ASTARADA "QURTULUŞ GÜNÜ" YIĞIMI BAŞLADI
Tarix: 4-06-2013, 12:26 |
Çap et
Astara rayonunda iyunun 15-də «möhtəşəm» «Qurtuluş Günü» tədbiri keçirmək üçün hazırlıq görən icra başçısı Qəzənfər Ağayev indidən pul yığmağa başlayıb. TİA.AZ-a rayondan verilən məlumata görə, Ağayev bu yaxınlarda Astaradakı idarə və müəssisə rəhbərlərini başına yığaraq, onlardan müəyyən məbləğdə pul tələb edib.
Məlumatda deyilir ki, bu görüşdən sonra idarə və müəssisə rəhbərləri də işçilərindən pul yığmağa başlayıblar ki, vəziyyətdən çıxa bilsinlər. Amma onlar icra başçısının bu pulları təbdirə sərf edəcəyinə inanmırlar və bildirirlər ki, Qəzənfər Ağayev bu addımı ilə hansısa layihəsini maliyyələşdirməyi düşünür. Çünki bundan əvvəl də müxtəlif tədbirlərin keçirilməsi adı altında yığdığı pulları təyinatı üzrə xərcləmədiyindən xəbərdardırlar.
Qeyd edək ki, Qəzənfər Ağayev keçən il 15 iyun günündə ümumiyyətlə, Astara rayonunda olmayıb. Bu barədə mətbuatda yazılanlardan belə məlum olur ki, icra başçısı «Qurtuluş Günü»ndə başı yeyib-içməyə qarışdığından həmin günü rayonda tədbir keçirməyi unudub. Onun üzünü ağ edən isə müavinlərindən biri olub ki, sonradan Ağayev həmin şəxsi postunda saxlamaq üçün yaxşı «silkə»ləyib.