Əsas Səhifə > Sosial, Manşet > Azərbaycanda pambıqla baş kəsənlər...
Azərbaycanda pambıqla baş kəsənlər...29-07-2015, 10:24 |
Son günlər Azərbaycanda bir zaman ən gəlirli və ən inkişaf etmiş sahələrdən hesab olunan pambıqçılıqla bağlı mənfi statistika ciddi müzakirə mövzusudur. Mətbuatda və iqtisadçılar arasında ölkə pambıqçılığının belə dərin böhran keçirməsinin səbəbləri müzakirə olunur, bununla bağlı müxtəlif mövqelər açıqlanır, araşdırma yazıları dərc edilir. İndi isə artıq bu məsələdə də bəzi məmurların da korrupsiya maraqlarının həlledici rol oynadığı aydınlaşıb. Belə ki, kənd təsərrüfatı üzrə tanınmış mütəxəssis Vahid Məhərrəmli pambıqçılığın yaşadığı tənəzzülün rəqəmlərdə ifadəsini ortaya qoyub və səbəblərini göstərib: "Dövlət Statistika komitəsinin son məlumatına əsasən 2015 -ci ildə əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 4,1 min hektar azalaraq 18,8 min hektar təşkil edib. Bu o deməkdir ki, yüngül sənayenin əsas xammal bazasını təşkil etməklə yanaşı yüksək əlavə dəyər yaradan çox mühüm bir sahə, pambıqçılıq artıq sıradan çıxarılır. Onu da qeyd etməliyəm ki, 1990-cı ildə indikindən 14 dəfə çox ərazidə, 264 min hektar sahədə pambıq əkini ilə məşğul olunduğu halda, sonrakı illərdə ciddi səbəb olmadan əkin sahələri sürətlə azalmağa başladı. Belə ki, əkin sahəsi 2000-ci ildə 101min hektar, 2005 -ci ildə 112 min hektar, 2010-cü ildə isə 30 min hektara düşdü. Xüsusən 2010 -cu ildə Milli Məclis "Pambıqçılıq haqqında Qanun" qəbul etdikdən sonra bu sahəyə maraq kəskin azalıb. Qeyd olunduğu kimi bu il artıq əkin sahəsi 18,8 min hektara düşüb. Ölkəmizdə son 80 ildə pambığın əkin sahəsi bu qədər az olmayıb. Əkin sahələrinin ciddi azalması öz növbəsində istehsalın da kəskin azalmasına səbəb olub. Belə ki, 1990-cı ildə pambıq istehsalı 542, 9 min ton olduğu halda beş il sonra bu göstərici 2 dəfə, sonrakı illərdə isə daha çox azalmışdı. Son on ilin istehsal göstəriciləri isə bu sahənin tam bərbad hala düşdüyündən xəbər verir. On il əvvəl, 2005-ci ildə 196,6 min ton pambıq istehsal olunduğu halda keçən il bu göstərici 40,6 min tona düşüb. Onu da xüsusi qeyd edim ki, Azərbaycanın iqtisadi durumu çətin olan zamanda, 1995 -ci ildə ölkəyə pambığın satışından 116,8 milyon dollar vəsait daxil olduğu halda 2014-ci ildə bu rəqəm 8,2 dəfə azalaraq 14,2 milyon dollar təşkil edib. Keçən əsrin 90-cı illərin ortalarında bu qədər vəsaitin nə dərəcədə ölkə üçün əhəmiyyətli və vacib olduğunu hesabdan başı çıxan adamlar yaxşı dərk edir. Onu da nəzərə almaq lazımdır ki, 1995-ci ildə mahlıcın qiyməti dünya bazarında indi mövcud olan qiymətdən 35 faiz aşağı idi. Son zamanlar kənd təsərrüfatının digər subsektorlarında olduğu kimi bu sahədə də idxala meyillilik artmaqda davam edir. Belə ki, 2014-ci ildə 2,8 milyon ABŞ dolları dəyərində ölkəyə pambıq, 12,9 milyon dollar dəyərində isə pambıq, keçə və toxunmamış materiallar; xüsusi iplik və onlardan alınmış məmulatlar idxal edilmişdir. Pambıq istehsalının inkişafı özü ilə bərabər sənayenin, emal müəssisələrinin yaradılmasına və işləməsinə imkan yaradır. Sovet hökumətinin vaxtında Azərbaycanda bu istiqamətdə bir çox istehsal müəssisələri yaradılmışdı. Təssüflər olsun ki, həmin müəssisələrin əksəriyyəti süni sürətdə "müflis" elan edilərək dağıdıldı və hökumət məmurları tərəfindən dəyər-dəyməzinə mənimsənildi. Əldə olunan statistik məlumatlara əsasən, hələ 1995 -ci ildə sənaye müəssisələrində 98, 5 min ton mahlıc istehsal olunduğu halda 2013-cü ildə bu rəqəm 8 dəfə azalaraq 12,1 min ton təşkil edib. Pambıq parça istehsalı da Azərbaycanda analoqu olmayan səviyyəyə enib. Belə ki, 1995-ci ildə ölkədə 57,9 milyon kvadrat metr pambıq parça istehsal olunmuşdursa, 2013-cü ildə bu göstərici 52 dəfə azalaraq 1,1 milyon kvadrat metrə enib. Rəqəmlərdən göründüyü kimi, bu məhsulun istehsalının ciddi şəkildə azalması ölkənin bu sahədən əldə etdiyi xarici valyutanın azalması ilə yanaşı, həm də fermerlərin gəlirlərinin azalmasına və sənaye müəssisələrində çalışan çoxlu sayda işçilərin iş yerlərini itirməsinə səbəb olub. Təəssüflər olsun ki, bu hələ son deyil. Belə ki, yuxarıda qeyd etdiyim kimi bu il əvvəlki ilə nisbətən əkin sahəsi 4,1 min hektar azalıb. Bölgələrdən əldə olunan məlumatlar onu deməyə əsas verir ki, bu il pambıqçılıqda məhsuldarlığın aşağı düşəcəyi gözlənilir. Bunu pambıqçılıqla məşğul olan fermerlər maliyyə və su çatışmazlığı ilə əlaqələndirirlər." Bir sözlə, problemin kökündə məmurların pambıqçılıqla bağlı istehsal müəssisələri ətrafındakı korrupsiya mahiyyətli oyunbazlıqlarının əsas rol oynadığı anlaşılır. Ölkənin ən ciddi aqrar sahələrindən birinin hansısa vəzifəli şəxslərin maraqlarının güdazına getdiyi göz önündədir. Belə məmurların cəzasız qalması isə şübhəsiz, narahatlıq doğurur. Geri qayıt |