Əsas Səhifə > Ölkə, Manşet > Bu VİLAYƏTİN VALİSİ yoxdurmu?

Bu VİLAYƏTİN VALİSİ yoxdurmu?


11-07-2023, 09:23
Bu VİLAYƏTİN VALİSİ yoxdurmu?
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Texniki Universitetlə bağlı müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR... - Amma kimsənin umrunda deyil...

Məqalənin davamında deyilir: "Bir qədər də son dövrlərdə magistraturada baş verən əhvalatlardan danışaq. V.Vəliyevdən əvvəl AZTU-nun magistraturasına hər il 200-250 tələbə qəbul edilirdi. Çünki, mövcud təlimatlara əsasən magistrlərlə yalnız elmi dərəcəsi olan müəllimlər məşğul ola bilər və bir müəllim 2 nəfərdən artıq magistrantın dissertasiya işinə rəhbərlik edə bilməz. Buna görə də universitetin mövcud kadr potensialı ildə yalnız 200-250 magistrantın qəbul edilməsinə çatırdı. V.Vəliyev rektorluq “fəaliyyətinə” başladığının 1-ci ili magistraturaya qəbulu 400 nəfərə, sonrakı iki ildə isə 1000 nəfərə çatdırdı. Bu il isə magistraturaya 1200 nəfərin qəbulu planlaşdırılır. Magistrant 2 il təhsil alırsa, deməli magistraturada təqribən 2000 tələbə olacaq. Bu da universitetin büdcəsinə təhsil haqqının ödənişi hesabına gələn vəsaiti artırmaq üçün edilir. Bəs bu qədər magistranta hansı pedaqoji kadrlar dərs deyəcək və dissertasiyalarına rəhbərlik edəcək? Bu isə V.Vəliyevin vecinə deyil və o, bu məsələni “orijinal üsulla” həll etdi.
Rektor Vilayət Vəliyev 2022-ci ilin yanvar ayında “təklif etdi” ki, 2-ci kurs magistrantların verilmiş və artıq, əmrlə də bir il yarım bundan əvvəl təsdiq edilmiş dissertasiya mövzuları ləğv edilsin, onlara yeni dissertasiya mövzuları verilsin və ən qəribəsi də budur ki, hər 4-5 magistranta qrup halında, bir ümumi mövzu verilsin və onlar bir ümumi dissertasiya hazırlayıb, müdafiə etsinlər (???). Bu yeni mövzuların tərtib edilməsi və qərarın rəsmiləşdirilməsi də bir neçə ay çəkdi. Təlimata görə 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 ilə yaxın vaxtı olsun. Burada isə tələbələrin bir il yarımlıq zəhmətinin və işinin üstündən xətt çəkildi və magistraturanı bitirmələrinə İKİ AY QALMIŞ qrup halında yeni dissertasiya mövzuları verildi. Digər tərəfdən, hər tələbənin dissertasiyasının öz elmi rəhbəri var idi, onlar rəhbərlikdən kənarlaşdırılaraq, 4-5 tələbənin bir ümumi dissertasiyasına bir yeni rəhbər təyin edildi. Daha yenə də təkrar etmək istəmirik ki, bu nə qədər ağlasığmaz və sağlam məntiqdən uzaq qərar idi! Əlavə olaraq qeyd edək ki, mövcud tədris normativ sənədlərə əsasən bir elmi rəhbər eyni zamanda 2-dən artıq magistr dissertasiyasına rəhbərlik edə bilməz. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 nömrəli qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” Əsasnamənin əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 aprel 1998-ci il tarixli 202 saylı Əmri ilə təsdiq edilmiş “Magistrlik dissertasiyasının hazırlanması, təqdim olunması və müdafiəsi qaydaları haqqında Əsasnamə”nin 3.1 bəndində yazılmışdır: “Magistrlik dissertasiyası elmi rəhbərin rəhbərliyi altında magistrantın MÜSTƏQİL yerinə yetirdiyi elmi-tədqiqat (yaradıcılıq) və ya təcrübi-konstruktor işidir”. Yəni hər magistrə müstəqil dissertasiya mövzusu verilməlidir və o, dissertasiyanı qrup halında yox, MÜSTƏQİL yerinə yetirməlidir. V.Vəliyevin isə separatçı muxtar vilayəti Azərbaycan qanunlarını və təlimatlarını tanımır!
Müdafiələr göstərdi ki, bəzi fakültələrdə 4-5 tələbənin hazırladığı dissertasiyanın yalnız biri, ən gözəgəlimlisi 5 nəfər üçün ümumi bir dissertasiya kimi seçildi və 110-120 səhifəlik bir dissertasiyanın titul vərəqində 4-5 tələbənin adı müəllif kimi yazıldı (???), halbuki, yalnız bir tələbənin dissertasiyası bu həcmdə olmalıdır. Müdafiədə isə tələbələr ardıcıl olaraq çıxış edərək, dissertasiyanın məzmununu hissə-hissə (???) məruzə etdilər. Çox gülünc bir mənzərə. AzTU-da belə dissertasiyaları ironiya ilə “beşi birində dissertasiya” adlandırırlar.
Bəzi fakültələrdə isə 4-5 nəfərin dissertasiyası ard-arda bir birinin dalınca bir yerə toplandı və ümumi həcmi 400-500 səhifəyə çatdı. Nə əsasla, hansı təlimatın əsasında? Sual olunur, bunlar hamısı nəyə lazım idi? Heç kim bilmir, yəqin ki, Vilayət Vəliyev bilər.
Maraqlıdır ki, bəs bu il magistr dissertasiyaları ilə əlaqədar vəziyyət necədir. V.Vəliyevlə 4 illik tanışlığımız onu göstərir ki, hər dəfə bir sürpriz çıxarmasaydı, Vilayət Vilayət olmazdı".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt