Əsas Səhifə > Sosial, Manşet > Azərbaycanda növbəti bahalaşma həyəcanı möhtəkirləri necə hərəkətə gətirib...

Azərbaycanda növbəti bahalaşma həyəcanı möhtəkirləri necə hərəkətə gətirib...


17-09-2015, 09:55
Azərbaycanda növbəti bahalaşma həyəcanı möhtəkirləri necə hərəkətə gətirib...
Fevral devalivasiyasından sonra dəyərdən düşən manatın fonunda ölkədə bahalaşmanın olacağı proqnozlaşdırılırdı. Ekspertlər bəyan edirdilər ki, baş verənlər fonunda qiymət artımı qaçılmazdır. Lakin hökumətin nəzəri və praktiki deyil, inzibati yolla qiymət artımını önləməsi real bahalaşmanın qarşısını bir müddət ala bildi.

JAM.AZ xəbər verir ki, Avropa Yay Oyunlarına qədər qiymətləri sabit saxlayan hökumət, ondan sonrakı dönəmdə prosesə nəzarəti əldən verməyə başladı. Səbəb isə xaricdən gətirilən mal və məhsulların dollarla alınması və nəticədə, məhsulun maya dəyərinin «şişməsi»ydi.

Artıq iyul ayından Azərbaycandakı dükan və bazarlarda mal və məhsulların qiymətlərinin artdığı müşahidə olunurdu. İlk olaraq «Azərsun» və «Veysəloğlu» kimi iri şirkətlər qiymət artımına getməli oldular. Hər iki şirkətin açıqlamalarından başa düşülən o idi ki, əgər bu addımı atmasaydılar, gəlirləri xeyli aşağı düşməklə yanaşı, həm də iflas təhlükəsi yaşaya bilərdilər.

Qeyd edək ki, bahalaşma ilə bağlı daha bir xəbər yayılıb. JAM.AZ xəbər verir ki, şəhərdə fəaliyyət göstərən dükan və marketlərin əksəriyyəti indidən daha çox mal və məhsul alaraq, oktyabr ayına hazırlaşırlar. Onların verdiyi məlumata görə, oktyabrın 10-dan sonra qiymətlər daha 20 faiz bahalaşacaq və bu səbəbdən də indidən özləri üçün stok yaradırlar.

Bildirək ki, əgər bahalaşma baş verərsə, bu əhalinin maddi imkanlarının daha dəhşətli duruma düşməsinə gətirib çıxaracaq. Həmçinin növbəti qiymət artımı cəmiyyətdə narazılığın artmasına və etirazların başlamasına səbəb ola bilər. Çünki fevral devalivasiyasından sonra ağır duruma düşmüş insanlar bu dəfəki bahalaşmanı çəkə bilməyəcək və məcburiyyətdən hökumətə yürütdüyü siyasətdən dolayı etirazını bildirməyə başlayacaq.

Geri qayıt