Əsas Səhifə > Dünya > Müxalifət Azərbaycan hərbçilərinin qaytarılmasından narazıdır

Müxalifət Azərbaycan hərbçilərinin qaytarılmasından narazıdır


22-12-2021, 08:06
Müxalifət Azərbaycan hərbçilərinin qaytarılmasından narazıdır
AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, hakimiyyət bu yaxınlarda saxlanmış iki Azərbaycan hərbçisinin niyə Azərbaycandakı əsirlərlə dəyişdirilmədən buraxılması barədə izahat verməkdən imtina edir.

DİA.AZ-ın məlumatına görə, Ermənistan Milli Məclisi müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan dekabrın 21-də deyib ki, bu mövzu müzakirə üçün açıq deyil.

İqtidar deputatı bu barədə suallara “No comment” cavabını verib.

O habelə Rusiya tərəfininin noyabr döyüşlərində əsir düşən Ermənistan hərbçilərinin qaytarılmasında bu qədər cəld tərpənməməsi barədə sualı da cavabsız buraxıb.

Azatutyun yazır ki, azərbaycanlıların Rusiya tərəfinin fəal müdaxiləsi ilə bir sutka ərzində azad edildiyi bildirilir.

Ermənistan müxalifəti bildirir ki, noyabr toqquşmalarından bir ay keçməsinə baxmayaraq əsir düşən 11 nəfər qaytarılmayıb. Hərçənd həmin müddət ərzində Azərbaycan tərəfi daha 21 nəfəri repatriasiya edib.

Koçaryan deyib:

“Əsirlərin problemi mütləq həll olunacaq. Əgər əsirlər varsa, əgər bizdə əsirlər olsa, hamını hamıya dəyişmək lazımdır”.

Azatutyunun sözü gedən iki azərbaycanlının kimə dəyişdirildiyi barəsində sualına cavab verərkən Koçaryan deyib:

“Mən mübadilə prosesinin detalları barədə məlumatsızam. Amma əgər düşmənin əsirləri ona qaytarılıbsa, bu o deməkdir ki, bizim maraqlarımızdan doğan məsələlər də var”.

Koçaryan Ermənistan tərəfinin hansı maraqlardan çıxış etməsinin xırdalıqlarını açıqlamayıb.

Deputat sadəcə olaraq deyib ki, bu barədə məlumat veriləcək.

Azatutyun Ermənistan Müdafiə Nazirliyi ilə əlaqə yarada bilmədiyini yazır.

Bu da qeyd olunur ki, bu barədə foto və videolar sosial mediada dolaşsa da, rəsmi mənbələr iki gün ərzində susublar.

Yalnız dekabrın 18-də Ermənistan Müdafiə Nazirliyi sərhədi pozmuş iki Azərbaycan hərbçisinin saxlandığı barədə məlumat yayıb. Onların sərhədin hansı hissəsində saxlandıqları da bildirilmirdi.

Müxalifət deputatları israr edirlər ki, saxlanmış iki azərbaycanlı hərbçini bütün erməni əsirlərə dəyişmək lazım idi.

Müxalif Hayastan fraksiyasının deputatı Aram Vardevanyan deyib ki, bu barədə Azərbaycan tərəfinin qarşısında şərt qoulmalıydı: İki Azərbaycan hərbçisinə bütün erməni əsirlər.

Azatutyun yazır ki, rəsmi məlumatlara görə Azərbaycan tərəfində hələ də 50-dək erməni hərbi əsir var. Qeyri-rəsmi mənbələr bu rəqəmin 100 olduğunu bildirir.

Vardevanyan bu barədə deyib:

“Hərbi əsirlər məsələsindən artıq bir ildir ki, Ermənistan Respublikasına qarşı hər vəchlə istifadə olunur. Ombudsmen cənab Tatoyan bizim əsirlərimizin orada nə vəziyyətdə olduqlarına dair müntəzəm məlumatlar verir. Bağışlayın, amma indi humanizm vaxtı deyil. Yeri gəlmişkən humanizm ikitərəfli olur. Bu, bizim hakimiyyətin növbəti dişsiz hərəkətidir”.

Geri qayıt