Əsas Səhifə > Dünya > Belarusa qarşı cəbhə açılır: 4 dövlət bir yanda, Azərbaycan digər yanda...

Belarusa qarşı cəbhə açılır: 4 dövlət bir yanda, Azərbaycan digər yanda...


21-12-2021, 08:16
Belarusa qarşı cəbhə açılır: 4 dövlət bir yanda, Azərbaycan digər yanda...
Ötən həftə Brüsseldə keçirilən toplantının sonunda Avropa İttifaqı ölkələri və Şərq Tərəfdaşlığı Proqramı dövlətlərinin liderləri birgə sənəd imzalayıblar. Sənəddə Belarusla bağlı ayrıca bənd olub. Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb. Belə əsaslandırıb ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir.

Qeyd edək ki, 2009-cu ildə təsis edilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına Ukrayna, Gürcüstan, Moldova, Ermənistan, Azərbaycan və Belarus daxildir. Rəsmi Minsk bu il iyunun 28-də üzvlüyünü saxlamaqla bu proqramda iştirakını dayandırıb.

Ukrayna, Gürcüstan və Moldova isə mayın 17-də Kiyevdə Avropa İtifaqına üzv olmaq qətiyyəti və iradəsini ifadə etmək üçün “Assosiasiyalı trio”nun yaradılması haqqında memorandum imzalayıb.

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin liderlərinin sammiti müsbət məqamlarla yadda qalıb: “Sammit çərçivəsində Prezident İlham Əliyev Avropa İtiffaqı və NATO rəhbərləri ilə görüş keçirib. Azərbaycanla Avropa ittifaqı arasında münasibətlərin yüksək olduğunu, bu münasibətlərin gələcəkdə daha da artacağını bəyan edib. Eyni zamanda 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı tarixi zəfərin yeni reallıqlar yaratdığını, Ermənistanla münasibətlərin bərpasında maraqlı olduğumuzu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb”.

“Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bir dəfə olsun Qarabağ münaqişəsi ifadəsini işlətməyib. Xatırlayırsınızsa, Prezident İlham Əliyev dəfələrlə Qarabağ münaqişəsinin bitdiyini bəyan edib. Avropa İttifaqı rəhbərinin Qarabağ münaqişəsi ifadəsini dilə gətirməməsi əldə etdiyimiz uğurun dünya miqyasında etirafıdır”, - deyə deputat bildirib.

Belarusla bağlı bəndə Azərbaycanın imza atmamasına gəlincə, həmsöhbətimizin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, digər dövlətlərin daxili işlərinə qarışmır: “Ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi bizim üçün qırmızı xətdir. Çox haqlı mövqedir və müstəqil xarici siyasət kursumuzun parlaq nümunəsidir. Bu gün Azərbaycanla Belarus arasında dost münasibətləri mövcuddur. Biz dostları dar gündə tək qoymuruq və onlara arxa çevirmirik”.

“Bu, həm də Azərbaycanın qətiyyətli bir dövlət olduğunu bir daha sübut edir. Çox təəssüf ki, Qərb təsisatları digər dövlətlərin daxili işlərinə müdaxiləni özlərinin əsas fəaliyyət istiqamətinə çevirib. Azərbaycanla bağlı da oxşar addımların şahidi olmuşuq. Bəzi dövlətlərlə bağlı isə qırmızı xətti keçiblər. Ərəb ölkələrində və müxtəlif postsovet dövlətlərində baş verənlər bunun bariz nümunəsidir”, - deyə Məhəməliyev vurğulayıb.

Əlavə edib ki, bu addımı ilə Azərbaycan Qərbin müstəqil dövlətlərin daxili işlərinə müdaxilə cəhdinə də etiraz etmiş olub: “Qərbin bu yolla dövlətləri necə çökdürməsi uzaq tarixdə baş verməyib. Hamımız bu barədə məlumatlıyıq. Təbii ki, Belarusla bağlı bəndə imza atmamalıydıq və atmadıq da”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, Azərbaycanın Belarusla bağlı bəndi imzalamaması bir neçə səbəbdən qaynaqlanır: “Bunlardan birincisi Azərbaycanla Belarus arasında mövcud münasibətlər, digəri Azərbaycan iqtidarının demokratik dəyərləri müdafiə etməyə hazır olmaması ilə bağlıdır”.

“Daha bir faktor isə Rusiyaya görədir. Belarusda baş verənlər hazırda dünya siyasi gündəmini məşğul edən əsas mövzulardandır. Son prezident seçkiləri zamanı bu ölkədə yüz minlərlə insanın küçələrə axışaraq, Lukaşenko rejiminə etiraz etməsi bir daha göstərdi ki, Belarus xalqı dəyişiklik istəyir. Məhz Moskvanın dəstəyi ilə Lukaşenko etirazların qarşısını ala bildi”, - deyə siyasətçi söyləyib.

Xatırladıb ki, həmin hadisələrdən sonra Belarus Şərq Tərəfdaşlığı Proqramında iştirakını dayandırıb: “Hazırda Azərbaycan Belarusa qarşı bəndi qəbul etmiş olsaydı, o zaman Moskvanın da hiddətinə tuş gələ bilərdi. Açıq söyləmək olar ki, Azərbaycan bu bəndi imzalamağa həm özünü hazır saymır, həm də Moskvanın təzyiqlərindən çəkinir”.

Aslanlının fikrincə, digər dörd ölkə ona görə rahat şəkildə bu bəndi imzalaya bilib ki, onlarda demokratik dəyişikliklər artıq baş verib: “Çox təəssüf ki, bizdə bunlar baş verməyib. Bu səbəbdən Azərbaycan iqtidarı belə bir bəndə imza ata bilməzdi”.

Geri qayıt