Əsas Səhifə > Sosial, Manşet > 1 saylı Bakı neft terminalı bazasının müdir müavini sahibkarların başına oyun açır

1 saylı Bakı neft terminalı bazasının müdir müavini sahibkarların başına oyun açır


8-01-2016, 08:58
1 saylı Bakı neft terminalı bazasının müdir müavini sahibkarların başına oyun açır
Masallı rayonu, İsi kənd sakini, iş adamı Qadir Zeynalov mətbuat vasitəsiylə ölkə başçısına, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevə və “Socar Petroleum” QSC-nin baş direktoru Toğruil Seyidova müraciət edib.

JAM.AZ-a daxil olan müraciətdə Q.Zeynalov qeyd edir ki, o, 2006-cı ildən hakim Yeni Azərbaycan Partiyasının üzvüdür və həmin müddətdən bəri, həm özü, həm da yaxınları ölkə üçün mühüm olan bütün siyasi proseslərdə fəal iştorak edib.

Onun sözlərinə görə, aparılan islahatlar və uğurlu iqtisadi siyasət nəticəsində hazırda ölkədə sahibkarların sayı xeyli artıb. “Dövlət Neft Şirkətinin rəhbərliyi də bu sahədə sahibkarlara dəstəyini əsirgəməyib. Məhz bu dəstək və qayğı nəticəsində bir çoxları kimi, mən də sahibkarlıq fəaliyyətini həyata keçirirəm. Qeyd olunanlara görə cənab Prezidentə, ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayevə və “Socar Petroleum” QSC-nin baş direktoru cənab Toğrul Seyidova minnətdarlığımı bildirirəm”.

Lakin Qadir Zeynalov bildirir ki, bəzi vəzifəli şəxslər öz xoşəgəlməz hərəkətləri ilə bu işlərə kölgə salmağa çalışır. “Onlar vəzifələrindən yalnız şəxsi məqsədləri üçün istifadə edərək əsassız olaraq sahibkarlıq fəaliyyətinə maneçilik törətməyə səy göstərirlər”.

O vurğulayır ki, ötən il dekabr ayının 29-da ona məxsus maşını idarə edərək, neft məhsulu daşıyan sürücünü müvafiq etibarnaməsi olmadığına görə bir neçə saat saxlatdırıblar. Sahibkar bildirir ki, “Socar Petroleum” QSC-nin 1 saylı Bakı neft terminalı bazasının satış marketinq şöbəsinin müdir müavini Ələddin Soltanov, hətta etibarnamə göndəriləndən sonra da neft məhsulu verməyib. “Hətta saat 13 radələrində neft bazasını bağlayıb. Halbuki həmin gün iş günü olmaqla iş vaxtı saat 18-dək olub. Məcburiyyət nəticəsində mənə məxsus maşın səhərə kimi qalmış, yalnız səhər sürücü neft məhsulu ala bilmişdir.Yeni ilin ilk günündə isə Ələddin Soltanov sürücünün təqdim etdiyi etibarnamədə texniki səhv olaraq, “yanvar” əvəzinə “dekabr” yazılmasını əsas gətirərək neft məhsulu verməyib. Hətta ona müvafiq düzəliş edilmiş etibarnamə göndərilməsi təklif edilsə də razılaşmayıb, saat 11 radələrində neft bazasını bağlayıb”.

Maraqlı məqam odur ki, Ələddin Soltanov bununla da kifayətlənməyib. “Telefon vasitəsi ilə əlaqə saxlayaraq, neft məhsulu verilməsini xahiş etdikdə isə Ələddin Soltanov məni nalayiq sözlərlə təhqir etdi. Hətta hədə-qorxu gəldi. Onun etikadan kənar sözləri və hədə-qorxuları tutduğu vəzifəyə uyğun deyil. Ələddin Soltanov hətta mənə məxsus maşınlara neft məhsulu verməyəcəyini də bildirib. Hərçənd neft məhsullarının daşınması üçün lisenziyam var. Onun vaxtı-vaxtında neft məhsulları verməməsi, bununla bağlı maşınları günlərlə boş saxlatdırması, neft bazasını istədiyi vaxt bağlaması süni şəkildə yanacaq çatışmamazlığının yaradılmasına səbəb olur ki, bu da yanacaq daşıyan şəxs kimi mənim, sürücünün, yanacaqdoldurma məntəqələrənin fəaliyyətinə və orada çalışan insanların həyat şəraitinə mənfi təsir göstərir”.

Qadir Zeynalov vurulayır ki, Ələddin Soltanovun neft məhsullarının verilməsində süni maneçilik yaratması ölkə rəhbərliyinin bu sahədə gördüyü işlərə kölgə salmaqla yanaşı, onun da sahibkarlıq fəaliyyətinə müdaxilədir. “Görünür son zamanlarda vəzifəsindən sui-istifadə edərək sahibkarlara olan müdaxiləsinə görə, müəyyən məmurların vəzifəsindən uzaqlaşdırılması, hətta barələrində cinayət işi başlanması Ələddin Soltanova təsir etməyib. Halbuki ölkə rəhbərliyi məhz regionların iqtisadi inkişafı, həmçinin sahibkarlığın inkişafı ilə bağlı proqramlar qəbul edərək həyata keçirir. Ələddin Soltanovun göstərilən hərəkətləri isə hüquqlarımı pozmaqla yanaşı, iqtisadi sahdə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasətə ziddir”.

İş adamı sonda müraciət ediyi dövlət başçısından xahiş edib ki, hüquqlarının 1 saylı Bakı neft terminalı bazasının satış marketinq şöbəsinin müdir müavini Ələddin Soltanov tərəfindən pozulmasının qarşısının alınmasına köməklik götərsinlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt