Əsas Səhifə > Sosial, Manşet > Bu rayonda sosial-müdafiə sistemi iflic duruma salınıb...

Bu rayonda sosial-müdafiə sistemi iflic duruma salınıb...


29-12-2015, 09:45
Bu rayonda sosial-müdafiə sistemi iflic duruma salınıb...
Redaksiyamıza daxil olmuş növbəti şikayət məktubunda Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin fəaliyyətində yer almış bir sıra ciddi nöqsanlardan, şöbənin müdiri Kərim Babayevin öz işində yol verdiyi qanunazidd əməllərdən bəhs olunur. Təqdim olunan aşıqlamalarda deyilir ki, bu məmur işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni bürokratik əngəllərlə qarşılaşmalı olurlar. Həmçinin Kərim Babayevin rəhbərlik etdiyi şöbədə vətəndaşların əsassız olaraq get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər vurğulayırlar ki, bu gün Bərdə DSMF-də faktiki olaraq əhalini dövlət strukturlarından narazı salmaq hesabına bir neçə rüşvətxor məmurun varlanması prosesi gedir. Biz artıq ötən yazılarımızda da dəfələrlə qeyd etmişik ki, bu kimi əməllər, əslində dövlət əleyhinə provokasiya kimi qiymətləndirilməlidir. Çünki bu vəziyyət bir tərəfdən dövlətin sosial siyasətinin reallaşmasına əngəl törədir, digər tərəfdən isə konkret vətəndaşların hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət tədbirləri həyata keçirilməkdədir. Və bu islahatlar əlbəttə ki, ölkə vətəndaşlarının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Bununla belə, bu istiqamətdə həyata keçirilən islahatlar heç də bütün mərhələlərdə gözlənilən nəticələri vermir. Xüsusən əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması məsələsinin daima dövlətin diqqət mərkəzində saxlanılmasına rəğmən, bəzi məmurların yerlərdə yol verdikləri özbaşınalıqlar hələ də, məhz bu təbəqənin maraqlarına ciddi zərbələr vurur. Göründüyü kimi oxşar proseslər hal-hazırda Bərdədə də müşahidə olunmaqdadır. Aldığımız məlumatlarda Kərim Babayevin birbaşa büdcə vəsaitlərini mənimsəmək məqsədilə törətdiyi maxinasiyalardan söz açılır. Belə ki, təqdim edilən açıqlamalarda, mənbələr bu DSMF-nin şöbəsinin müdirini müxtəlif müəssisə rəhbərləri ilə əlbir olaraq bir sıra qanun pozuntularına yol verməkdə ittiham edirlər. Bildirilir ki, Kərim Babayev həmin müəssisə rəhbərləri ilə razılığa gələrək, rəsmi sənədlərdə bu və ya digər müəssisədə işləyən fəhlələrin sayını real saydan xeyli az göstərilməsini təmin edir. Bu azaltma müəssisə rəhbərliyini bir çox büdcə ödənişlərindən, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Ebu maxinasiya sayəsində Sosial Müdafiə Fondu üçün nəzərdə tutulan ödənişlərdən qənaət olunan məbləğin yarısı da, nəğd şəkildə Kərim Babayevə təqdim edilir. Daha sonra bizindovr.az-a olunan müraciətlərdə belə bir iddia da irəli sürülür ki, şöbənin müdiri Kərim Babayev təqaüdlərin saxta yollarla artırılması ilə bağlı müxtəlif maxinasiyaları da davamlı olaraq həyata keçirir. Bu xüsusda məlumatlarda deyilir ki, artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsində çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün sadəcə olaraq Kərim Babayev tərəfindən irəli sürülən şərtlərə əməl etmək tələb olunur. Digər tərəfdən isə, Bərdə sakinləri bildirirlər ki, şöbə müdirinin törətdiyi özbaşınalıqlar nəticəsində, vətəndaşlar qanuni pensiyalarını almaqda xeyli çətinliklərlə üzləşməli olurlar. Ümid edirik ki, əlaqədar qurumlar bu şikayətləri nəzərə alaraq, DSMF-nin Bərdə rayon şöbəsinin fəaliyyətini ciddi şəkildə təftiş edəcək və yer almış neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görəcəklər.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt