Əsas Səhifə > Sosial, Manşet > Əsəbdən müalicə alanların əsəblərini necə gərildirlər...
Əsəbdən müalicə alanların əsəblərini necə gərildirlər...30-07-2015, 09:38 |
Buzovna qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı ruhi-əsəb internat evində baş verən bir çox qanun pozuntularına dair tənqidi materiallar dərc etmişdik. Məlum olduğu kimi bir müddət əvvəl bu müəssisənin rəhbərliyində dəyişiklik olmuşdur. İnternat evinə yeni direktor təyin olunmuş Rəhimə xanımın bu vəzifəyə gəlişinə bir çoxları yeni ümidlər bağlamışdı. Təbii ki, ilk növbədə də bu müəssisənin sakinləri. Artıq qeyd olunduğu kimi, 9 saylı ruhi-əsəb internat evində əsasən xüsusi qayğıya ehtiyacları olan ruhi-əsəb əlilləri və yaxınlarının qayğısından bu və ya digər səbəblər üzündən məhrum olmuş ahıl insanlar məskunlaşıblar. Əldə ediyimiz məlumatlara görə 217 yerlik internat evində hazırda 207 nəfər ruhi-əsəb əlili yaşayır. Təbii ki, dövlətimizin belə insanlara xüsusi diqqət və qayğı ilə yanaşması, onların zəruri tələbatlarının büdcə vəsaitləri hesabına ödənilməsi təqdirəlayiq haldır. Bundan başqa isə, artıq xeyli müddətdir ki, bu internat evi həm də xeyriyyəçi insanların hər zaman diqqət mərkəzindədir. Belə ki, bayramlarda, xüsusi günlərdə bura imkanlı adamlar kifayət qədər böyük məbləğlərdə ifadə olunan maddi yardımlar göstərirlər. Lakin etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə internat evinin rəhbərliyinin dəyişilməsilə bu müəssisənin sakinləri heç nə əldə etməyiblər. Aldığımız məlumatlarda bildirilir ki, 9 saylı internat evinin yeni direktoru Rəhimə xanım da rəhbərlik etdiyi müəssisədə öz xələfindən “miras” qalmış bir çox qanunsuz əməlləri həyata keçirməkdə olduğu kimi davam edir. Belə ki, açıqlamalara görə müəssisənin sakinləri əvvəllər olduğu kimi, bu gün də diqqətsizlikdən əziyyət çəkirlər. Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış əlillər, qocalar və ruhi-əsəb xəstələri dövlətin, ictimai qurumların və ayrı-ayrı şəxslərin göstərdikləri qayğıdan yararlana bilmirlər. Baxmayaraq ki, həm yerli, həm də xarici təşkilatların rəsmiləri vaxtaşırı olaraq internat evinə yardımlar da göndərirlər, əksər hallarda bu yardımlar internat evinin sakinlərinə çatmır. İnternat evinin fəaliyyətinə dair aldığımız açıqlamalardan birində deyilir: “Burada xəstələrə ağrıkəsicilər və digər dərmanlar verilmir, müəssisənin həyətində mağaza və ya aptek yoxdur. Bu üzdən sakinlər ehtiyac duyduqları bir şey və ya dərman aldırmaq üçün yaxınlarının gəlməsini gözləmək məcburiyyətindədirlər. Əlillərin qidasına ayrılan vəsaitin dövlətin müəyyənləşdirdiyi həddən xeyli az olduğunu görə bilərik. Bu onu göstərir ki, xüsusi həssas qrupa daxil olan və qida rasionu müxtəlif vitaminli məhsullarla zəngin olmalı olan əlillərə ayrılan vəsaitlərdən onlar üçün sadəcə fiziki mövcudluqlarını təmin edəcək qədər xərclənir. İnternat evinin hazırki direktoru Rəhimə xanım daha əvvəl Göygöl 8 saylı əqli və fiziki qüsurlu insanların yaşadığı internat evinə rəhbərlik edirdi. Orada işləyəndə müəssisənin fəaliyyəti barədə olduqca xoşagəlməz söz-söhbətlər yayılmışdı. Başa düşülən deyil ki, hansı təqdirəlayiq xidmətinə görə Rəhimə xanım paytaxtdakı eyni profilli, lakin daha böyük kontingenti olan müəsisəyə rəhbər vəzifəyə irəli çəkildi. Nəticə də bu oldu ki, xanım direktor 8 saylı müəssisədə topladığı oğru idarəçiliyi təcrübəsini 9 saylı müəssisədə “uğurla” tətbiq etməyə başladı. İş o yerə çatıb ki, xəstələr sabun, yuyucu toz və başqa bu kimi gigiyena vasitələrini istəyəndə də direktor onlara deyir ki, zəhmət çəkin, pensiyanızdan xərcləyin, öz pulunuzla alın!” Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, 9 saylı ruhi-əsəb internat evində vəziyyətin normallaşması üçün daha bir rəhbərlik dəyişikliyinə ehtiyac var. Geri qayıt |