Əsas Səhifə > Ölkə, Manşet > Texniki Universitetdə VİLAYƏT DAVASI...
Texniki Universitetdə VİLAYƏT DAVASI...8-01-2022, 09:50 |
DİA.AZ: - "Biz, Azərbaycan Texniki Universitetinin təcrübəli müəllimlərindən bir qrupu, yenə də ictimaiyyətə müraciət etmək məcburiyyətindəyik". DİA.AZ bildirir ki, bu barədə AzTU-nun bir qrup müəllimi adından edilən müraciətdə deyilir. ƏVVƏLİ BURADA: Texniki Universitet NECƏ AĞLAR GÜNƏ QOYULUR... - Müəllimlər YENİ FAKTLARI AÇIQLAYIR... Müəllimlər daha sonra yazır: "Yeri gəlmişkən, keçən yazılarımız çıxandan sonra keçirilən elmi şura iclasında yenə də növbəti dəfə universitetdə struktur dəyişiklikləri məsələsi müzakirəyə çıxarılıb (bu məsələ universitetdə artıq lətifəyə çevrilib). Yenə də adət üzrə Hüquq sektorunun müdiri, rektor V.Vəliyevin qaynının qızı, bakalavr Pərvanə Allahverdiyeva professorların qarşısında bu dəfə daha da anlaşılmaz struktur dəyişikliklərini təklif edib (və məlum deyil ki, bu təklif rəsmən kimin adından verilir) və təbii ki, təklif sorğu-sualsız yekdilliklə qəbul edilib. Bundan əlavə, rektor məlumat verib ki, yeni “Yüksək təhsil institutu” (???) adlı qurum yaradılır və onun əsasnaməsi də təsdiq edilib. Əsasnamənin mətnindən görünür ki, bu qurum tamamilə Doktorantura şöbəsinin və Magistratura şöbəsinin funksiyalarını təkrarlayır. Sual olunur: bəs onda bəlkə Doktorantura və Magistratura şöbələri ləğv olunacaq? Hələ bilinmir, yaxın vaxtlarda ola da bilər. Ancaq xatırladaq ki, rektor V.Vəliyev AzTU-ya gələndə bu şöbələr birlikdə idi, o onları iki hissəyə ayırdı. İndi də yenidən birləşdirilirmi, yoxsa bu qurum da qalacaq və Doktorantura və Magistratura şöbələrinin işini təkrar edəcək? Hələ bunu heç kim bilmir və soruşmağa da cürət etmir. Bax belə! Bundan əlavə AzTU Katibliyinin yaradılması haqqında qərar qəbul edilib və onun əsasnaməsi də təsdiq edilib. Ancaq bu da hal-hazırda universitetdə olan elmi katib işi deyil. Əsasnamədən görünür ki, Katibliyin funksiyalarına bütün universitetin idarə edilməsi, hər şey, hər şey daxildir. Onda bəs belə bir katiblik olacaqsa, bütün başqa struktur bölmələri nəyə lazım imiş? Yəqin ki, rektorun aid olduğu regional klanın göndərdiyi işçiləri yerləşdirmək üçün. Bəs bunun üçün maliyyə vəsaiti haradan tapılacaq? Əlbəttə ki, dərsləri, tədris yüklərini yenə də ixtisar etmək hesabına qənaət edilən vəsaitdən. Bu isə öz növbəsində, hazırlanan mütəxəssislərin təhsil səviyyəsinin yenə də aşağı salınması deməkdir. Yeri gəlmişkən, bununla əlaqədar əlavə vəsaitlərin gətirilməsi mənbələrindən birini açıqlayaq. Hər il AzTU-da magistraturaya 250-300 tələbə qəbul edilirdi. Bu il isə 1000-dən artıq yerə elan verildi və 1000-ə yaxın magistrant qəbul edildi. Elə kafedralar var ki, bir kafedraya 70-80 magistrant daxil olub. Bu nəyə görə edilib? Bir magistrant il ərzində 1500 manatdan artıq təhsil haqqı ödəyir və 2 il təhsil alır. Deməli, bu qədər magistrantın qəbulu universitet hesabına daxil olan 3 milyon manat vəsait deməkdir. Həmin vəsait isə regional klanın işlə təmin olunma tapşırıqlarını yerinə yetirmək üçün kömək edəcək. İndi isə bu qədər adamın tədrisinin təşkili problemi meydana gəlib. Məsələ bundadır ki, təlimata və müxtəlif