Əsas Səhifə > Sosial, Manşet > Körpələrimizin taleyini kimlərə əmanət edirik?

Körpələrimizin taleyini kimlərə əmanət edirik?


2-01-2016, 14:01
Körpələrimizin taleyini kimlərə əmanət edirik?
Bu dəfə redaksiyamıza təqdim olunan açıqlamalar uşaq səhiyyəsi üzrə ixtisaslaşmış konkret bir müəssisənin, “Anay” uşaq tibb mərkəzinin fəaliyyəti barədədir. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz qeyd etmişdik ki, bu gün ölkəmizin səhiyyə sistemində mövcud olan bir çox problemlər məhz respublikamızda fəaliyyət göstərən özəl tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müşahidə olunmaqdadır. İlk növbədə diqqətə çarpan məqam bundan ibarətdir ki, bu tibb müəssisələrində xəstələrə təklif olunan xidmətlərin qiyməti özünü doğrultmayacaq qədər yüksək olur. Bunun müqabilində isə, göstərilən tibbi xidmətlər mahiyyət etibarı ilə aşağı səviyyədə, bəzən isə hətta sağlamlıq üçün ziyan doğura biləcək bir həddə olur. Təbii ki, lazımi səviyyədə xidmət göstərilməməsi ilə bağlı ittihamları heç də bütün özəl klinikalara qarşı irəli sürmək olmaz. Lakin belə müəssisələrin sayı da kifayət qədərdir. Bəzi hallarda isə, bu və ya digər özəl tibb müəssisəsinin Səhiyyə Nazirliyindən ümumiyyətlə lisenziya aimağa necə nail ola bilməsi də müəyyən suallar doğurur. Elə “Anay” uşaq tibb mərkəzi barədə redaksiyamıza təqdim olunan məlumatlar da bu kimi suallara yol açır. Redaksiyamıza müraciət etmiş vətəndaş bildirir ki, paytaxtın Bakıxanov qəsəbəsində yerləşən bu tibb müəssisəsinə həkim-pediatr Asif Seyfullayev rəhbərlik edir. “Anay” MMC kimi dövlət qeydiyyatından keçmiş bu müəssisə “uşaq tibb mərkəzi” kimi pafoslu ada sahib olmaqla, böyük iddialarını ortaya qoysa da, əslində bu mərkəzin indiyədək iki nəfərdən artıq əməkdaşını görən olmayıb. Bu əməkdaşlardan da biri Asif həkimin özü, digəri isə tibb bacısıdır. Müəssisənin yerləşdiyi tikili də xüsusi maraq doğurur. Belə ki, şəxsi həyətyanı sahədə inşa olunmuş bu birmərtəbəli bina cəmi 1 dəhliz və 2 otaqdan ibarətdir. Bunun müqabilində isə, müəssisəyə gələn pasientlərdən elə əsil tibbi mərkəzlərdə təyin olunmuş məbləğlərdə ödəniş alınır. Həm də həkimin qəbul haqqından başqa, uşaqlara vurulan hər iynəyə görə də tibb bacısı valideynlərdən 5 manat pul alır. Yeri gəlmişkən, bizə müraciət edən vətəndaş burada uşaqlara vurulan preparatların da tərkibi, istifadə müddəti və saxlanma şəraitinə dair müəyyən şübhələri ilə bölüşdü. Onun deməyinə görə, Asif həkim bu və ya digər uşağa təcili inyeksiya olunması zərurəti barədə qərara gəldikdə, telefonla Anar adlı gənc bir şəxslə (açıqlama verən vətəndaş bu gəncin Asif Seyfullayevin oğlu olduğunu ehtimal edir) əlaqə saxlayır. Bundan sonra, Anar bir neçə dəqiqə ərzində həkimin tələb etdiyi preparatı onun otağına gətirir. Anarın həkim otağına ikinci, arxa qapıdan girdiyi və bu qapının da həyətə açıldığı nəzərə alınarsa, çox güman ki, bu dərmanlar da xüsusi yaradılmış şəraitdə deyil, məhz evdə, ən yaxşı halda soyuducuda saxlanılır...
Təbii ki, bütün bu deyilənlər ilk növbədə “Anay” MMC-yə uşaqlarının səhhətində yaranmış müəyyən problemlərlə bağlı müraciət edən valideynlərin seçimlərini ciddi şübhə altına almış olur. Bizə müraciət etmiş vətəndaş isə, təqdim etdiyi faktları ictimailəşdirmək yolu ilə, yaranmış vəziyyətə Səhiyyə Nazirliyinin diqqətini cəlb etmək istəyir. Biz də ümid edirik ki, növbəti saylarımızdan birində məsələyə SN rəsmilərinin də münasibətini təqdim edə biləcəyik.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt