TİBB UNİVERSİTETİNİN MÜƏLLİMLƏRİ MƏHKƏMƏ QARŞISINDA
Tarix: 7-02-2012, 12:51 |
Çap et
ONLAR KORRUPSİYADA İTTİHAM OLUNURLAR
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasının assistenti Mahmud İsmayılovun cinayət işi üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışının vaxtı fevralın 9-na təyin olunub.
Məlumata görə, vətəndaş Hüseynov Aydın Zəkər oğlunun Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “161 qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciəti əsasında toplanmış material üzrə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Belə ki, Aydın Hüseynov “161-Qaynar xətt” əlaqə mərkəzinə zəng edərək qızı Aidə Hüseynovanın üzərində apardığı cərrahiyyə əməliyyatının müqabilində Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahlığı” kafedrasının assistenti İsmayılov Mahmud Uğurlu oğlunun ondan rüşvət istəməsi barədə məlumat verib.
Müəyyən edilib ki, Mahmud İsmayılov Bakı şəhər sakini Aidə Hüseynovanın üzərində 7 oktyabr 2011-ci il tarixdə qeyd olunan kafedrada apardığı cərrahiyyə əməliyyatının müqabilində Aydın Hüseynovdan 1000 manat pul istəyib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mahmud İsmayılov oktyabrın 24-də özünə məxsus avtomaşında 550 manat pulu Aydın Hüseynovdan rüşvət kimi alarkən cinayət başında tutulub.
Törətdiyi cinayət əməlinə görə Mahmud İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.