Əsas Səhifə > Sosial, Manşet > Göygöldə qanunlar necə pozulur...

Göygöldə qanunlar necə pozulur...


8-08-2015, 11:30
Göygöldə qanunlar necə pozulur...
Mövzuya dair dərc etdiyimiz materiallarda biz artıq dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin əsas ictimai sosial-məişət problemlərinin həllini üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. İlk növbədə qeyd olunmalıdır ki, bu gün əksər regionlarda nəticə etibarı ilə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Digər tərəfdən isə bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksəriyyət bələdiyyə strukturları da imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız rəsmi tədbirlərin gedişi zamanı müşahidə olunur. Redaksiyamıza daxil olan növbəti məlumatlarda da Göygöl rayonu Quşqara kənd bələdiyyəsinin sədr müavini Şahbaz İbrahimovun vəzifə səlahuyyətlərini aşaraq qanunsuz əməllər törətdiyi iddia olunur. Qeyd edək ki, bir müddət əvvəl də redaksiyamıza Quşqara bələdiyyəsinin yarıtmaz fəaliyyəti, o cümlədən məxsusi olaraq Şahbaz İbrahimovun törətdiyi özbaşınalıqlar barədə açıqlamalar təqdim olunmuşdu. Təəssüflər olsun ki, yerli mənbələr Şəmil Əliyevin sədlik etdiyi bu yerli özünü idarə orqanı barədə heç də ürəkaçan məlumatlar təqdim etmirlər. İlk növbədə iddia olunur ki, bu bələdiyyə hətta bütün rayonda xüsusi “bahacıllığı” ilə ad çıxarıb. Şəxsən Şahbaz İbrahimovun özünə gəlincə isə, məlumatlarda bu məmurun bələdiyyədə bütün rüşvət yığımlarını həyata keçirdiyi təsdiq olunur. Həm də sədr müavininin pulu öz iş otağında deyil, çayxanalarda almağa üstünlük verdiyi vurğulanır. Yeri gəlmişkən mənbələr Şahbaz İbrahimova məxsus olan və barəsində sökülmə qərarı verilmiş ev məsələsinə də müəyyən qədər aydınlıq gətiriblər. Bu xüsusda göstərilir ki, hələ 2013-cü ilin yanvar ayında, Azərbaycan Respublikasının Ali məhkəməsinin qərarına əsasən bu qanunsuz tikili sökülməli idi. Həm də bu işin icrası onun öz hesabına həyata keçirilməli idi. Göygöl rayon İcra xidmətinin məmurları evin sökülməsi ilə bağlı dəfələrlə Ş.İbrahimovla görüşsələr də, o, hər dəfə bir bəhanə gətirərək evin sökülməısini ləngidir. Gah kənd camaatının evin sökülməsinə etiraz etdiklərini iddia edir, gah da ki, başqa bəhanələr gətirir. Ş.İbrahimova məxsus həmin ev əslində Qaz İstismar İdarəsinə (Qİİ) aid olan ərazidə qeyri-qanuni tikilmiş 3 evdən biridir. Elə məhkəmənin sökülmə haqda qərarı da məhz bu məqama əsaslanmışdır. Lakin bu qərarın icrasının ləngiməsi bu günədək davam edir. Maraqlıdır ki, digər iki evin sahibi məhkəmənin haqlı qərarı ilə razılaşdıqları halda, Şahbaz İbrahimov hələ də onun icrasına müqavimət göstərir. Hətta iş o yerə gəlib çıxıb ki, məhkəmə qərarının icrasını təmin etməməsi səbəbindən, Quşqara bələdiyyəsinin sədr müavini bir həftəlik həbs cəzasına da məruz qoyulub. Bu günlərdə rayondan aldığımız yeni məlumatda isə bildirilir ki, cəzadan yaxa qurtarmaq üçün Şahbaz İbrahimov saxlanıldığı yerdə “ürək tutması”nı simulyasiya edərək, oraya təcili tibbi yardım briqadasını gətirdib. Bundan sonra isə, “xəstə” özünün tibb müəssisəsinə köçürülməsinə nail olub. Məlumatda bildirilir ki, Şahbaz İbrahimov hazırda cəzasını xəstəxanada çəkməkdə davam edir...

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt