Əsas Səhifə > Sosial, Manşet > Bakıda milyonluq villalarda yaşayan məmurlar kimlərdir...

Bakıda milyonluq villalarda yaşayan məmurlar kimlərdir...


2-05-2015, 12:42
Bakıda milyonluq villalarda yaşayan məmurlar kimlərdir...
Bakı küçələrində qiyməti bir neçə yüz min manata çatan avtomobillərin şütüməsi, yaxud da dəyəri bir neçə milyon manatla hesablanan villaların tikilməsi adi hal alıb. Elə məmurlar var ki, onlar fantastik dəyəri olan maşın kolleksiyalarına sahibdirlər.
İstər-istəməz sual yaranır: mişlyonlarla manatlıq maşın kolleksiyalarına və imarətlərə sahib olan məmurların olduğu ölkədə niyə rəsmi milyonçu yoxdur?
"Forbes" jurnalının hər il açıqladığı milyarderlər sırasında əslən azərbaycanlı olan və digər ölkələrin vətəndaşlığını qəbul etmiş, xaricdə yaşayan həmyerlilərimizin adlarına rast gəlirik. Amma hələ ki həmin siyahıya Azərbaycanda yaşayan milyonçu, yaxud milyarderin adı salınmayıb.
Baxmayaraq ki, elə qonşu Türkiyədə bu məsələ şəffafdır və iki gün əvvəl buradakı milyonçuların sayı açıqlanıb. "Habertürk.com"un məlumatına görə, Türkiyədə milyonçuların sayı 2013-cü ildə 66 min 846 nəfərə yüksəlib. Bununla da Türkiyədə milyonçular klubuna daha 15 min adam qatılmış olub. Ölkə daxilində varidatı 1 milyon lirədən artıq olan Türkiyə vətəndaşlarının sayı 2012-ci ildə 52 min 153 nəfər olduğu halda, indi bu rəqəm 14 min 693 nəfər artaraq 66 min 846 nəfərə çatıb.
Qeyd edək ki, Türkiyə Avropa ölkələri arasında milyonçuların sayı baxımından 12-ci yeri tutur.
Qeyd etdiyimiz kimi, Azərbaycanda böyük pullara sahib olan şəxslərin varlığı heç kimə sirr deyil. Bəs onlar niyə gizlənirlər, öz var-dövlətlərini rəsmən etiraf etməkdən niyə çəkinirlər?
Ekspertlərin fikrincə, bunun ilk səbəbi inanılmaz sərvətə sahib olan şəxslərin həmin varidatı necə əldə etmələrinin şübhə doğurmasıdır. İri məmurların bir çoxu korrupsiya yolu ilə varlandıqlarından öz sərvətlərini gizlədirlər.
Maraqlıdır ki, ölkədəki kommersiya bankları da külli miqdarda sərvətə malik şəxslərin adlarını gizli saxlayırlar. Onlar bunun bankların daxili maliyyə sirri olduğunu bildirir və hər hansı açıqlama verməyə icazələrinin olmadığını deyirlər.
Ekspertlər Azərbaycanda milyonçuların üzə çıxması üçün ilk növbədə maliyyə amnistiyası vacibliyini qeyd edirlər. Söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. Hansı ki, bir neçə gün öncə vergilər naziri Fazil Məmmədov da əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etməyin zəruri olduğunu vurğulamışdı.
Suallar isə hələ də açıq qalır. Məsələn, bir müddət əvvəl Bakıda daşınmaz əmlakın alqı-satqısı ilə bağlı saytların monitorinqi Bilgəh qəsəbəsində 7 otaqlı 4 milyon manata satılan villanın, yaxud Şıxov qəsəbəsində 3 milyon 600 minlik villanın varlığını göstərmişdi. Novxanıda 2,6 milyonata satılan ev, Badamdarda 2 milyon 500 minə olan ev, Novxanıda 10 otaqlı və 2 milyon 500 manata satılan villa da öz əzəməti və qiymətinin fantastik olması ilə göz qamaşdırır.
Bu qiymətə villalar tikilir və satılır, onlara müştərilər tapılırsa, deməli, Azərbaycanda sərvəti milyonlarla ölçülən imkanlı şəxslər - iri məmurlar və biznesmenlər var. Elə isə ölkədə rəsmii milyonçunun olmaması həddən artıq təzadlı vəziyyət yaradır və şübhəsiz ki, absurddur.
Ötən ilin yayında ortaya çıxdı ki, paytaxtda 16 milyon AZN (həmin dövrün məzənnəsi ilə 20 milyon 400 min ABŞ dolları) qiymətində ev satılır. Belə ki, Avropa otelinin yanında yerləşən “iqamətgah”-ın ümumi sahəsi 1 400 kvadratmetr təşkil edir. Bu cür saraya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 16 000 000 manat ödəməli olacaq.
O vaxt məlum olmuşdu ki, bu qiymətdən də aşağı, yəni 10 milyon ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.
Belə olan halda Azərbaycanda bir rəsmi milyonçunun belə olmaması kimlərinsə korrupsiya hesabına kəskin varlanmasından, əvəzində isə dövlət xəzinəsinin ciddi məbləğdə gəlirlərdən məhrum olmasından xəbər verir. Bu vəziyyətin nə qədər davam edəcəyi bəlli deyil.
Amma aydındır ki, həm neftin hasilatının, həm də neft pullarının ölkəyə axınının azaldığı bir vaxtda artıq bu məsələ ilə bağlı konkret,lətin maraqlarından çıxış edərək təsirli addımların atılması vacibdir.

Geri qayıt