KƏMALƏ RƏHİMLİNİN DURUMU AĞIRDIR
Tarix: 8-02-2012, 13:10 |
Çap et
“ONA HƏYƏCAN KEÇİRMƏK QƏTİ ŞƏKİLDƏ OLMAZ”
7 ay öncə iflic olan və fiziki durumunda problem yaranan əməkdar artist Kəmalə Rəhimlinin səhhətində ciddi irəliləyiş yoxdur.
Hər gün müalicə üçün həkimə aparılan müğənninin maddi köməyə ehtiyacı var. Bunu Milli.Az-a sənətçinin bacısı İradə xanım bildirib:
"Kəmalə xanım indi həkimdədir. Evə gəlsə belə, sizinlə rahat danışa bilməyəcək. Ona həyəcan keçirmək qəti olmaz. Bacım uzun illərin sənətçisidir və dövlət tədbirlərində, hərbi hissələrdə dəfələrlə çıxış edən qabaqcıllardan olub. Sənətindən iki əllə yapışıb və bütün imkanlarını göstərməyə çalışıb. Bu gün onun durumu ağırdır...
Müalicəsi külli miqdarda vəsait tələb edir. Ən az pul aparan iynəsinin birini 20 manata əldə edirik. Hər gün müalicə kursuna gedir. Həkimindən vəziyyətini xəbər alırıq, deyir, hələ səbr edin. Səbr edirik. Amma bacımın vəziyyətini görüb dözüm göstərmək çətindir".
İradə xanım əlavə edir ki, bir neçə ay öncə Kəmalə xanımın danışıq, hərəkət qabiliyyəti daha da ağır idi. O, fikrini çətinliklə başa sala bilirdi. 7 aydan bəri onun bu problemində cüzi irəliləyiş olub.
"Maddi vəziyyəti ürəkaçan deyil, həkimə, müalicəyə hələ çox pul lazımdır", - deyə İradə xanım bildirdi.