Əsas Səhifə > Sosial, Manşet > Mikayıl Cabbarov diplom alverçisinə rayon təhsilini həvalə edib...

Mikayıl Cabbarov diplom alverçisinə rayon təhsilini həvalə edib...


9-12-2015, 09:00
Mikayıl Cabbarov diplom alverçisinə rayon təhsilini həvalə edib...
Bu ilin birinci yarısında Qazax rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquliyevin işdə yol verdiyi nöqsanlar adı altında vəzifəsindən azad edilməsi birmənalı qarşılanmadı. Rayonda bəziləri onu layiqli kadr hesab etsə də, digər bir qisim daha bacarıqlı mütəxəssisə ehtiyac olduğunu zəruri hesab etdi.

Belə bir vaxtda Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında İxtisasartırma, İxtisasdəyişmə və Yenidənhazırlama üzrə müavin işləyən Nizaməddin Babanlının təhsil şöbəsinə müdir təyin edilməsi çoxlarında təəccüb və təəssüf hissi yaratdı. Məsələ burasındadır ki, Nizaməddin Babanlı bir neçə il əvvəl çoxsaylı “diplom” qalmaqallarına görə həbs edilən filial direktorunun əməllərinə yaxın şəxs kimi tanınırdı. O indiyə qədər məsuliyyətdən kənarda qalsa da, hansı “oyunlar”dan çıxdığı hər kəsə məlumdur.

Vaxtilə Azərbaycan Aqrar Universitetini aqronom, texnoloq, baytar və s. ixtisaslar üzrə bitirən və sonradan işsiz qalan bir çox şəxslər məhz N.Babanlının dəstəyi ilə müvafiq ixtisaslara “yiyələnərək” pedoqoji fəaliyyətlə məşğul oldular. İşsiz qalan rus dili və ədəbiyyat müəllimləri də sonradan Azərbaycan dili və ədəbiyyat fənnini tədris etməyə başladılar. Bunlar hamısı Nizaməddin Babanlının mütəfəkkirlər yurduna verdiyi “töhfə”ləri idi. Hətta, o uzağa gedərək Şəki rayon Baş Göynük kənd 1 saylı orta məktəbinin müəllimi Kərimov Əvəz Zöhrab oğlunun da ixtisasını dəyişərək ona Şəkidə öz “töhfə”lərini vermək üçün “diplom” təqdim etdi. Sonradan şikayət və qalmaqallara səbəb olan bu hadisədə o da məlum oldu ki, Nizaməddin Babanlı 004756 saylı diplomu 2000-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun məzununun adından oğurlayaraq başqa şəxsə, yəni Şəki rayon Baş Göynük kənd 1 saylı orta məktəbinin müəllimi Əvəz Kərimova təqdim edib. Əgər Şəki rayon Məhkəməsinin hakimləri Təhsil Nazirliyinin ifşa etdiyi 004756 saylı saxta diploma bəraət verməsəydi, yəqin ki, N.Babanlı tərəfindən bədbəxt edilən şəxslərin sayı durmadan artacaqdı.

N.Babanlı indiki vəzifəsinin icrasına başlarkən ilk işi özünə yaxın şəxsləri təhsil şöbəsinə işə götürmək olub. Bundan əlavə, o bütün məktəb direktorlarını bir-bir yanına çağıraraq onların işdə qalması üçün “haqq” ödəməli olduqlarını bildirib və etiraz edənlərin işdən azad olunacağını deyərkən, yəqin ki, Qazaxın hazırkı icra başçısı Ayaz Əsgərova arxalanmamış deyildi.

Hazırda Təhsil Nazirliyindən verilən təlimata görə, saxta diplomlu şəxslər işdən azad edilməlidir. Verilən məlumata görə, qonşu Ağstafa rayonunda 200-ə yaxın saxta diplomlu şəxs aşkar edildiyi halda Qazaxda belə şəxslərin sayı guya cəmi 22 nəfərdir. Onların da 3-nün birinci ali təhsili olub, yəni baza diplomu əsasında işə götürülmələrinə əsasən, yerlərində qalıb işləmələri məqsədəuyğun hesab edilir. Halbuki, Ağstafada 200-ə yaxın saxta diplomlu müəllim varsa, ədalətli araşdırma aparılsa, Qazaxda bu rəqəm 400-450 olar (yeri gəlmişkən, məlumatda o da əksini tapır ki, 23.11.2015-ci il tarixində saxta diplomlu müəllimi Ağstafa kənd orta məktəblərindən birinə direktor təyin ediblər. Yəqin ki, bundan da təhsil nazirinin xəbəri yoxdu).

Sadəcə N.Babanlının saxta diplomlu şəxsləri gizlətməsi və onlara havadarlıq etməsi reallığın əsl mənzərəsini üzə çıxarmağa imkan vermir. Onu da qeyd edək ki, saxta diplomlu şəxslərin aşkara çıxarılması və ifşa edilməsi prosesi nə qədər qəribə olsa da, korrupsiyonerin özünə tapşırılıb.

Mövzunu davam etdirəcəyik…
Faktinfo.az

Geri qayıt