Əsas Səhifə > Sosial, Manşet > «Mənə dedilər ki, boynuma almasam, döyüb boynuma qoyacaqlar»
«Mənə dedilər ki, boynuma almasam, döyüb boynuma qoyacaqlar»5-01-2016, 09:07 |
Qobustan rayonunda qəribə hadisə yaşanır. JAM.AZ-a müraciət edən rayonun Təklə Mirzəbaba kənd sakini İbrahim Dərgahov yerli polisin onu heç bir səbəb olmadan oğurluqda ittiham etdiyini bildirir. Hər iki gözü pis görən və bu səbəbdən də II qrupp gözdən əlil olan Dərgahov günün günorta çağı yolu belə düz-əməlli görmür. Gözünə taxdığı qalın eynək sayəsində hələlik gün işığına həsrət qalmayan Qobustan sakinini heyvan oğurluğunda ittiham edirlər. O yazır ki, bu yaxınlarda kəndlərində oğurluq hadisəsi baş verib. «Sabir müəllimin qoyununu oğurlanıb. Kənddən bir neçə adamı polisə aparıb, dindiriblər. Yeni il ərəfəsində bizim evə gəlib, məni soruşublar. Sonra isə Şamaxı rayonunun ərazisindən mülki formada polis Fərid Fətəliyev və daha bir əməkdaş 99 ET 104 dövlət nömrə nişanlı maşina oturdub, Polis Şöbəsinə apardılar. Yolda onlardan günahımın nə olduğunu, hansı səbəbdən polisə aparıldığımı soruşduqda isə dedilər ki, onlar heç nə bilmir, hər şeyi polis rəisinin müavini Ceyhun müəllim izah edəcək». Qobustan Polis Şöbəsində isə İbrahim Dərgahova verilən suallar isə olduqca «məntiqli» olub. JAM.AZ xəbər verir ki, rəis müavini Ceyhun sözügedən şəxsdən ilk olaraq yaşadığı kəndlərində heyvan oğurluğunun olduğunu soruşub. «Cavabında bildirdim ki, oğurluq hadisəsi barədə eşitmişəm. Atamın yas yerində eşitdiklərini və evdə danışdıqlarına əsaslandığımı söylədim. Ardından Ceyhun müəllim mənə dedi ki, bəs, guya, mənim Müşfiq qəsəbəsindəki marketlərdən birinə borcum olub. Cavabında qeyd elədim ki, bu məlumat yalandır, çünki mənim heç kimə borcum yoxdur. Bu sözlərimi eşidən kimi rəis müavini əsəbləşib üstümə qışqırdı ki, bəs, əgər boynuma almasam, məni yerdə sürüyəcək. İsrarla kimsəyə borcum olmadığını söylədim». Rəis müavinin daha bir sualı isə İbrahim Dərgahovun «QazEl» sürücüsü dostunun olması ilə bağlı olub. «Mənə bunu deyəndə güman elədim ki, bunlar kimsəylə məni səhv salıblar. Yenə israrla vurğuladım ki, mənim belə bir dostum yoxdur və heç vaxt olmayıb. Ceyhun müəllim bu sözlərimdən də bərk əsəbləşib qışqırmağa başladı ki, bəs, dükana borcunu necə ödəmisən. Yenə də izah elədim ki, mənim kimsəyə borcum yoxdur və olmayıb. Amma təhdidlərin ardı-arası kəsilmirdi. Gah deyirdi səni yerdə sürüyərəm, gah deyirdi oğurluğu boynuna al, yoxsa axırın pis olacaq. Hər dəfəsində də bildirirdim ki, onlara verilən məlumat yanlışdır. Və mən oğurluq etməmişəm». Gözləri çox zəif görən, qaranlıqda isə ümumiyyətlə, küçəyə çıxa bilməyən İbrahim Dərgahov oğurluqda ittiham olunması ilə barışmır və bunu özünə təhqir hesab edir. O bildirir ki, Qobustan polisində ona deyiblər ki, guya, hansısa «Qazel» sürücüsü və dükana olan borcumla əlaqədar araşdırma aparırlar və nəticələr əldə ediləndən sonra yenidən çağıracaqlar. «Bu adamlar nə etdiklərinin fərqində deyillər. Mən ayağımın altını güclə görürəm, necə oğurluq edə bilərəm ki? Üstəlik, qapımıza hay-küylə gələrək xəstə anamın qorxmasına səbəb olublar. Qanunları bu qədər tapdamaq olmaz». Qobustan sakini sonda DİN rəhbəri cənab Ramil Usubova müraciət edərək, ondan kömək istəyib. «Cənab nazir, mən gözdən əlil adamam. Doğru-düzgün əmək qabiliyyətim də yoxdur. Gündüz vaxtı taxdığım eynəyim vasitəsi ilə yolu bir az görə bilirəm. Qobustan polisi isə məni oğurluqda ittiham edir. Bu mənim şəxsiyyətimə həqarət olmaqla yanaşı, həm də mənəvi cəhətdən zərbədir. Sizdən artıq dərəcədə xahiş edirəm ki, başıma gətirilənləri şəxsən araşdıraraq, nəzarətinizə götürəsiniz. Yoxsa, bunlan oğrunu qoyub, mənim kimi günahsız birini şərləyərək həbs edəcəklər». Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |