LEYLA YUNUS NƏLƏRİ DEYİB?
Tarix: 1-02-2012, 11:32 |
Çap et
“DEDİM Kİ, 7 ÖHDƏLİK ÜMUMİYYƏTLƏ YERİNƏ YETİRİLMƏYİB”
Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Cozef Debone Qrex yanvarın 31-də hüquq müdafiəçiləri ilə görüşüb.
Görüşdən sonra “Azadlıq” radiosuna danışan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyib ki, işgəncələr, siyasi məhbuslar, müstəqil məhkəmə sisteminin olmaması, mülkiyyət hüquqların pozulması məsələləri müzakirə olunub: “Bildirdim ki, Azərbaycan Avropa Şurasının üzvü olanda 21 öhdəlik götürmüşdü. Sülh və Demokratiya İnstitutunun apardığı monitorinqə görə, bu öhdəliklərdən 4-ü tam, 10-u kağız üzərində yerinə yetirilib. Dedim ki, 7 öhdəlik ümumiyyətlə yerinə yetirlməyib. Bunlardan biri işgəncə məsələsidir. Azərbaycanda hər il azı 10 adam işgəncə nəticəsində ölür. Ancaq işgəncə verənlərdən heç biri indiyə qədər cəzalandırılmayıb”.