Əsas Səhifə > Sosial, Manşet > Gəncədə şıdırğı təhsil alveri...

Gəncədə şıdırğı təhsil alveri...


16-09-2015, 09:01
Gəncədə şıdırğı təhsil alveri...
bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan gözlənilən mütərəqqi nəticələr də, məhz rəhbərliyində səriştəsiz və məsuliyyətsiz kadrların durduğu bəzi tədris müəssisələri üçün əlçatmaz olaraq qalır. Bu baxımdan Gəncə Dövlət Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalovun fəaliyyəti də yerli ictimaiyyət tərəfindən qeyri-qənaətbəxş kimi qiymətləndirilir. Redaksiyamıza daxil olan məlumatlara görə peşə təlimi, musiqi müəllimliyi, təsviri incəsənət müəllimliyi, ailə və ev təhsili, məktəbəqədər təlim və tərbiyə, dizayn, maliyyə işi, eləcə də bədən tərbiyəsi və idman ixtisasları üzrə mütəxəssislər hazırlayan Gəncə Dövlət Humanitar Kollecində bir çox xoşagəlməz hallar yaşanmaqdadır. Kolleclə bağlı məlumatları təqdim edən mənbə iddia edir ki, yeni tədris ilinin başlanması da artıq bu təhsil müəssisəsində bir sıra neqativ təzahürlərlə əlamətdar oldu. Belə ki, təqdim edilən açıqlamaya görə, kollecə yeni daxil olmuş tələbələrdən tələbə biletlərinin verilməsinə görə 20 manatdan pul yığılıb. Eyni zamanda da gənclərin nəzərinə çatdırılıb ki, sessiya imtahanlarına hazırlıqlarını indidən görməyə başlasınlar. Bu hazırlıq isə, tələb olunan məbləği yığmaqdan ibarətdir. Artıq ötən saylarımızda da qeyd etdiyimiz kimi, semestr imtahanları zamanı rəhbərlik tərəfindən müəllimlər tələbələrdən 300 manat məbləğində rüşvət tələb etməyə məcbur edilirlər. Bu xüsusda aldığımız məlumatlarda deyilir: “Semestri uğurla, problemsiz başa vurmaq istəyən tələbə mütləq tələb olunan 300 manatı verməlidir. Əks təqdirdə, kollecin direktoru müəllimləri, müəllimlər də məcburiyyət qarşısında qalıb tələbələri sıxma-boğmaya salacaq, onlar üçün arzuolunmaz problemlər yaradacaq...” Həmçinin ötən materiallarda biz vurğulamışdıq ki, Gəncə Dövlət Humanitar Kollecində müxtəlif səpkili özbaşınalıqlar hökm sürdüyündən, artıq tələbələrlə yanaşı, müəllimlərin də bir qismi direktorun əməllərinə, yol verilən ciddi nöqsanlara etiraz edirlər. Bu narazılıqlara səbəb olan amillərdən biri kimi kollec direktorunun qeyri-ixtisas fənlərinə görə müəllimlərin dərs keçdiyi saatların pulunu onlara verməkdən imtina etməsi göstərilir. Məlumatlarda bildirilir ki, direktor həmin dərs saatlarını kollecdə çalışan 3-5 nəfər tanışının adına yazdırır, sonra isə həmin pulları mənimsəyir. Halbuki həmin dərs saatlarını digər müəllimlər keçirlər. Məlum olduğu kimi Fəxrəddin Zeynalov 2012-ci ildən Gəncə Dövlət Humanitar Kollecinin direktoru vəzifəsinə təyin olunub. Lakin aradan artıq üç ilə yaxın bir müddət ötsə də, yerli mənbələrin təqdim etdikləri məlumatlarda bu dəyişikliyin heç bir müsbət nəticəyə səbəb olmadığı bildirilir. İddialara görə bu gün Gəncə Dövlət Humanitar Kollecində istər imtahanların nəticələri, istərsə də kollecin ümumilikdə idarə olunması əməlli-başlı gəlir mənbəyinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti son vaxtlar tamamilə dəyişib. Bu və ya digər fənn üzrə imtahandan yalnız pulla qiymət almağın mümkünlüyünü görən tələbələr dərsə davamiyyətə məhəl qoymurlar. Deyilənlərə görə bir çox tələbələrin adı jurnalda getsə də, özlərininkollecdə görmək mümkün deyil. Dərslərdə iştirak etməməyin aylıq xərci isə 100 manatdır...

Məsələyə dair kollecin rəhbərliyinin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt