Əsas Səhifə > Sosial, Manşet > Azərbaycan məmurlarının falçı dostları

Azərbaycan məmurlarının falçı dostları


4-11-2015, 08:59
Azərbaycan məmurlarının falçı dostları
Azərbaycanda falçılıq və cadugərlik ləğv edilir. Bu qənaətə Dinin Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının bugünki açıqlamasından sonra gəlmək olar.

Komitə sədri bildirib ki, dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı Azərbaycanın DQİDK tərəfindən qərar layihəsi hazırlanır (apa).

Qərar layihəsinin Nazirlər Kabinetinə təqdim olunacağını deyən M. Qurbanlı qeyd edib ki, bu qərarın qüvvəyə minməsi ilə eyni zamanda falçılıqla məşğul olanların da fəaliyyəti qadağan olunacaq: “Səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir”.

Komitə sədri bildirib ki, belə hallara yol verən şəxslər həmin qərar əsasında ciddi cəzalandırılacaqlar.

Hazırda Azərbaycanda falçılıq və cadugərlik olduqca geniş yayılıb. Onlara maraq göstərənlər isə heç də ancaq sadə vətəndaşlar deyillər. Qaynar.info-nun məlumatına görə, vəzifəli şəxslər də falçı və cadugərlərin xidmətindən geniş istifadə edirlər.

Bunu heç falçı və cadugərlərin özləri də gizlətmirlər. Məsələn, hələ 4 il öncə hazırda Fransada yaşayan ABU-nun sabiq rektoru Elşad Abdullayevin mətbuatda dərc olunan açıqlamalarına dair araşdırmalar aparılarkən onun falçılarla “işgüzar” münasibətlərdə olması faktı da üzə çıxmışdı. Belə ki, onun hər addımında falçı Qalina, falçı İmamirə və digər öncəgörənlərin məsləhəti ilə hərəkət etməsi bəlli olmuşdu. O da üzə çıxmışdı ki, E.Abdullayevin falçılarla əlaqələrini Bakı Şəhər İcra Hakimiyyətinin Kino Xidmətinin rəisi Nəriman Ağayev qurub.

Həmçinin aydın olmuşdu ki, Azərbaycanın xeyli sayda yüksək vəzifəli məmurları falçıların diqtəsi ilə hərəkət edirlərmiş. Bu barədə vaxtilə elə Elşad Abdullayevin özünün sponsorluğu ilə çap olunan və qazaxlı İmamirəyə həsr olunan jurnalda heyrətamiz faktlar vardı.

Məsələn, jurnalın həmin sayından belə məlum olurdu ki, ölkənin kifayət qədər yüksək vəzifəli şəxsləri falçı İmamirə haqqında ağızdolusu danışıblar.

Yeri gəlmişkən, 2008-ci ildə işıq üzü görən dərginin buraxılışının hüquq məsləhətçisi kim olsa yaxşıdır? Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov!

***

HAŞİYƏ:

Qazaxlı İmamirə anası Balaxanım xanımın ruhunu müqəddəs elan edib və indi də özü cindarlıqla, falçılıqla məşğuldur. Onun Qazaxda yaşadığı məkanı falçısevərlər “Balaxanım ananın ocağı” adlandırırlar.

***

İndi isə vəzifəlilərin falçı İmarə haqqında dediklərindən:

Deputat, Bədən Tərbiyəsi Akademiyasının rektoru Ağacan Əbiyev: “İmamirə xanım böyük qüvvə sahibidir. Hiss eləyir ki, deyəsən Ağacan müəllimin kefi saz deyil və ya nəsə bir çətinliyi var, gəlir ki, mən sənə lazımam. Bax, o zaman İmamirə xanımın elədiyi kömək effektli olur. Bir dəfə vəziyyətim yaxşı deyildi, İmamirə xanım gəldi, ”ay ölüm, ay canım, ay qurban olum" deyərək əlini kürəyimə çəkdi. Bundan sonra doğrudan da özümü yaxşı hiss etdim".

Deputat Səməd Seyidov: “İmamirə xanımda qeyri-adi ruhi qüvvə var. Bu qüvvəyə inamım məni həmişə şər qüvvələrdən xilas edib. İmamirə xanımın ruhi qüvvəsinin möcüzələrini mən həmişə öz üzərimdə duymuşam”.

