SSRİ-nin dağılması ilə Rusiya da çox ciddi problemlərlə üzləşib. Demoqrafiya onun ən başlıca problemi olaraq qalır. Sovetlər dövründə bunu ikinci dünya müharibəsi zamanı verilən itkilərlə əlaqələndirirdilər. İndi isə onun səbəbləri artır.
Moskva və Bütün Rusiyanın Patriarxı Kirill prezident seçkisi qabağı pravoslav din xadimlərinə və dindarlara müraciətində bu məsələdən də bəhs edib: “Kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəzlənməsi riski altındayıq. Rusiyada miqrantlara pasportlar paylanılmalıdır”. O vurğulayıb ki, Rusiya vətəndaşlığını qəbul edən hər kəs xaç suyuna salınmalı, onlara xaç verilməli, sonra da yeni vətənlərini müdafiə etməlidirlər.
Patriarx Kirill deyib ki, Rusiya çoxəsrlik tarixində ilk dəfə olaraq pravoslav dövlətindən İslam xilafətinə çevrilmək təhlükəsi ilə üz-üzədir: “Bir vaxtlar Konstantinopoldakı Müqəddəs Sofiyada olduğu kimi, ilk dəfə olaraq, kilsələrimizdəki xaçların İslam ayparası ilə əvəz edilməsi kimi ölümcül risk altındayıq”.
Onun sözlərinə görə, miqrantların assimilyasiyası üçün daha çox səy göstərilməlidir: “Onları inanc və dünyagörüşü baxımından bizə yaxın olmağa məcbur etməliyik. Əks halda, onların mədəniyyəti üstünlük təşkil edə bilər. Nəticədə pravoslav inancı təhlükə altında olacaq və müqəddəs kilsələr yenidən məscidlərə çevriləcək. Nəzarətsiz miqrasiya və tədricən islamlaşma çoxmillətli Rusiya və onun pravoslav “nüvəsi” üçün fəlakətli şərtlərdir”.
Müraciəti Rusiyanın və pravoslavların liderinin, baş keşişinin etdiyi məlum olmasa idi, elə zənn edərdik ki, bunu velikorus şovinisti, yaxud rus nasisti edir. Rusiya çoxmillətli, çox mədəniyyətli, çox dinli, çox təriqətli bir ölkədir. Ölkədə sayca xristianlardan sonra ikinci yerdə müsəlmanlardır. Bu ölkənin bütün istiqamətlərdə uğur əldə etməsində onların rolu əvəzsiz olub. Müsəlmanlara ayrı-seçkiliklə baxan patriarx azından Ukrayna müharibəsində həlak olan müsəlman gəncləri, əsgər və zabitləri yadına salmalı idi.
Baş keşiş Kiril Rusiya hakimiyyətinin Ukraynada apardığı müharibədə həlak olan tatar, başqırd, ləzgi, avar, inquş və daha neçə-neçə müsəlmanların tökülən qanını unudub?
Rusiya tarixində kilsənin məscidə çevrilməsi hadisəsi baş verməyib. Bu, Ayasofya ilə bağlı baş verən hadisədir. Hər halda, kilsə və məscidlərin dağıdılması, insanların Allahı danması kimi vəhşiliklər Rusiya tarixinə daha çox xasdır. Türkiyədə baş verən hadisədən bəhs etmək isə Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaq, başqa dövlətin tarixinə dil uzatmaq, ərazisinə, daxili işlərin qarışmaqdır.
Rusiyanın Ukrayna ilə savaşda ən yaxın tərəfdaşı İran İslam Respublikasıdır. Patriarx bu islamofob açıqlaması ilə həm də Moskva-Tehran münasibətlərinin korlanmasına əsas verir.
Vaxtı ilə velikorus şovinistləri Sibirdə, Uzaq Şərqdə türk və monqollardan qalma şamanları, buddistləri xristianlıq adı altında ruslaşdırdılar. Həmin dövrdə, Kirilin dediyi kimi, rus olmayanların boynuna xaç işarəsi asır, monarxın ideyaları uğrunda müharibəyə göndərirdilər.
Pravoslavların lideri bu çıxışı ilə bəyənmədiyi Avropadakı antisemitləri, islamofobları xatırladır.
Xristian dinində insanların bir-birinin sevməsi İsa peyğəmbərin dilindən daha çox təbliğ edilir. Hətta qatilin bağışlanması birmənalı bururuq sayılır. İndiki şəraitdə iki qardaş arasında müharibənin dayandırmağa çağırışlar etmək patriarx üçün daha məntiqli olardı. Çünki bu savaşa günü-gündən qloballaşır.
Məsələnin başqa bir tərəfi isə Rusiyanın pravoslav vətəndaşlarının öz borclarını yerinə yetirməsi səviyyəsi ilə bağlıdır. Bir dövlətin vətəndaşları torpaqlarını müdafiə edə bilmirsə, yaxud döyüşmək istəmirsə, o zaman mühacirlərin boyunun xaç taxıb, onu “vətəni” müdafiəyə göndərmək məntiqsizlikdir. Patriarxın müraciətindən belə qənaətə gəlmək olar ki, Ukraynada müharibə aparmaq üçün boyunlarında anadangəlmə xaç olan, yaxud vaftiz olunmuş pravoslav Rusiya vətəndaşları azlıq edir. Bu səbəbdən də baş keşiş mühacirləri xristianlaşdırıb, ölkəsi naminə döyüş göndərməyi hədəfləyir. Bununla da o, qanunazidd olaraq, səfərbərliklə məşğul olur. Halbuki Rusiya dünyəvi dövlətdir və kilsə dövlətdən ayrıdır.
Patriarx Kiril özünü katolik papası kimi aparmaq istəyir. Guya onun fətvası ilə milyonlarla insan boynuna xaçı asıb, Rusiya hakimiyyətinin ideyaları uğrunda müharibəyə qoşulacaq, yaxud yerlərdə onun idarələri bu işi təşkil edəcəklər. Kirilin xaç taxdırmaq ifadəsi, bir az da quldarlıq, yaxud təhkimçilik dövründəki boyunduruğu xatırladır. Belə çıxır ki, Rusiyanın baş keşişi mühacirlərə qul, ikinci növ insan kimi baxır. Halbuki Romam Papası hər il ən yoxsul, ən səliqəsiz katolikin ayağını öz əllər ilə yuyub, qurudur. O, müsəlmanlara da münasibətdə pravoslav lideri kimi aqressiv çıxışlar etmir. Hətta Ukraynadakı müharibədə tərəfləri atəşkəsə çağırıb.
Heç Rusiya Prezidenti Vladimir Putinin çıxışlarında da bu qədər ksenofobiya və islamofobiya elementləri hiss olunmur. Bir vaxtlar o, Rusiya Federasiyasının İslam Əməkdaşlıq Təşkilatına üzv olması məsələsinin gündəliyə çıxarmışdı. Dəfələrlə mətbuat konfranslarında, müxtəlif başqa tədbirlərdə Qurandan sitat gətirərək, onu müqəddəs kitab adlandırıb və ibrət götürməyə çağırıb. Patriarxın müraciətindən onu da başa düşmək olar ki, kilsə ilə Kreml arasında məsələlərə başqa-başqa mövqedən yanaşma var.
Hər halda, baş keşiş Kirilin ünvanlandığı məktub müasir dünyanın dinə, humanitar məsələyə və müharibəyə baxışının şərtlərinə heç bir formada uyğun gəlmir. Bu, pravoslav kilsəsinin islamofobiyanı təbliğ etməsi faktıdır. Bir zamanlar skinhedlər məhz bu cür çağırışlarla Rusiya vətəndaşı olmasına baxmadan fərqli millətlərə mənsub olan insanlara zorakılıq tətbiq edirdilər. Beləliklə, Patriarx Rusiyaya və onun liderinə yardım etmək istəsə də, onun bu addımı Rusiyaya da, Vladimir Putinə də, bəşəriyyətə də zərərdən başqa heç nə gətirmir…
Sədrəddin Soltan - pressklub.az