Əsas Səhifə > Sosial, Manşet > Daha bir təhsil ocağı qaynayır...

Daha bir təhsil ocağı qaynayır...


1-02-2016, 08:50
Daha bir təhsil ocağı qaynayır...
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq hökm sürür. Bu təhsil ocağında oxuyan tələbələr deyirlər ki, direktor Xəlil Orucovun «pul tələlərinə» düşməkdən beziblər.

Həmin məlumatlarda vurğulanır ki, Orucovun yeni «tələsi» tələbələri əvvəlcə kəsmək, daha sonra isə təkrar imtahan yolu ilə qiymət yazmaqdan ibarətdir. Belə bir variantın düşünülməsi isə məqsədlidir və niyyət daha çox pul almaqdır. JAM.AZ-a məlumat verən tələbələr deyirlər ki, sonuncu imtahan sessiyasında artıq bunun əziyyətini çəkməyə başlayıblar. Onlar qeyd edirlər ki, direktorun təlimatına əsasən artıq qiymətlər də artırılıb. Və bu devalivasiya ilə izah olunur. «Başa düşə bilmirik, biz bura oxumağa gəlmişik, yoxsa, pul verməyə? Biliyi olanlara da güzəşt edilmir. İnd idə imtahanlar üçün tələb olunan məbləğ artırılıb. Deyirlər ki, manat dəyərdən düşüb, ona görə də, qiyməti artırmaq məcburiyyətindədirlər. Sanki biz kollecdə deyil, bazardayıq».

Tələbələr bildirirlər ki, belə davam etməsinə razı deyillər və bununla bağlı etirazlarını bildirmək istəyirlər. Onların sözlərinə görə, hazırda tələbələr arasında bununla bağlı müzakirələr gedir və yaxın günlərdə qərar veriləcək. «Böyük ehtimalla kollecin qarşısında etiraz aksiyası keçirəcəyik. Məqsədimiz başımıza gətirilənlərdən bütün ölkənin xəbərdar olmasıdır. Tələbimiz odur ki, özbaşınalıqlara son qoyulsun və pul yığımı dayandırılsın».

JAM.AZ-ın araşdırmaları zamanı başqa bir maraqlı məqamın üzəri açılıb. Məlum olub ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun qazancı təkcə tələbələrdən yığılan pullardan ibarət deyil. Onun həmçinin hər il kollecə ayrılan vəsaitlərdə də ciddi payı var. Məsələn, direkitorun təkcə 2013-cü ildə ayrılmış 100 min manata yaxın vəsaiti təyinatı üzrə xərcləmədiyi deyilir.

Məlumatlarda iddia olunur ki, Orucov həmin pulun 8000 min manatına yumuşaq inventarların alındığını sənədləşdirsə də, həmin mebellərin nə zaman alındığı və hara yerləşdirildiyini görən olmayıb. Mənə bildirir ki, bir-iki sınıq salxaq stol,stuldan başqa təhsil ocağına heç nə gətirilməyib. Amma iddialar var ki, kollec direktoru həmin pula Göyçaydakı villasına mebel alıb.

Vurğulanır ki, Xəlil Orucovun «əməliyyat»ları sırasında 15 min manatlıq cari təmir işləri də var. Bu pulun hansı təmir işlərinə sərf olunduğu məlum olmasa da, sənədlərdə daşdan keçəcək səviyyədə «əsaslandırılıb». Halbuki Göyçay Dövlət İdarəetmək və Texnologiya Kollecinin binasının içində yetərli qədər təmir olunası yerlər var.

JAM.AZ bildirir ki, Orucovun pul silmək üçün kommunal xidmətlərin satın alınmasından səmərəli istifadə etdiyi də sənədlərdən aydın görünür. Çünki bu xidmətlər üzrə iki dəfə pul ayrılıb ki, onların da toplam cəmi 6000 manata yaxındır. Maraqlıdır, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində nə qədər elektrik, su və qazdan istifadə olunur ki, bu qədər vəsaitə gərək yaranır?

Məbləğlərin şişirdilməsi prosesində abadlıq işlərinin aparılmasından da yararlanılıb. Məsələn, ildə iki dəfə «abadlıq» işləri aparan kollec direktoru bunun üçün 15 min manat ayrılmasına nail olub. Hərçənd bu qədər pulla kollecdə hansı abadlıq işlərinin görüldüyü məlum deyil.

İnventar və avadanlıqların satın alınmasına gəldikdə isə bunun üçün 20 min manatın sərf edildiyi vurğulanır. Ki, ortada nə düz-əməlli inventar var, nə də avadanlıq. Labaratoriyaların durumunun hansı acınacaqlı vəziyyətdə olduğunu isə tələbələr hamıdan yaxşı bilirlər.

Bir maraqlı məqam da olur ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə il ərzində guya, 7000 manatlıq dəftərxana ləvazimatı alınıb. Əcəba, üçcə kəlmə sözü yazmaq üçün adi kağız tapılmayan kollecdə o qədər dəftərxana ləvazimatı haradadır?

Bəzi iddialara görə, Xəlil Orucov ildə 100 min manatlıq qazancı özü üçün heç də uğur hesab etmir. Onun yaxın adamlarının dediyinə görə, kollec direktoru daha böyük pulların qazanılmasının vacibliyini bildirir. Bunu da onunla izah edir ki, guya, Təhsil Nazirliyi və Göyçayın icra başçısı ondan haqq alır.

Yazıda adları keçən şəxsləri dinləməyə hazırıq.

Geri qayıt