Əsas Səhifə > Dünya > Koçaryan Paşinyan hökumətini TOPA TUTDU

Koçaryan Paşinyan hökumətini TOPA TUTDU


28-12-2021, 08:29
Koçaryan Paşinyan hökumətini TOPA TUTDU
DİA.AZ: - Ermənistanın keçmiş prezidenti, müxalif Hayastan blokunun lideri Robert Koçaryan ilin yekinlarına həsr olunmuş mətbuat konfransında hökumətin bütün sahələrdəki fəaliyyətini, o cümlədən Qarabağ məsələsindəki mövqeyini kəskin tənqid edib.

DİA.AZ-ın məlumatına görə, AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Koçaryanın fikrincə, hakimiyyət təhlükəsizlikdən tutmuş xarici siyasət, təbliğat, iqtisadiyyat və sosial məsələlərədək Qarabağ tənzimləməsinin bütün sferalarını iflasa uğradıb.

Əslən qarabağlı keçmiş prezident deyib ki, “Qarabağ məsələsində Ermənsitan əlini üzüb”.

Koçaryan deyib ki, bitməkdə olan ildə Dağlıq Qarabağın gələcəyi və təhlükəsizliyi qeyri-müəyyən qalıb və yalnız bir məsələ aydınlaşıb, bu da Ermənistan hakimiyyətinin Qarabağ tənzimləməsinə münasibətidir:

“Əgər baş nazir deyirsə ki, artıq 2016-cı ildən Qarabağın Azərbaycanın hüdudlarından kənarda status almasının heç nəzəri imkanı da yoxdursa, bu artıq Ermənistan Respublikasının mövqeyidir. Bu o deməkdir ki, Qarabağ məsələsində Ermənistan əlini üzüb”.

Azatutyun yazır ki, amma müxalifət liderinin özü də Qarabağ məsələsinin gələcəyini necə gördüyünü açıqlamayıb.

O deyib ki, bu vəziyyətdə nəyisə fəal diplomatiya ilə xilas etmək olar:

“Amma bu hakimiyyət heç bunu da eləməyə cəhd göstərməyəcək. Bu adamlar bütün şüurlu həyatları boyu elə bugün düşündükləri kimi düşünüblər. Onlardan gözlənti sıfırdır. İndi mən bunu dəyişməyi, bütün ömürləri boyu başqa cür düşündüklərini isbat edən insanlara imkan verilməsini təklif edirəm”.

Koçaryanın sözlərinə görə Dağlıq Qarabağın ərazi bütövlüyünü heç olmasa DQMV (Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti - red) sərhədlərində bərpa etməyə çalışmaq olar.

Azatutyunun yazdığına görə, Koçaryan bunun necə edilə biləcəyini açıqlamayıb.

Hayastan blokundan başqa bir deputat – Aqnesa Hamoyan deyib ki, bunu danışıqlar vasitəsilə etmək mümkündür.

Koçaryan deyib ki, vətəndaşların indiki hakimiyyətə etimadı kəskin azalıb.

O etiraf edib ki, bu müddət ərzində müxalifətin də reytinqi düşüb.

Bu arada dekabrın 27-də Qarabağ separatçıları Ermənistan baş naziri Nikol Paşinyanın həftəsonu keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə etiraz edən bəyanatla çıxış ediblər.

Azatutyunun yazdığına görə, bu bəyanatda “Dağlıq Qarabağın milli məclisi” kimi təqdim olunan qurumun adından bildirilir ki, “Artsax (Qarabağ-red) Respublikasının gələcəyi barədə qərarı yalnız onun seçkili orqanları müəyyən edə bilər”.

Bəyanatda “Qarabağ deputatlarının” adından bildirilir ki, “Artsaxın (Qarabağ-red) subyektliyini və onun erməni gələcəyini şübhə altına alan istənilən bəyanat yolverilməzdir”.

Bu da qeyd olunur ki, baş nazir Nikol Paşinyanın son mətbuat konfransında səsləndirdiyi fikirlər “ziyanlı və təhlükəlidir”.

Bəyanatda baş nazir “Qarabağ hərəkatını”, “Dağlıq Qarabağ respublikasının” mövcudluğunu inkar etməkdə ittiham olunur.

Azatutyun yazır ki, Qarabağ separatçılarının lideri Arayik Arutyunyan daha kəskin bəyanatla çıxış edib.

O Qarabağın azərbaycanlı əhalisinin öz yurduna qayıtmasını qeyri-mümkün hesab etdiyini deyib:

“Təkcə status nöqteyi-nəzərindən yox, həm də demoqrafiya nöqteyi-nəzərindən keçmişə qayıdışdan söhbət gedə bilıməz. Hansı birgəyaşayışdan söhbət gedə bilər ki, Azərbaycan öz cəmiyyətini ermənilərə nifrətlə qidalandırmaqda davam edir, onları sülhə yox, ermənilərin Artsaxdan (Qarabağ-red) qovulmasına hazırlayır...”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən cümə günü Facebook üzərindən canlı apardığı mətbuat konfransında demişdi ki, Dağlıq Qarabağ Muxtar Vilayətinə (DQMV) danışıqlar prosesində heç vaxt sırf erməni vahidi kimi baxılmayıb.

2016-cı ildə verilmiş tənzimləmə təklifləri ilə bağlı danışarkən Paşinyan demişdi ki, Dağlıq Qarabağın müvəqqəti statusunun dəqiqləşdirilməsi məsələsi BMT-nin Təhlükəsizlik Şurasına verilməliydi.

Onun sözlərinə görə bundan əvvəl münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən BMT-nin, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edəcəyi qaçılmaz idi.

Sarkisyan da sözünü dəyişib?

Paşinyan demişdi ki, 2018-ci ildə də vəziyyət buna bənzər idi:

“Artsax (Qarabağ-red) tam olaraq ermənilərin ola bilməzdi. Bu danışıqlardan bəlli idi ki, Artsaxın (Qarabağ-red), DQMV-nin həm erməni, həm də azərbaycanlı əhalisi var. Dağlıq Qarabağda qanunvericilik hakimiyyəti ola bilərdimi? Bəli, ola bilərdi, amma bu qanunvericilik hakimiyyəti tamamilə ermənilərin olmayacaqdı. Bu qanunvericilik orqanında azərbaycanlıların kvotası və ermənilərin kvotası olacaqdı”.

Paşinyan bunu da bildirmişdi ki, Ermənistanın daha bir keçmiş prezidenti - Serj Sarkisyan da bu məsələdə sözünü dəyişib.

Onun sözlərinə görə bundan əvvəl Ermənistanın üçüncü prezidenti demişdi ki, “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq”, amma indi “Artsaxın (Qarabağ-red) əhalicə erməni qalması” barədə danışqıların aparıldığını deyir.

Geri qayıt