Əsas Səhifə > Dünya > Paşinyandan rəqiblərinə ƏKS ARQUMENTLƏR...
Paşinyandan rəqiblərinə ƏKS ARQUMENTLƏR...25-12-2021, 08:37 |
DİA.AZ: - “Məni torpaqları verməkdə ittiham edirlər. Əslində, bu əsassız ittihamdır. Amma legitim ittiham da var: məni torpaqları verməməkdə ittiham edə bilərlər və bu legitim ittiham olar. Əgər kimsə mənə desəydi ki, “sadəcə olaraq başqa variant yoxdur və sən müharibə olmaması üçün bu torpaqları verməliydin”, bu legitim ittiham olardı”. DİA.AZ-ın məlumatına görə, AzadlıqRadiosunun Erməni xidməti - Azatutuyun yazır ki, bu bəyanatı dekabrın 24-də özünün Facebook səhifəsində apardığı onlayn mətbuat konfransı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan verib: “Ermənistan sülh razılaşmasının imzalanmasında və bu razılaşma üzrə danışıqlara başlanmasında maraqlıdır. Bu yaxınlarda ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar üçün gündəlik təklif etmişdilər və bu gündəliyin bəndlərindən biri də dinc və hərtərəfli tənzimləmə idi. Biz bunda maraqlıyıq, bundan imtina etmirik və bu barədə danışmaqdan imtina etməyəcəyik”. Ermənistan baş naziri bildirib ki, o MDB-nin dekabrın 28-də keçiriləcək sammitində iştirak edəcək. Ona verilən suallardan biri də bu sammitdə Azərbaycan prezidenti İlham Əlıiyevlə görüşüb-görüşməyəcəyi barədə idi. Bu suala cavabında Paşinyan deyib: “Hazırda ikitərəfli rəsmi görüş barədə təklif yoxdur. Amma Azərbaycan prezidenti ilə təmaslar mütləq olacaq. Çünki biz orada MDB ölkələrinin liderləri ilə birlikdə olacağıq və tamaslar olacaq. Amma hələki danışıqlar üçün heç bir rəsmi təklif almamışıq”. Paşinyan Brüsseldə keçirilən görüş zamanı Azərbaycan prezidenti ilə qısa müddətdə tək qalarkən nə barədə danışdığı barədə sualın cavabında deyib ki, onlar elə bu söhbətdən əvvəlki və sonrakı məsələləri müzakirə ediblər. Dekabrın 14-də Brüsseldə keçirilən üçtərəfli danışıqlar zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bir neçə dəqiqəliyinə İlham Əliyevi və Nikol Paşinyanı danışıqlar otağında tək buraxmışdı. Bu, müharibədən sonra iki ölkə liderinin təkbətək ilk görüşü idi. Onlayn keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri habelə yeni beynəlxalq yolun yaradılmasının mümkünlüyündən söz açıb: “Mənim və bizim qavramamızda Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yol sadəcə yol deyil. Bu, açılışında Ermənistanın da maraqlı olduğu yeni beynəlxalq tranzit marşrutudur. Biz, bizim nöqteyi-nəzərimizdən mümkün beynəlxalq əlaqə olacaq yeni yolun tikintisini əvvəllər də istisna etməmişik və istisna etmirik”. Azatutyunun sualına cavab verərkən Paşinyan deyib ki, Brüssel danışıqlarından sonra da Ermənistan tərəfi Azərbaycana gömrük nəzarəti olmayan və rüsum alınmayacaq yol verilməsi ilə razılaşmayacağını bir daha təsdiqləyib. O xatırladıb ki, Azərbaycan prezidenti ilə Brüsseldə görüşənədək o, artıq Ermənistan tərəfinin qırmızı xətləri barədə məlumat vermişdi. Paşinyan bir daha vurğulayıb ki, Ermənistan tərəfi heç bir “dəhliz məntiqini” qəbul etməyəcək: “Bizim avtomobil yolları ilə bağlı prinsipial mövqeyimiz əvvəlki kimi qalır. Brüsseldə mən və Azərbaycan prezidenti təfərrüatları müzakirə etməyə cəhd göstərdik. Biz səbəbini başa düşməyə çalışdıq ki, niyə belə mövqedəyik. Çünki açıq verilən bəyanatlar aysberqin yalnız görünən hissəsidir. Amma bizim bu və ya digər mövqeləri ifadə etməyimizin problem və səbəbləri var. Biz detalları müzakirə edəndə, düzünü deyim ki, mən burda da müəyyən qərarlara gəlmək imkanımızın olduğunu gördüm. Belə olsa, bizim mövqeyimiz və Azərbaycan tərəfindən irəli sürülmüş sırf praktik məsələlər real şəkildə həll oluna bilərdi”. Bununla belə Ermənistan lideri deyib ki, onun bu barədə İlham Əliyevlə hələki razılaşmaları olmayıb. Nikol Paşinyan habelə bu yaxınlarda heç bir qeyd-şərt qoymadan sərhədi pozmuş azərbaycanlı hərbçilərin qaytarılması məsələsinə də toxunub: “Biz onları nəyinsə müqabilində qaytarmamışıq. Çünki istəmirik ki, necə deyərlər, adamlarla alver etdiyimiz kimi təsəvvür yaransın. Biz öz mövqeyimizlə beynəlxalq norma və qaydalara tam sadiq olduğumuzu nümayiş etdirdik”. Geri qayıt |