YAP HEYDƏR ƏLİYEV SARAYINA NİYƏ BURAXILMADI
Tarix: 4-06-2013, 12:16 |
Çap et
RAMİZ MEHDİYEV-ƏLİ ƏHMƏDOV QARŞIDURMASI QURULTAYA DA TƏSİR EDİB
DİA.AZ: - Hakim Yeni Azərbaycan Partiyasının öz qurultayını Heydər Əliyev adına Saraya deyil, «Buta Palace»ə təyin etməsi bir çox dairələrdə müəyyən söz-söhbətə nədən olub. Bu barədə hökumət içindəki mənbələrdən DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, 7 iyun tarixinə təyin edilən qurultayın keçmiş «Respublika» sarayında keçirilməməsinin nədənləri də məhz iqtidariçi qarşıdurmaların təzahürüdür.
Mənbənin söylədikləri: «Qurultayın keçirilmə təşəbbüslər və təşkilatçılığı ilk dəfədir ki, hakim partiya rəhbərliyinin əlində olduğundan bu məsələdə Prezident Administrasiyası və onun rəhbəri Ramiz Mehdiyevin iştirakı nəzərə çarpmır. Elə bu nədənlə də YAP rəhbərliyi «Buta» sarayını seçmək zorunda qalıb».
Mənbə iddia edir ki, PA şefi müxtəlif bəhanələr hesabına Heydər Əliyev adına Sarayda qurultayın keçirilməsini əngəlləyib: «Hətta saray rəhbərliyi adından belə bir izahat da sənədləşdirilib ki, guya qurultayın keçirilməsi üçün məqsədəuyğun deyil».
Hər halda, ilk dəfə baş verən bu olay kifayət qədər cəlbeidici olmaqla yanaşı, Ramiz Mehdiyev-Əli Əhmədov münasibətlərindəki gərginliyin də şiddətindən xəbər verməkdədir.