Əsas Səhifə > Sosial, Manşet > Xaləddin İsgəndərov yenə də özünü tərs işlərə yönləndirir...
Xaləddin İsgəndərov yenə də özünü tərs işlərə yönləndirir...30-05-2015, 12:54 |
Düz deyiblər ki, çörək bol olarsa, basılmaz Vətən! Amma etiraf edək ki, bu çörəyin harada, hansı şəraitdə və nəyin bahasına bişirilib ərsəyə gəlməsi də vacib şərtlərdəndir. Məsələn, Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Hacıyev kücəsi, ev 55 ünvanında yaşayan vətəndaş Əflakə Məmmədova bilavasitə qonşuluqlarında yerləşən çörək sexinin fəaliyyətindən çox narahatdır. Həm də bu narahatlıq heç də əsassız deyil. Redaksiyamıza müraciət etmiş Əflakə Məmmədova ölkə rəhbərliyinə ünvanladığı ərizəsində bildirir ki, hal-hazırda o, oğlu, gəlini və iki azyaşlı nəvəsi ilə birlikdə yuxarıda göstərilən ünvanda, həyətyanı sahəsi olan evdə yaşayırlar. 2009-cu ildə Əflakə xanımın qonşusu Vəli Paşayev qonşuluqda yerləşən daha iki həyətyanı sahəni alaraq,m öz həyətinə qatıb. Bir müddət sonra isə, yəni 2010-cu ildə Vəli Paşayev öz həyətində kürə çörəkbişirmə müəssisəsi açıb. Maraqlıdır ki, bu müəssisənin açılması cəmi bir gecə vaxt tələb edib. Amma Məmmədovları ən çox narahat edən məqam budur ki, çörək sexinin bilavasitə kürə yerləşən otağı, onların evləri ilə ortaq divara malikdir. Əvvəllər bu halın müvəqqəti olacağına ümid bəsləyən Əflakə xanım bir müddət narahatlıqlara səbr edib. Lakin vəziyyətin getdikcə daha da ağırlaşdığından, 2014-cü ildən Ə.Məmmədova yaranmış problemin həlli tələbi ilə müvafiq qurumlara müraciət etməyə başlayıb. Məsələ bundadır ki, sexlə ortaq divara malik olan evdə yaz-yay aylarında kürənin istisindən oturmaq olmur. Digər tərəfdən də belə bir qonşuluq təhlükəsizlik qaydalarımna tamamilə ziddir. Eyni zamanda da, sanitar-gigiyena qaydalarına əməl olunmadığından çörək sexi müxtəlif gəmiricilərin buraya və qonşuluqdakı evlərə üz verməsinə səbəb olub. Bütün bunlar Əflakə Məmmədovanı Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə müraciət etməyə vadar edib. Lakin məlum olub ki, qonşusundan daha “çevik” tərpənən Vəli Paşayev icra hakimiyəti ilə heç bir problem yaranmaması üçün artıq lazımi tədbirlər görüb. Bu xüsusda ərizədə deyilir: “Keçən ilin yaz-yay aylarında Binəqədi rayonu icra başçısına dəfələrlə müraciət etməyimə baxmayaraq, Xaləddin müəllim məni qəbul etmədi. Əlacsız qalıb keçən ilin noyabr ayında Xaləddin müəlimin vətəndaşlarla səyyar görüşünə getdim. Öncədən gələn icra hakimiyyətinin işçilərindən kimsə Vəliyə mənim orda olduğumu bildirdiyi üçün Vəli də oraya gəldi. Mən məsələni Xaləddin müəllimə bildirmək istədiyimdə, başçı məsələdən xəbərdar olduğunu bildirdi və məni günahlandırdı: “Niyə sən evi alanda qonşunun həyətini açıb baxmamısan ki, qonşu orda nə iş görür? Bir də ki, çörəkdi də bişirir. Əgər sən bundan narahat olursansa, sənin yaşayış tərzinə uyğun deyilsə, həyəti sat Vəliyə, get başqa yerdə ev al. Mənim ixtiyarım yoxdur ki, o sexin fəaliyyətini dayandırım.”Əlbəttə ki, bir neçə milyon manat qiyməti olan evdə yaşayan Xaləddin müəllim üçün – get başqa ev al, demək çox asandır. Axı ondan heç soruşan da yoxdur ki, məmur məvacibi ilə belə bir imarəti tikdirmək necə mümkün olur? Amma mən məmur deyiləm. Sadə bir vətəndaşam. İstədiyim tək şey də özümün və ailəmin təhlükəsizliyidir. Kim bizə zəmanət verə bilər ki, evimizin divarının o biri tərəfindəki kürə hansı bir məqamdasa yanğına və ya partlayışa səbəb olmayacaq? Hələ antisanitar şəraitdə bişən çörəklərin bir gün hansısa zəhərlənmələrə və ya digər yoluxucu xəstəliklərə nədən olacağını demirəm...”Ərizənin sonunda Əflakə Məmmədova Vəli Paşayevin qanunsuz fəaliyyətinə və ona himayədarlıq göstərən Binəqədi RİH rəhbərliyinin bu məsələdə qərəzli mövqey tutmasına müvafiq instansiyalar tərəfindən obyektiv qiymət verilməsini xahiş edir.bizimdovr.az Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |