Əsas Səhifə > Sosial, Manşet > “İdeal-İ-İnşaat” MMC ilə bağlı qalmaqal böyüyür...

“İdeal-İ-İnşaat” MMC ilə bağlı qalmaqal böyüyür...


28-04-2015, 08:58
“İdeal-İ-İnşaat” MMC ilə bağlı qalmaqal böyüyür...
“İdeal-İ-İnşaat” MMC-nin direktoru İsa Məmmədovun qanunsuz əməlləri ilə bağlı bir qrup sakin tərəfindən Baş Prokuror Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova ünvanlı şikayət ərizəsi neçə gün əvvəl “Təzadlar”a təqdim olunub...
Söhbət “İdeal-İ-İnşaat” MMC-nin direktoru və təsisçisi olan İsa Əli oğlu Məmmədovun həm Bakının D.Əliyeva-96 ünvanda (köhnə “Bakı” Mehmanxanasının arxasında) inşaa etdiyi mənzilləri bir neçə şəxsə satmasından, həmçinin İsa Məmmədovun Bakı şəhərinin Xocalı prospektində (metronun “Xətai” stansiyasının arxası) inşasına 12 ildir başladığı çoxmənzilli yaşayış binasını başa çatdırmadan mənzilləri heç bir hüquqi səlahiyyəti olmadığı halda, ayrı-ayrı vətəndaşlara satmasından və s. gedir.

Podratçı mənzil satışına necə və hansı əsaslarla girişib?

Redaksiyamıza təqdim olunmuş şikayət məktubunu və sənədləri araşdırarkən hər kəsi şoka salacaq faktlarla rastlaşdıq. Hələlik qısaca olaraq deyək ki, bizə təqdim olunmuş sənədlər və şikayət ərizəsi ilə bağlı aidiyyəti dövlət qurumlarına tərəfimizdən rəsmi sorğu göndərilib. Tezliklə böyük bir hüquqi qalmaqala səbəb ola biləcək qanunsuz hərəkətin “baş qəhrəmanı”nın heç bir ölçüyə sığmayan hərəkətləri ilə tanış ola biləcəksiniz...
Məsələ ondadır ki, “The Bakı Grour Ltd.” MMC-nin rəhbərliyi 14 oktyabr 2004-cü ildə, yəni düz 12 il əvvəl “İdeal-İ-İnşaat” MMC-nin direktoru və təsisçisi olan İsa Əli oğlu Məmmədovun şəxsində notariat qaydada inşaat müqaviləsi bağlayır. Təkrar edirik, “The Bakı Grour Ltd.” MMC-nin rəhbərliyi sahibi olduğu və sadə dildə desək, Xətai rayonundakı keçmiş Şüşə Zavodunun yerinə aid bütün lazımi dövlət sənədləri ilə təxminən 4,2 ha torpaq sahəsində çoxmənzilli binanın tikintisi üçün MMC-nin təsisçisi və baş direktoru İsa Məmmədovla razılığa gəlir... Və nəticədə yuxarıda qeyd olunan müqavilə bağlanır. Müqavilənin ənənəvi şərti kimi qəbul olunub razılaşdırılır ki, adı çəkilən MMC-nin direktoru İsa Məmmədov 2007-ci ildə binanı tam hazır vəziyyətdə sifarişçi “The Bakı Grour Ltd.” MMC-yə təhvil verir və s.
Ən vacibi, müqavilə şərtlərinə görə hər kəsin hüquq və vəzifələrinə o da əlavə olunur ki, heç bir halda, podratçı, yəni tikinti şirkətinin rəhbəri mənzil satışı ilə məşğul ola bilməz! Lakin satışdan gələn gəlirlərin bölgüsü mqavilədə ayrıca qrafada razılaşdırılır... Amma...

Podratçı nəinki tikilməmiş mənzilləri satır, həm də özü üçün Türkiyədə mülk qurur...
Amma sonradan sifarişçiyə məlum olur ki, İsa Məmmədov artıq mənzil satışına girişib. Özü də müqavilə şərtlərinə görə 2007-ci ilin 25 may tarixinə kimi təhvil verməli olduğu, lakin təhvil vermədiyi mənzillərin... Və dəfələrlə ona sifarişçi tərəfindən xəbərdarlıq edilsə də, podratçı nəinki hüquqi məsuliyyətini anlayıb, ərazini tərk edib, əksinə, İsa Məmmədov ərazidə hələ bir özünə bərbəzəkli ofis də tikib... İ.Məmmədov həm də heç bir dövlət qəbulundan keçməmiş, tikilib təhvil verilməmiş binanın 1-ci mərtəbəsini artıq iaşə və xidmət sahəsi kimi ayrı-ayrı şəxslərə icarəyə verib, bu azmış kimi, 12 ildir istifadəyə verilməmiş mənzillərin şıdırığı satışı həyata keçirilir... 12 ildir pul ödəmiş, kirayələrdə can çürüdən və ömür əridən binəva vətəndaşlar isə indi artıq son ümidini Baş Prokurorluğun və MTN-nin İsa Məmmədovun əməllərinə hüquqi qiymət verəcəyinə bağlayıb... “İsa Məmmədov isə satdığı mənzillərin pulu ilə özünün və oğlunun adına Azərbaycanda demək olar heç nə saxlamadan Türkiyədə mülk-dövlət qurmaqdadır... Bəs 12 ildir tikilib təhvil verilməyən mənzillərin sonrakı taleyi kimin adına yazılacaq?”, - deyə şikayət məktubunda qeyd olunur... Bu barədə isə növbəti yazıda...
Neçə gündür İsa Məmmədovun mobil telefonuna dəfələrlə zəng vuraraq mövqeyini öyrənməyə cəhd edirik, amma cavab vermir... Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
(Davamı var)
“Təzadlar”ın Araşdırma Qrupu

Geri qayıt