“Böyük Britaniya, Polşa və digər NATO müttəfiqlərinin qoşunları NATO-nun şərq cinahında təlimlər keçirir. Bu tədbirlər təkcə məşq təlimləri deyil, həm də Rusiyaya alyansın istənilən yeni təcavüzə müqavimət göstərməyə hazır olduğunu başa salmaq üçün nəzərdə tutulub”.
Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın “Sky News” telekanalı keçirilən təlimləri belə qiymətləndirib.
Telekanalın iddiasına görə, Britaniya, Polşa və digər müttəfiq qüvvələr təlimlərdə düşmənlə döyüşləri simulyasiya edirlər və hər kəs düşmənin Rusiya olduğunun fərqindədir. Məhz Rusiya ilə son zamanlar NATO müttəfiqlərinin və tərəfdaşlarının münasibətlərində gərginlik artmaqdadır. Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles bu yaxınlarda mediaya verdiyi açıqlamada vurğulayıb ki, o, Rusiya qoşunlarının qonşu Ukrayna ətrafında cəmlənməsindən və Kremlin müttəfiqi Belarusun miqrantlardan silah kimi istifadə etməsindən narahatdır. “Mən hadisələr arasında əlaqəni mühakimə edə bilmərəm, amma fakt budur ki, Avropanın bu hissəsində ciddi aktivlik var. Bu, təhlükəsizliyi təhdid edir və düşünürəm ki, bizim cavablarımızdan biri həm siyasi, həm də hərbi baxımdan həmrəylik nümayiş etdirmək olmalıdır”, - Ben Uolles belə deyib.
Londonun Rusiya ilə münasibətləri gərginləşən Ukrayna və Polşaya simvolik qiymətə müasir silahlar satması da Moskvada ciddi narahatlıq doğurur. Rusiya prezidenti Vladimir Putin 2 gün əvvəl XİN-nin genişləndirilmiş kollegiya iclasında bu barədə narahatlığını açıq dilə gətirmişdi. Britaniyanın daha bir gərginlik ocağına – Ukraynaya hərbi gəmi və raketlərin satışının planlaşdırdığını bildirən Putin demişdi: “Biz daim bununla bağlı narahatlığımızı bildirir, qırmızı xətlərdən danışırıq, lakin belə başa düşürük ki, tərəfdaşlarımızın çox özünəməxsus xasiyyətləri var və yumşaq desək, onlar bütün xəbərdarlıqlarımıza çox səthi yanaşırlar”.
“Sky News”-un iddialarına görə isə NATO qoşunları məsələyə çox fərqli aspektdən baxırlar. Onlar müdafiə ittifaqı olduqlarını iddia edirlər və Moskvanın NATO-nun qırmızı xətlərini tapdalayacağı təqdirdə hərəkətə keçəcəklərini bildirirlər. “Sky News” əməkdağı Debra Hayns Şərqi Avropada keçirilən hərbi təlimlərlə Moskvaya bu mesajın verildiyinə inanır: “Bunlar təkcə Böyük Britaniya, Polşa və digər NATO müttəfiqlərinin qoşunlarının təlimləri deyil, həm də Rusiyaya alyansın istənilən yeni təcavüzə qarşı durmağa hazır olduğunu başa salmaq məqsədi daşıyır”.
Sözsüz ki, jurnalistin həmin fikirləri NATO üzvlərdən birinə hücum ehtimalına aiddir. Bəs Rusiya NATO-ya daxil olmayan tərəfdaş ölkələrdən birini, məsələn, Ukraynanı yenidən işğal edərsə necə olacaq? NATO qüvvələri eyni həssaslıqla buna cavab verəcəkmi? “Sky News” müxbirinin fikrincə, bu məsələdə qeyri-müəyyənlik var və bu qeyri-müəyyənlik böyük risk daşıyır.
Telekanal həmçinin bildirib ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi yaxın həftələrdə Polşa-Belarus arasındakı sərhədlərdə hasar tikintisi üçün bölgəyə ən azı 100 hərbi mühəndis göndərməyi planlaşdırır.