“TEHRAN HİRSİNİ BİZDƏN ÇIXMAĞA ÇALIŞIR”
Tarix: 20-02-2012, 12:31 |
Çap et
AZƏRBAYCAN İRANIN ƏSAS HƏDƏFİNƏ ÇEVRİLƏ BİLƏR
Güney Azərbaycan Televiziyasının “Həftə sonu” proqramının növbəti buraxılışı gərginləşən İran-Azərbaycan münasibətlərinə və rəsmi Bakının NATO ilə əməkdaşlığının inkişafı perspektivlərinə həsr olunub.
“Media forum” saytı xəbər verir ki, proqramın qonağı olan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli 2011-ci ilin sonlarından İran-Azərbaycan münasibətlərindəki gərginliyin pik nöqtəsinə çatdığını deyib: “Beynəlxalq aləmin İrana qarşı artan sanksiyaları fonunda Tehran əks-reaksiya göstərir və hədəflərdən biri kimi Azərbaycanı götürür. Tehran Azərbaycanı Qərbin müttəfiqi kimi dəyərləndirərək hirsini bizdən çıxmağa çalışır.
BMT-də Suriya ilə bağlı keçirilən səsvermə göstərdi ki, Azərbaycan təhlükəsizlik məsələlərində Qərbin yanındadır. İranın nüvə çalışmalarına qarşı yürüdülən siyasətdə də Azərbaycan Qərbin yanında yer alıb. Tehran buna qarşı primitiv və əsasız şəkildə əks-reaksiya göstərir. İranın Azərbaycana ünvanladığı son nota da bunun tərkib hissəsi idi”.
Azərbaycan- NATO münasibətlərindən də danışan Cəsur Sümərinli bu əməkdaşlıqdan böyük gözləntiləri olduğunu bildirib: “İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda bizim üçün NATO ilə əməkdaşlığın əhəmiyyəti bir az daha artır. Şimali Atlantika Bloku gələcəkdə hətta Azərbaycanın Xəzərdəki enerji yataqlarının qorunmasına da əməli yardım göstərə bilər. Çünki Tehran rəsmiləri İranın hücuma məruz qalacağı halda Qərbin bölgədəki obyektlərini hədəf götürəcəklərini deyiblər. Söhbətin hansı obyektlərdən getdiyi bəllidir”.