İŞİD qurbanlarına aid kütləvi məzarlar aşkarlandı
Tarix: 20-04-2016, 08:42 |
Çap et
İraqın Rəmadi şəhərində İŞİD terroru nəticəsində dünyasını dəyişən insanlara aid 3 kütləvi məzar aşkarlanıb. ANS PRESS-in xəbərinə görə, bu barədə Ənbar vilayətinin polis rəisi Hadi Razinc Kəssar “Anadolu” agentliyinin yerli bürosunun əməkdaşına məlumat verib.
Kəssar bildirib ki, Ənbar vilayətinin Rəmadi şəhərində təhlükəsizlik qüvvələrinin sağ ələ keçirdiyi silahlıların ifadəsi əsasında qazıntı işləri aparılıb. Qazıntı vaxtı Rəmadinin əl-Məlab məhəlləsində 3 kütləvi məzarlıq aşkarlanıb.
Məzarlarda əksəriyyəti hərbçilər, bəzisi mülki əhaliyə aid 30 cəsəd aşkarlandığını deyən polis rəisi buradan iki azyaşlı uşaq meyiti çıxdığını da bildirib.
Cəsədlərin çürümək üzrə olduğunu deyən Kəssar onların əksəriyyətində odlu silah izi olduğunu, ötən il Rəmadini işğal edən İŞİD silahlılarının bu şəxslərə yaxın məsafədən atəş açaraq öldürdüyünü qeyd edib.