Rusiyanın genişmiqyaslı işğalı başlayandan aprelin 9-u səhər saatlarına olan məlumata görə, Ukraynada 468 uşaq ölüb, 947-dən çox uşaq xəsarət alıb. DİA.AZ AYNA-ya istinadla bildirir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.
Ümumilikdə, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı silahlı təcavüzü nəticəsində 1415-dən çox uşaq zərər çəkib.
Baş Prokurorluğun məlumatında qeyd edib ki, bu məlumatlar yekun xarakter daşımır, çünki döyüş bölgələrində, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə araşdırmalar davam etdirilir.
"Uşaqlar ən çox Donetsk vilayətində - 449, Xarkovda - 275, Kiyevdə - 127, Xersonda - 94, Zaporojyedə - 89, Nikolayevdə - 85, Çerniqovda - 68, Luqanskda - 66, Dnepropetrovskda - 66 nəfər – zərər görüb", - Baş Prokurorluqdan bildirilib.
Vahid Vətəndaş Partiyası xatırladır ki, aprelin 9-da Rusiya qoşunları Zaporojye şəhərinə növbəti dəfə raket zərbələri endiriblər. Raketlərdən biri fərdi yaşayış binasına düşüb. Evin dağılması nəticəsində 11 yaşlı qız uşağı ölüb.
Bir gün əvvəl, aprelin 8-də isə Donetsk vilayətinin Toretsk şəhərinin ruslar tərəfindən atəşə tutulması nəticəsində 15 yaşlı yeniyetmə yaralanıb.
Bundan əvvəl Rusiya hərbçiləri Donetsk vilayətinin Avdiyevka şəhərini atəşə tutub, nəticədə körpə uşaq ölüb. Martın sonunda isə ukraynalılar tərəfindən əsir götürülən bir rus hərbçi azyaşlı uşağın rus ordusu tərəfindən edam edilməsindən danışıb. Onun bildirdiyinə görə, rus hərbçiləri 12 yaşlı oğlanı güllələyiblər.
UNICEF-in aprelin əvvəlinə olan məlumatına görə, Rusiya Federasiyasının Ukraynada genişmiqyaslı müharibəsi başlayandan bəri 500-dən çox uşaq həlak olub. UNICEF-in icraçı direktoru Ketrin Rassel qeyd edib ki, bunlar yalnız BMT-nin təsdiqlənmiş məlumatlarıdır. Onun sözlərinə görə, ölən uşaqların real sayı bundan çox ola bilər. Yaralı uşaqlarla bağlı Russell daha çox rəqəm səsləndirib. BMT-nin məlumatına görə, 1000-ə yaxın uşaq müharibə zamanı müxtəlif xəsarət alıb.