğunu ekspertlər də təsdiqləyir. Onların sözlərinə görə, bu xəstələr patoloji yalan danışır, evdən pul oğurlayır. Bu isə onların şəxsiyyət kimi formalaşmasına ciddi zərbədir: “Hazırda “Topaz” çox geniş təbliğ olunur. Bu reklamlara yeniyetmələr, uşaqlar baxır. Onlar oyun oynayaraq daha rahat yolla pul qazanacaqlarını düşünürlər. Amma bu, sadəcə görüntüdür. Sonradan uduzurlar, gözləntiləri özünü doğrultmur. “Topaz”da uduzduğuna görə, depressiyaya düşən, intihar edən, ailə üzvlərinə basqı edən, oğurluğa əl atanlar az deyil. Çünki istədikləri məbləği əldə edənə qədər mübarizə aparır, hətta evlərinin əşyalarını da satırlar. Bu cür oyunların reklamı yeniyetmələrə xüsusilə pis təsir edir, ailə ilə problem yaşayırlar”. Yeniyetmələr düşünür ki, televiziyada reklam edilirsə, demək normaldır. Ona oyun kimi baxırlar, əslində isə bu oyun kimi təqdim edilən qumardır. Sadəcə, oyun fonu yaradılır. Bu oyuna əl atanlarda məsuliyyət hissi azalır. Asan yolla pul qazanmağa meylli olurlar. Xüsusən də, ətrafındakılar “Topaz” oynayırsa, bu zaman yeniyetmələr asanlıqla bu yola əl atırlar. Bu yolla da məqsədsiz nəsil yetişir və bu da onları uçuruma aparır. Qeyd edək ki, Azərbaycanda qumarxanaların fəaliyyətinə mərhum prezident Heydər Əliyev tərəfindən qadağa qoyulmuşdu. Sabiq prezident qumarın cəmiyyətdə hansı fəsadlara yol açdığının fərqində olaraq, rəsmi səviyyədə qumarxanaları bağlatdırdı. Ancaq nədənsə mərc adı altında fəaliyyət göstərən “Topaz”ın daha qorxulu qumarxana olduğunun hazırda o qədər də fərqində deyillər, əksinə, bu qumar növünün daha geniş fəaliyyəti üçün “yaşıl işıq” yandırırlar. Və burada ağrıdan bir məqam da ondan ibarətdir ki, biz azərbaycanlılar futbolu meydanda yox, meydandankənarda oynamağa üstünlük verərək sevdik... Vüsal HACIOĞLU (Vertikal.az) Geri qayıt |