Deputat Rəbiyyət Aslanova: “Bu ocaq bizləri həmişə bəd nəzərlərdən qoruyub, ailəmizə şəfa və uğur gətirib. Balaxanım ananın ruhu toxunulmazdır. Özünü dərk eləməyən insan bu ruhun qüvvəsini duya bilməz... İmamirə xanımın ruhi qüvvəsinə ailəlikcə etiqad edirik. Qoy, bu ruhi qüvvə xeyirxah, inamlı insanlara uğurlar gətirsin”.

Polis polkovniki Möhübbət Hüseynov: “Balaxanım ana ocağı dünyanın ən sınanmış ocağıdır. Mən Qazaxa polis rəisi gələn ilk gündən bu ruhun varlığına inanıram”.

Təhsil Nazirliyinin İcra Aparatının keçmiş rəhbəri, hazırda təhsil nazirinin müşaviri İlham Pirməmmədov: “Balaxanım ananın insanlara daim işıq saçan ruhu həmişə mənimlədir”.

Bu ilin avqustunda isə Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunaraq barəsində barəsində 7 il azadlııqdan məhrumetmə cəzası çıxarılan falçı Saraxanımın isə məmurlarla dost olduğu, onların adlarından faydalanaraq vətəndaşların pullarını mənimsədiyi üzə çıxmışdı.

Bir sözlə, ölkədəki vəzifəlilərin falçılarla əlaqələrini göstərən faktlar kifayət qədərdir.

Araşdırmalarımız həm də onu göstərr ki, Azərbaycanda məmurları falçılara bağlayan iki tel var. Bunun biri məmurların öz talelərindən və karyeralarından keçirdikləri narahatlıqdır. Onlar gələcəkdə başlarına nə gələcəyini – vəzifə pillələri ilə yüksələcəklərini, yoxsa “vurulacaqlarını” öyrənmək həvəsi ilə falçı qapısına yollanırlar.

Bəzən vəzifə baxımından öz yerində sayan hansısa məmur hesab edir ki, ona cadu olunub, ona görə də karyera pillələri ilə sürətlə qalxa bilmir. Belədə həmin cadunu sındırmaq üçün cadugərlərə üz tutan məmurlar az deyillər.

Məmurlarla falçıları bir-birinə bağlayan ikinci ikinci tel isə əksər falçıların məhz müəyyən məmurların himayəsi altında fəaliyyət göstərməsidir. Bu ortaqlıqdan hansısa vəzifəli şəxs pul, qarşı tərəf isə öz fəaliyyətinə təhlükəsizlik təminatı əldə edir.

Bu məqam sizə absurd görünə bilər, amma hesablamalar aydın və dəqiq şəkildə göstərir ki, falçılıq və cadugərlik fəaliyyəti yetərincə gəlirlidir. Hələ bir neçə il əvvəl (daha dəqiq desək, 2013-cü ildə) İqtisadiyyat və Sosial Araşdırmalar mərkəzinin nümayəndəsi Vüqar Bayramov "Exo" qəzetinə açıqlamasıında demişdi ki, Azərbaycanda falçılıq və cadugərliyə 2012-ci ildə 200 milyon manat pul xərclənib. Onun sözlərinə görə, bu əvvəlki illərlə nisbətdə fantastik artımdır. "Əvvəllər bu göstərici daha aşağı idi. Xərclənən məbləğ heç 100 milyon manata çatmırdı. Ancaq ötən il apardığımız monitorinq bizi pis mənada təəccübləndirdi. Göstərici 2 dəfədən də artıq artmışdı", - deyə ekspert bildirmişdi.

***

DAHA BİR HAŞİYƏ:

Maraq üçün deyək ki, Rusiyada hər il ekstrasenslərə 30 milyard dollara qədər pul xərclənir.

***

Qayıdaq Azərbaycanda cadugərliyə və falçılığa xərclənən pullara. İstisna edilmir ki, 3 il əvvəllə müqayisədə ölkəmizdə bu cahiliyyə fəaliyyətinə xərclənən pulların məbləği nəinki azalıb, hətta artıb.

Belədə, falçı və cadugərlərin fəaliyyətində hansısa məmurun maraqlı olmasından təbii nə var?!

Geri qayıt