normativ sənədlərə əsasən bir müəllim il ərzində 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz və həmin müəllimlər də elmi dərəcəyə malik olmalıdırlar. AzTU-da isə cəmi təqribən 500 müəllim var və onların da 25-30 faizinin elmi dərəcəsi yoxdur. İndi bu vəziyyətdən çıxmaq üçün rektor bir absurd yol tapıb, təklif edir ki, 5 magistranta bir şərikli dissertasiya mövzusu verilsin və bir elmi rəhbər təyin edilsin (???). Bəs onda sual olunur, dissertasiya müdafiəsində verilən şərikli qiymət onların arasında necə bölüşdürüləcək? Necə təyin ediləcək ki, dissertasiyanın əsas işini kim yerinə yetirib və s. Biz artıq adət etmişik ki, rektor V.Vəliyev nəticəsini fikirləşmədən əvvəlcə bir işi edir, sonra isə yaranan problemdən çıxış yolunu axtarır. Bununla əlaqədar rektor indi həm də magistraturada tədris saatlarını ixtisar etmək məsələsinin üstünə düşüb. Nəticəsini fikirləşmədən hər şeyi dağıtmaq və onu necə düzəltmək yolunu isə sonra axtarmaq və ya heç axtarmamaq da tipik bolşevik psixologiyası əlamətidir ki, bu da V.Vəliyevə xas xüsusiyyətdir. Görünür, bu, onun ictimai mənşəyinin bolşevik sayağı marginal səviyyədən çıxması ilə əlaqədardır. Rektordan bir soruşan yoxdur ki, bu universitet nə üçündür, mühəndis hazırlamaq, yoxsa gələcək mühəndislərin başlarını qataraq, universitet strukturunu şişirtməklə, öz adamlarını işlə təmin etmək? Həm də köhnə kadrlara nisbətən daha yüksək maaş verməklə. İndi artıq bütün universitet bu məsələdən danışır. Yeri gəlmişkən, rektor elmi şura iclasında müəllimlərə diferensasiyalı, yəni eyni vəzifə üçün müxtəlif məbləğdə maaşların verilməsi haqqında qərar qəbul etdirib. Bəs bu maaşların miqdarını kim təyin edəcək? Əlbəttə ki, hər məsələdə olduğu kimi, rektor özü. Yəni xoşu gələn, ona yarınan adamlara yüksək, xoşuna gəlməyənlərə, onun qarşısında əyilməyənlərə isə az maaş təyin edəcək. V.Vəliyevin rektor təyin edilməsindən sonra onun ən çox təkrar etdiyi sözlər bunlardır ki, “əvvəllər universitetdə sənəd dövriyyəsi düzgün qurulmamışdı”. O, indi də bunu tez-tez təkrar edir. Və sənəd dövriyyəsini “düzgün qurmağa “ başladı. V.Vəliyevin AzTU-ya gəlişindən əvvəl Ümumi şöbədə (o vaxt Dəftərxana adlanırdı) cəmi 3 nəfər işləyirdi və heç vaxt bir sənəd, bir kağız itirilməmişdi, bütün sənədlər vaxtında öz yerinə çatdırılırdı. Köhnə işçiləri oradan tamamilə uzaqlaşdırdı və yenilərini qəbul etdi, təqribən 10 nəfər işçi. Bundan sonra da universitetdə həm lazımsız sənədlərin sayı dəfələrlə artdı, həm də sənədlərin itməsi adi bir hala çevrildi, baxmayaraq ki, hər sənədi qəbul edəndə 3-4 yerə qeydiyyat aparırlar. İndi Ümumi şöbəyə bir ərizə və ya başqa sənəd verirsənsə, heç bir zəmanət yoxdur ki, o sənəd qəribə şəkildə yoxa çıxmayacaq və təyinatınca gedib, çatacaq. Bu iki ildə Ümumi şöbənin indiki müdiri də bu vəzifədə 4-cü adamdır. Ümumi şöbənin bir müddət əvvəlki müdiri Vüsalə Fərəcovaya isə elə hüquq verilmişdi ki, o, professorların, kafedra müdirlərinin üzərinə çımxırırdı, onları təhqir edirdi, heç bir subordinasiya gözləmirdi. Baxın, AzTU-da sənəd dövriyyəsi indi belə “düzəldilib”". DAVAMI VAR... İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləmıyə hazırıq... Geri qayıt |