Əsas Səhifə > Sosial, Manşet > Problemlər içində itib-batan İsmayıllı

Problemlər içində itib-batan İsmayıllı


18-07-2015, 11:05
Problemlər içində itib-batan İsmayıllı
Bir neçə il öncə İsmayıllı rayonunda baş vermiş məlum hadisələrdən sonra sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov icra başçısı vəzifəsindən azad edildi. Yerli sakinlər onun yerinə təyin olunan Mirdamət Sadıqovdan rayonda mövcud olan köhnə problemləri həll edəcəyini və əhalinin rifahını yüksəldəcəyini gözləyirdilər. Lakin aradan keçən iki il ərzində İsmayıllı rayonunda müsbətə doğru heç bir dəyişiklik baş verməyib. Əksinə, Nizami Ələkbərovun xələfi rayonu yeni problemlərin ağuşuna atıb. Qeyd edək ki, Mirdamət Sadıqov bu vəzifəyə qədər Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru işləyirdi. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, geridə qalan vaxt ərzində İsmayıllı camaatı başçının fəaliyyətini heç də rəğbətlə qarşılamayıb. "O rayona başçı təyin olunandan bütün görüşlərində, tədbirlərində milyonlardan danışır ki, rayonumuza bir belə pul ayrılıb. Ancaq bizlər bu milyonlardan heç bir fayda görə bilmirik. Başçının bütün yaxın ətrafı az müddətdə varlanıb, yüksək imkan sahibi olub. Mirdamət Sadıqovdan soruşuram: bu milyonlar ayrılıbsa, hanı, ayrılmayıbsa, bu yalanları kimə deyirsiniz? Ona deyirəm ki, evim uçur, o da yanında oturan məmurlara göz vurub mənə bankada dərman təklif edir. Ona söz deyən kimi deyir ki, tez-tez qəbula gəlməyin, ürəyim xəstədir. Xəstəsinizsə, bu vəzifədə nə işiniz var? İşləyə bilmirsiniz, əl çəkin, qoyun bacaranlar işləsin", deyə narazı sakinlərdən biri şikayətində vurğulayıb. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlarda həmçinin vurğulanır ki, Mirdamət Sadıqovun gəlişi ilə İsmayıllı sözün əsl mənasında tənəzzül dövrünə qədəm qoymağa başladı: "Rayon ərazisində ən əsas problemlərdən biri içməli su ilə bağlıdır. Bilirsiniz ki, cənab prezident bütün bölgələrin su təminatının yaxşılaşdırılması üçün tapşırıqlar verir, dövlət büdcəsindən vəsaitlər ayırır. Buna baxmayaraq, İsmayıllı sakinləri susuzluqdan əziyyət çəkir. Evlərə qədər borular çəkilib, ancaq su verilmir. Səbəbini soruşanda isə aidiyyəti qurumların rəsmiləri bizi başlarından edirlər. Mavi yanacağın verilişi də bərbad haldadır. Rayonun ucqar kəndlərində hələ də qaz yoxdur. Qaz olan kəndlərə isə veriliş acınacaqlı vəziyyətdədir. Bu səbəbdən camaat yayı birtəhər keçirsə də, qışda odundan istifadə edir, meşələri qırıb yandırır. Bir vaxtlar öz sıxlığı ilə seçilən İsmayıllı meşələri indii kənardan baxdıqda səhranı xatırladır. Şəhərin yeni salınan köçkünlər qəsəbəsi də problem içindədir. Belə ki, şəhərcikdə məskunlaşmış ailələrin su ilə təminatı yaman gündədir. Qəsəbənin kanalizasiya problemi də var". Mənbənin sözlərinə görə, icra başçısı bir sıra qanunsuz işlərə imza atmaqla rayonda işsizliyin yüksək həddə çatmasına səbəb olub: "Gənclərin bir çoxu özlərinə iş tapmaqda çətinlik çəkirlər. Buna görə də onlar paytaxta üz tutub günəmuzd fəhləlik edirlər. Rayon rəhbərliyi yeni iş yerlərinin açılmasında maraqlı deyil. Mövcud olan iş yerlərində isə ancaq ona və rayonun digər məmurlarına yaxın şəxslər işləyə bilərlər. Başçı icra hakimiyyətinin binasının qarşısını abadlaşdırmaqla işini bitmiş sayır. Digər kəndlər baxımsızlıqdan bərbad hala düşüb. Başçı düzəlmiş yerləri söküb, yenidən düzəldir. Zərifə Əliyeva parkını sökdü, adını da dəyişib uşaq və gənclər parkı etdi. 2013-cü ildə prezidentin iştirakı ilə yeni avtovağzal kompleksi istifadəyə verildi, amma camaat hələ də köhnə avtovağzaldan istifadə edir. Səbəb məlum deyil. Buranın yerləşdiyi sahə sanki xarabalığı xatırladır". Əldə etdiyimiz başqa bir məlumatda icra başçısının biznes layihələrindən söhbət açılır: "Əksər məmurlar kimi, Mirdamət müəllim də vəzifədə bir qədər möhkəmlənəndən sonra biznes imkanlarını böyütmək barədə fikirləşdi. Bu məqsədlə rayonun turizmə əlverişli olan kəndlərində obyektlər tikdirdi. Bir müddət əvvəl isə rayon rəhbəri Qalacıq kəndinin ərazisində daş-çınqıl karxanası açıb istifadəyə verib. Karxanada iş gecə saatlarına kimi davam edir. Kənd sakinləri rahatlığın nə olduğunu bilmirlər. Karxananın fəaliyyətinin dayandırılması tələbi ilə dəfələrlə icra hakimiyyətinə müraciət edən sakinlər hər dəfə rədd cavabı alıblar. Başçı rayonun yeraltı sərvətlərini məhv edir. Səhərdən axşama kimi çaylarda qazıntı işləri aparılır və daşlar yığılaraq icra hakiminə məxsus karxanaya daşınır. Rayonun təbii sərvətlərinin məhv edilməsinin hesabına Mirdamət Sadıqov külli miqdarda xeyir götürür". Məlumatlı mənbələr həmçinin İsmayıllı Dövlət Təbiət Qoruğunun ərazisinin bir hissəsinin zəbt edildiyini də vurğuladılar: "İstisu kəndinin yaxınlığında yerləşən "Green House" istirahət mərkəzinin sahibi icra başçısı ilə yaxın münasibətə malikdir. Elə buna görə də dövlət qoruğunun bir hissəsini zəbt edərək istirahət mərkəzinə qatıb. Qoruğa məxsus olan sahədə kotteclər tikilib. Kotec seçimindən asılı olaraq istirahət mərkəzində bir nəfər üçün qiymət 60-120 manat arasında dəyişir. Qiymətə ancaq səhər yeməyi daxildir". Gələn saylarımızda icra başçısının nəyə görə işə çıxmaması, Bakıdakı mənzilləri və obyektləri, həmçinin hansı nüfuzlu şəxsin adından istifadə etməsi haqda şok faktları açıqlayacağıq. Hesab edirik ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov qoruğun ərazisinin zəbt edilməsinə və rayonun meşə massivinin qırılması məsələsinə öz münasibətini bildirməlidir.

Qarşı tərəfi də dinləyə bilərik.

Geri qayıt