Əsas Səhifə > Sosial, Manşet > Oqtay Şirəliyev Laçın səhiyyəsinə bir nəzər salsın...

Oqtay Şirəliyev Laçın səhiyyəsinə bir nəzər salsın...


3-09-2015, 11:09
Oqtay Şirəliyev Laçın səhiyyəsinə bir nəzər salsın...
Laçın Rayon Mərkəzi Xəstəxanasının (RMX) fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatında və qəzetimizin səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur. Eləcə də redaksiyamıza daxil olan məlumatlarda xəstəxananın baş həkimi Rauf İsfəndiyarovun yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Məlumatlarda bildirilir ki, Laçının səhiyyə sistemi bu gün olduqca bərbad haldadır. Belə vəziyyətin yaranmasını isə şikayətçilər birbaşa RMX-nın baş həkiminin fəaliyyəti ilə bağlayırlar. Rayon sakinlərindən aldığımız şikayət məktublarında bildirilir ki, rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni pensiya almaları ilə bağlıdır. Sakinlərin xüsusi narazılığını doğuran daha bir fakt kimi xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlər göstərilir. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Məlumatlarda göstərilir ki, Laçın rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə bağlı təlimatları kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Belə ki, şəkərli diabet xəstələrinin pulsuz müalicəsi və dərman preparatlarının verilməsində əhali arasında son bir neçə aydır kı, hədsiz narazılıqlar baş qaldırıb. Bunlara səbəb isə əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanların və lazım olan şəkər analizi üçün çubuqların verilməməsi, yaxud pulla satılmsıdır. Digər tərəfdən də mərkəzi xəstəxanada “ölü canlar” saxlanılır, yəni saxta xəstəlik tarixləri açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Artıq qeyd olunduğu kimi, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanası müvəqqəti olaraq Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşir. RMX-nın tabeliyində isə, 18 xəstəxana, 19 ambulator poliklinika, 83 feldşer məntəqəsi və 1 təcili tibb yardım məntəqəsi fəaliyyət göstərir. Mənbələr isə iddia edirlər ki, RMX-də Rauf İsfəndiyarov tərəfindən “planlaşdırılan” çeşidli maxinasiyalar, rayonun bütün digər tibb müəssisələrində də həyata keçirilir. Digər tərəfdən də mənbələrin iddialarına görə, bəzi həkimlərin səriştəsizliyi və baş həkimin məsuliyyətsizliyi səbəbindən bu gün rayonda ana və uşaq ölümü hallarının sayı çoxalıb. RMX-nın doğum şöbəsində isə rüşvətxorluq indiyədək görünməmiş həddə çatıb. Apteklərlə həkimlər arasında şifahi bağlanmış “müqavilələr” xəstə sahiblərini müalicə üçün ehtiyac olmayan dərmanları zəmbil-zəmbil almağa vadar edir. Bir sözlə, Laçın səhiyyəsi bu gün sırf Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovun öz qaydaları əsasında fəaliyyət göstərir. Rayon sakinləri isə bu qaydaların rayon səhiyyəsini iflasa uğratdığına əmin olduqlarını bildirirlər. Ümid edirik ki, Səhiyyə Nazirliyinin rəhbərliyi irəli sürülən ittihamların ciddiliyini nəzərə alaraq, ən qısa zamanda Laçın Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətini təftiş etmək üçün lazımi göstərişləri verəcəkdir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt