Əsas Səhifə > Sosial, Manşet > Maliyyə nazirliyindəki fırıldaqçı şəbəkə səhiyyə nazirliyinə necə sirayət edir...

Maliyyə nazirliyindəki fırıldaqçı şəbəkə səhiyyə nazirliyinə necə sirayət edir...


24-07-2015, 10:01
Maliyyə nazirliyindəki fırıldaqçı şəbəkə səhiyyə nazirliyinə necə sirayət edir...
Artıq çoxlarına bəllidir ki, Maliyyə Nazirliyinin, konkret olaraq nazir müavini Azər Bayramovun nəzarəti altında fəaliyyət göstərən Satınalmalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi tenderlər vasitəsi ilə hər il dövlət büdcəsindən külli miqdarda vəsait təyinatdankənar xərclərə sərf olunur. Belə ki, əgər tenderlərlə bağlı deyilənlərə inansaq, o zaman ölkənin bütün səhiyyə müəssisələri beynəlxalq standartlara tam cavab verməlidir və tam olaraq təchiz olunmuş vəziyyətdə olmalıdır. Lakin müvafiq araşdırma apardıqda bunun tam əksinin şahidi olmaq mümkündür.

Məsələ ilə bağlı əldə edilən bilgilərdə qeyd olunur ki, Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyev məhz maliyyə nazirinin müavini Azər Bayramovun himayəsinə arxalandığı və onunla birlikdə fəaliyyət göstərdiyi üçün bir sıra "əməliyyat"ları tam arxayınlıqla həyata keçirir. Belə ki, Azər Bayramovun Azad Vəliyev vasitəsi ilə dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsaitlərə nəzarət etdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, maliyyə-iqtisadiyyat şöbəsinin müdiri sabiq səhiyyə naziri Əli İnsanovun kadrıdır: "Azad Vəliyev məhz Əli İnsanovun zamanında Səhiyyə Nazirliyi sistemində qısa müddət ərzində sürətli vəzifə yüksəlişinə nail olub. O, sabiq nazirin ən etibarlı kadrı kimi tanınır. Deyilənlərə görə, Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri özünü Əli İnsanova borclu hiss etdiyindən imkan düşən kimi sabiq nazirə və onun yaxınlarına əlindən gələn yardımı edir. Bundan başqa, o, bütün məclislərdə Əli İnsanovun sayəsində irəli getdiyini və daim ona minnətdar olduğunu bəyan edir".

Bu arada, mənbə onu da bildirir ki, bir müddət öncə Hesablama Palatasının auditi zamanı ən ciddi qanun pozuntularından biri Səhiyyə Nazirliyində qeydə alınıb: "Yoxlama zamanı bəlli olub ki, nazirliyin İnnovasiya və Təchizat Mərkəzində büdcə pozuntusunun həcmi 100 min manata yaxındır. Əsas mənimsəmə halları isə "Şəkərli diabet üzrə Proqram"ın, "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı"nın, "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nın, "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı"nın, "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nın icrası zamanı üzə çıxıb. Belə ki, büdcə vəsaitləri hesabına alınan preparatların xəstələr üçün pulsuz paylanması nəzərdə tutulsa da, bu işlər həyata keçirilməyib. Bir tibb müəssisəsində bir şəkərli diabet xəstəsinə düşən xərc şişirdilib, bir sıra müəssisələrdə isə bir xəstəyə düşən xərc müxtəlif olub. Bundan başqa, HİV AİDS-nin qarşısının alınması və müalicəsi üçün nəzərdə tutulan dərman preparatları və vaksinlərin böyük əksəriyyətinin istifadə olunmadığı müəyyən edilib. Səhiyyə Nazirliyinin Elm Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda aparılan yoxlamalar zamanı müəyyən olunub ki, bir nəfərə düşən qida normalarının düzgün tətbiq edilməməsi nəticəsində artıq məhsulların silgisinə yol verilib, işçilərin adına əlavə əməkhaqqı yazılıb. Avtomobillərin cari təmirdə olduğu halda, həmin günlərdə onların yanacaq sərfiyyatı haqqında qanunsuz sənədləşmə aparılıb. Həmçinin təyinatdankənar dərman, sarğı ləvazimatları və materialları silinib. Audit dövründə institutda təqribən 65 min manatlıq büdcə vəsaitini mənimsənildiyi üzə çıxıb. Hesabat dövründə 3 saylı Şəhər Klinik Xəstəxanasında aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata yaxın olub. Əsas qanun pozuntusu isə mal və xidmətlərin alışı zamanı tender qaydalarına əməl edilməməsi zamanı baş verib. Bütün dövlət müəssisələrində olduğu kimi, burada da işçilərin adından artıq əməkhaqları yazılaraq böyük həcmdə pullar silinib. Hesablama Palatasının təqdim etdiyi 115 min manat isə əlbəttə ki, baş verən neqativ halların cüzi bir hissəsidir. Qeyd edim ki, bütün bunlara görə birbaşa Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyev cavabdehlik daşıyır. Çünki dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan maliyyə vəsaitlərinə nəzarəti məhz Azad Vəliyev həyata keçirir. O, isə öz növbəsində, himayəsində olduğu şəxslə, yəni maliyyə nazirinin müavini Azər Bayramovla birgə həmin vəsaitlərin təyinatdankənar istiqamətlərə yönəldilməsinə rəvac verir. Əgər bu gün paytaxtın, eləcə də ölkənin əksər dövlət tibb müəssisələrində obyektiv və geniş miqyaslı araşdırma aparılsa, onda Səhiyyə Nazirliyinin maliyyə-iqtisadiyyat şöbəsinin müdiri Azad Vəliyevin yol verdiyi ciddi nöqsanların üstü açıla bilər. Məhz o zaman bəlli olacaq ki, o, Azər Bayramovun himayəsinə arxalandığı üçün kobud qanun pozuntusuna yol verib. Bir sözlə, Azad Vəliyevin fəaliyyəti yoxlanılsa bir çox mətləblərə aydınlıq gətirilə bilər".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt