Əsas Səhifə > Dünya > Parlament seçkilərinin nəticələri ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb
Parlament seçkilərinin nəticələri ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb1-03-2016, 09:28 |
İranda elan olunan parlament seçkilərinin rəsmi nəticələri Tehranda yerli sakinlər arasında fərqli reaksiyalara səbəb olub. Dünya ölkələri ilə Tehran arasında bağlanmış tarixi nüvə sazişini dəstəkləyən islahatçı və mötədil namizədlər qatı mühafizəkarları üstələyərək, parlamentdəki əsas yerləri tutub. Sosial azadlıqların genişləndirilməsini və Qərblə əlaqələrin möhkəmlənməsini istəyən islahatçılar və prezident Həsən Ruhaninin tərəfdarları, ümumilikdə 85 mandat əldə edib. Mötədil mühafizəkarlar isə 73 yer qazanıb.Nüvə sazişinə qarşı çıxan radikallar isə Milli Məclisdə 68 yer qazana biliblər. 5 yer dini azlıqlara veriləcək. Qalan 59 yerin sahibləri isə aprel ayında keçirilməsi gözlənilən ikinci turda müəyyənləşəcək. “Nəticələr barədə nikbinəm. Bundan əvvəl mühafizəkarlara inanırdıq, ancaq onlar hakimiyyətdə olanda gördükləri işlər heç də ürəyaçan olmadı. Həmin dövrdə ölkədə nələrin baş verdiyini danışmaq istəmirəm, ancaq onu deyim ki, ölkədə korrupsiya baş almışdı. Ona görə başqalarının hakimiyyətə gəlməli və dəyişikliklər etməli olduğunu hesab edirdim.” – deyə Tehran sakini Azadə Yusifi bildirib. Siyasi şərhçi Abbas Abdi yeni qurulacaq parlamentin İslam inqilabından sonrakı 5-ci parlamenti xatırlatdığını və islahatçıların əsas hədəfinin radikalları hökümət sıralarından uzaqlaşdırmaq olduğunu bildirib. Şərhçi seçki nəticələrinin İranın xarici siyasətinə müsbət təsir göstərəcəyinə və beynəlxalq aləmdə nüvə sazişinin güclü zaminə çevriləcəyini hesab edir. Prezident Həsən Ruhaninin müttəfiqləri olan islahatçılar həm də İranın Ali dini liderini seçən Dini Ekspertlər Şurasındakı yerlərin 59 faizini qazanıb. Prezident Həsən Ruhani və sabiq prezident Əkbər Haşimi Rəfsəncani başda olmaqla, 52 islahatçı namizəd 88-üzvü olan Dini Ekspertlər Şurasına keçib. Geri qayıt |