Əsas Səhifə > Dünya > İsrail İranla �?yaxşı’ sazişə qarşı deyil
İsrail İranla �?yaxşı’ sazişə qarşı deyil29-12-2021, 08:32 |
DİA.AZ: - İsrailin baş naziri Naftali Bennet deyib ki, o İranla dünya gücləri arasında “yaxşı” nüvə sazişinin əleyhinə deyil. Bununla belə o, bu həftə Vyanada bərpa olunmuş danışıqların belə bir sazişlə nəticələnəcəyinə şübhə etdiyini bildirib. DİA.AZ xəbər verir ki, o, dekabrın 28-də İsrailin Ordu Radiosuna müsahibəsində deyib: “Axı ortalığa yaxşı bir saziş də çıxa bilər. Bu, hazırda, indiki dinamika ilə baş verə bilərmi? Yox, çünki burada daha sərt mövqe nümayiş etdirilməlidir”. İsrail Vyana danışıqlarında iştirak etmir və 2015-ci il nüvə sazişıinin əleyhinədir. Bu saziş nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində Tehran üzərindəki sanksiyaların qaldırılmasını nəzərdə tutur. İsrail keçmişdə İranı “nüvə şantajından” istifadə etməkdə ittiham edib. ABŞ 2018-ci ildə bu sazişi tərk etdikdən sonra 2015-ci il razılaşması qeyri-işlək vəziyyətə düşüb. Vyanada danışıqların növbəti 8-ci dövrəsi dekabrın 27-də bərpa olunub. Öz nüvə proqramının dinc səciyyə daşıdığında israr edən İran ABŞ-ın razılaşmadan çıxmasından sonra sazişin şərtlərindən xeyli uzaqlaşıb və uranın dərəcəsini sazişdə nəzərdə tutulduğundan artıq həddə çatdırıb. İran israr edir ki, hazırda Vyanada keçirilən danışıqların əsas diqqəti Tehran üzərindəki sanksiyaların qaldırılmasına və ABŞ-ın bu razılaşmadam bir daha çıxmayacağına dair “qarantiya” verməsinə yönəldilməlidir. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, ən mühüm olanı danışıqları İran neftinin satışını asanlaşdıracaq məqama yetirməkdir. ABŞ bu danışıqlarda Avropa İttifaqının vasitəçiliyi ilə iştirak edir. Bu sazişin imzaçısı kimi qalmaqda davam edən Rusiya, Çin, Britaniya, Almaniya və Fransa isə danışıqlarda bilavassitə iştirak edirlər. İran danışıqların gedişində yeni şərtlər irəli sürüb. Amma sazişin Avropa tərəfləri olan Britaniya, Fransa və Almaniya razılaşmanın əldə olunması üçün vaxtın getdikcə azaldığını bildirirlər. Rusiyanın danışıqlardakı nümayəndəsi Mixail Uşakov nikbin bəyanat verib və bildirib ki, işçi qruplar “inkaredilməz irəliləyişə” nail olublar. Uşakov Twitter-də yazıb ki, sanksiyaların qaldırılması məsələsi qeyri-rəsmi söhbətlərdə fəal müzakirə olunur. ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ötən həftə demişdi ki, nüvə sazişinin dirçəldilməsi üçün vaxt getdikcə daralır. Vaşinqton bildirib ki, danışıqların iflası böhranın eskalasiyasına yol aça bilər. Geri qayıt |