Əsas Səhifə > Dünya > Qərb-Rusiya qarşıdurması daha ağır çalar alır
Qərb-Rusiya qarşıdurması daha ağır çalar alır2-12-2021, 08:13 |
Kiyev və Qərb ölkələri Rusiyanın Ukrayna sərhədlərində “aqressiv hərəkətləri”nin artdığını iddia edirlər. Moskva isə bəyan edir ki, o, öz ərazisində və öz qaydalarına uyğun hərəkət edir. NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt” qəzetinə açıqlamasında bildirib ki, Rusiya ordusunun Ukrayna sərhədinə doğru köçürülməsi “sadəcə blef” kimi qiymətləndirilə bilməz. Baş katibin sözlərinə görə, bu il ikinci dəfədir ki, Rusiya minlərlə əsgərini Ukrayna sərhədinə köçürür, təlimlər keçir: “NATO gələcəkdə özünü hücumdan qorumaq üçün Ukraynaya siyasi və praktiki dəstəyi davam etdirəcək. Rusiyanı gərginliyi azaltmağa çağırıram”. Kremlin sözçüsü Dmitri Peskov isə vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı hər hansı hücum planı yoxdur. Xatırladaq ki, Rusiya Belarus ilə birlikdə keçirdiyi hərbi təlimlərin aktiv mərhələsinin ikinci günündə yeni döyüş robotları və taktiki vasitələrdən istifadə edib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qoşunlar uzaqdan idarə olunan, qumbaraatan və pulemyotla silahlanmış “Platform-M” döyüş robotlarından istifadə ediblər. Rusiya xəbər agentlikləri bu cür platformaların ilk dəfə təlimlərdə iştirak etdiyini açıqlayıb. Gələn həftənin cümə axşamına qədər davam edəcək “Zapad-2021” hərbi təlimləri Avropa İttifaqının sərhədlərinə yaxın ərazidə keçirilir. Ona görə də təlimlər Ukrayna və bəzi NATO ölkələri tərəfindən narahatlıqla qarşılanıb. Rusiya Prezidenti Vladimir Putin təlimlərin hər hansı xarici qüvvəyə qarşı yönəlmədiyini deyib. O, Rusiyanın və müttəfiqlərinin sərhədləri yaxınlığında NATO-nun aktivliyinin artdığını nəzərə alaraq təlimlərin məntiqli olduğunu söyləyib. Ukrayna, Polşa və Litva isə belə böyük təlimlərin təxribat xarakterli olduğunu iddia edirlər. Almaniya Xarici işlər naziri Hayko Maas deyib ki, Ukraynanın ərazi bütövlüyü pozularsa, o zaman Rusiya üçün ciddi siyasi və iqtisadi nəticələrə gətirib çıxara bilər. Tərəflərin nüfuz mübarizəsini “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu hesab edir ki, Rusiya-Ukrayna gərginliyi Qərb-Rusiya qarşıdurmasının davam edəcəyini göstərir. Analitikin sözlərinə görə, gərginlik ilk dəfə yaşanmasa da, budəfəki problem daha ağır çalar alıb: “Hətta Vaşinqtonda ölkəni Rusiya ilə açıq hərbi savaşa səsləyənlər var. Ağ Evin hazırkı strategiyası xaricdəki problemlərin həlli üçün hərbi gücdən istifadəni nəzərdə tutur. Lakin düşünürəm ki, daha çox iqtisadi sanksiyaların müzakirəsi gedəcək. Rusiya ağır şəkildə sanksiyalara məruz qalsa da, bu ölkə ilə qarşıdurma arzuedilməzdir. Ən azı ona görə ki, Rusiya nüvə dövlətidir, onunla açıq təhdidlə danışmaq təhlükəlidir. ABŞ da nüvə silahına malik ölkədir. İki nüvə gücünün qarşıdurmasının nə demək olduğunu isə əlavə şərh etməyə ehtiyac yoxdur”. A.Rəşidoğlu bildirib ki, Rusiya ancaq postsovet məkanında təxribatlara əl ata bilər. Lakin bu da elə asan məsələ olmayacaq: “Beynəlxalq aləm buna ciddi reaksiya verəcək. Bütün bunlara baxmayaraq, Rusiya vəziyyətdən çıxmaq üçün dünyanın müxtəlif bölgələrində lokal və irimiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Rusiyanın dünyanın müxtəlif ərazilərində ilhaqçılıq və işğalçılıq siyasəti, Ukrayna, Azərbaycan, Moldova, Gürcüstanda, habelə Yaxın Şərqdəki destruktiv fəaliyyəti Qərbi sanksiyalara vadar edir. Məhz bu və digər səbəblər nəticəsində Qərblə Rusiya arasında böhranlı vəziyyət səngimir. Hesab edirəm ki, bu proses davam edəcək”. Rusiya-ABŞ qarşıdurması bölgə ölkələrinin siyasətinə də təsirsiz qalmaya bilər: “Bölgə ölkələrinin maraqlarına da nəzər yetirmək lazımdır. Məsələn, ABŞ-la gərgin münasibətlər yaşayan Türkiyə Rusiya ilə yaxınlaşmaqda davam edir. Türkiyə öz maraqlarına xidmət edən siyasi kursa üstünlük verir və çalışır ki, digər rəqibləri ilə də əlaqələri normallaşdırsın”. Geri qayıt |