Əsas Səhifə > Sosial, Manşet > Eldar Mahmudovun bacısı oğlunun Qazaxdakı ortağı da iflasa uğrayıb...

Eldar Mahmudovun bacısı oğlunun Qazaxdakı ortağı da iflasa uğrayıb...


5-11-2015, 08:48
Eldar Mahmudovun bacısı oğlunun Qazaxdakı ortağı da iflasa uğrayıb...
Redaksiyamıza yeni daxil olmuş növbəti məlumatda «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun fəaliyyətində yol verdiyi müxtəlif qanun pozuntularına dair açıqlamalar əks olunub. Bu barədə məlumatı təqdim edən mənbə bildirir ki, Zeynal Əhmədov rəhbərlik etdiyi qurumun fəaliyyətini yalnız öz şəxsi mənafeyləri baxımından yönəltməkdədir. Məsələn, iddiaya görə «SOCAR Petroleum» QSC-dən bu terminal bazasına göndərilən neft, benzin, sürtkü, yağ və digər yanacaq məhsulları direktorun şəxsi seçımı əsasında satış məntəqələrinə paylanır. Yəni yanacaq məhsullarının hansı məntəqələrə paylanacağını baza rəhbəri özü müəyyənləşdirir və bu zaman nə QSC-nin nə də istehlakçıların maraqları qətiyyən nəzərə alınmır. Bu səbəbdən də bəzi satış məntəqələri və yanacaqdoldurma stansiyaları bazadan neft məhsulları almaqda böyük çətinlik çəkirlər. Mənbə bildirir ki, Qazaxda, Şəmkirdə, eləcə də Gəncəbasar bölgəsinə daxil olan digər rayonlarda təsərrüfatla məşğul olan insanların yanacaq məhsullarına tələbatı olduqca yüksəkdir. Bu isə, baza direktoruna müəyyən spekulyasiyalar etməyə geniş imkanlar yaradır. Bununla da Zeynal Əhmədov təsərrüfatların işinə süni əngəllər yaratmış olur. Digər tərəfdən isə, açıqlamalarda baza direktorunun həyata keçirdiyi maxinasiyalar sayəsində hazırda Qazaxın ən zəngin şəxslərindən birinə çevrildiyi vurğulanır. Bildirilir ki, tutduğu vəzifənin ona verdiyi imkanlardan yetərincə yararlanan Zeynal Əhmədov özünə böyük biznes şəbəkəsi yaradıb. Belə ki, o, rayon maliyyə idarəsinin yanında yerləşən obyektinin birini «Finca» BOKT-yə (bank olmayan kredit təşkilatı) icarəyə verib. Yeri gəlmişkən, aldığımız məlumatda bu məmurun kommersiya obyektlərinin fəaliyyəti səbəbilə də vətəndaşların narahatlıq keçirdikləri qeyd olunur. Məsələn, «Finca» BOKT-yə icarəyə verilmiş bina RPŞ-nin pasport qeydiyyatı şöbəsinə girişin qarşısını kəsib. Bundan başqa isə, baza direktorunun son illərdə sahib ola bildiyi mülk və obyektlərin sırasında Qazax şəhəri S.Arıxov küçəsində 4 mərtəbədən ibarət olan «Cəmalə» klinikası, Qazax və Ağstafada lombardları, Qazax Rayon Məhkəməsinin yanında böyük imarəti, Bakı şəhərində isə, «Şəhidlər Xiyabanı»nın yaxınlığındakı binalardan birində iki bahalı mənzili göstərilir. Digər tərəfdən də açıqlamada vurğulanır ki, Zeynal Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Hüseynovun vaxtında, həm də məhz elə bu məmurun köməyilə böyük torpaq sahələri almağa da nail olub. İddiaya görə, hazırda baza direktoruna bu kimi işlərində yaxından köməklik göstərən şəxs Qazax RİH-nin başçısı Ayaz Əsgərovun birinci müavini vəzifəsini tutan Fərman Nağdəliyevdir. Bununla yanaşı mənbə Zeynal Əhmədovun başçının digər müavini Gülayə Həsənova ilə də münasibətlərinin kifayə qədər yaxşı olduğunu bildirir.

Məlumdur ki, Zeynal Əhmədov Milli Məclisə son deputat seçkilərində öz namizədliyini də irəli sürmüşdü. Lakin onun bu kampaniyası tam fiasko ilə nəticələndi. Ola bilsin ki, buna səbəb seçicilərin də Zeynal Əhmədovun həm məmur, həm də iş adamı kimi fəaliyyətinin bəzi “incəliklərindən” xəbərdar olmaları olub. Digər tərəfdən də isə, bu şəxsin bir zamanlar Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin komandiri Elçin Əmiraslanovla yaxınlığı və özünün də OMON-un struktur bölmələrindən birinə komandirlik etməyi, həmçinin Eldar Mahmudovun bacısı oğlu, MTN-in Qazax şöbəsinin keçmiş rəisi Elşən müəllimlə şərikli biznesə sahib olması kimi məqamlar da, ola bilsin ki, seçicilərin seçimlərinə müəyyən qədər təsir göstərmişdir. Hər halda, seçki kampaniyası iflasa uğramış baza müdiri indi bütün diqqət və səylərini yenidən özünün karyera yüksəlişinə yönəldib. Mənbə bildirir ki, Zeynal Əhmədov tezliklə QSC-nin baş direktoru Toğrul Seyidovun yerinə iddiasını ortaya qoymaq niyyətindədir...\\bizimdovr.az\\

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Geri qayıt