Əsas Səhifə > Dünya > Ermənistanda müxalifət liderlərinə çevriliş ittihamları ləğv olunur

Ermənistanda müxalifət liderlərinə çevriliş ittihamları ləğv olunur


29-12-2021, 10:55
Ermənistanda müxalifət liderlərinə çevriliş ittihamları ləğv olunur
DİA.AZ: - Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) keçmiş direktoru Artur Vanetsyan və digər müxalifətçiyə qarşı çevriliş ittihamlarını ləğv edib. DİA.AZ-ın məlumatına görə, xəbəri AzadlıqRadiosu-nun Ermənistan xidməti (Azatutyun) yayıb.

Hazırda böyük müxalifət partiyasının rəhbəri olan Vanetsyan, hökuməti tənqid edən silahlı dəstə başçısı Aşot Minasyan və daha iki müxalifətçi ötən ilin noyabrında hökumətə qarşı etirazlar vaxtı saxlanıblar. Onda müxalifət Ermənistanın Azərbaycanla altı həftəlik müharibəni uduzmasından sonra küçələrə çıxmışdı.

MTX onları Baş nazir Nikol Paşinyanı öldürməyi və hökuməti devirməyi planlaşdırmaqda ittiham edirdi. Qurum Minasyana məxsus mülkdə xeyli sayda silah-sursat aşkarladığını bildirirdi.

Saxlananlar ittihamları siyasi motivli hesab edirdilər. Onlar bir neçə gündən sonra azadlığa buraxıldılar.

Vanetsyanın vəkillərinin dekabrın 28-də bildirdiyinə görə, MTX-nin aparıcı müstəntiqi onların müvəkkilinə qarşı işi dəlil olmadığına görə bağlamaq qərarına gəlib.

“Bu qərar Nikol Paşinyanı qətlə yetirmək, yaxud hakimiyyəti qəsb etmək planının olmadığını təsdiqləyir”, – vəkillər birgə bəyanatda bildiriblər.

2018-2019-cu illərdə MTX-nə başçılıq etmiş Vanetsyan bir il çəkən istintaqı özünə qarşı “daha bir şou” adlandırıb.

“Tam bir il ərzində hakimiyyət iddia elədi ki, �?onlar baş naziri öldürməyə cəhd ediblər’ və bununla da Milli Assambleyada silahlı adamların olmasını əsaslandırdılar. Ancaq gördüyünüz kimi, bir il öncə açılmış işin… reallıqla əlaqəsi olmayıb. Hakimiyyətin atdığı bütün addımların məqsədi öz hakimiyyətini qorumaqdır”, – o, Azatutyun-a deyib.

Minasyana qarşı ittihamlar da ləğv edilib, vəkili Mihran Poğosyan deyib.

Silahlı dəstə başçısı dekabrın 1-də saxlanıb. Poğosyan deyir ki, ona qanunsuz silah saxlama ittihamları qüvvədədir və indilik həbsdə qalacaq. Minasyan isə ittihamı rədd edir.

Bu ilin əvvəlində Ermənistanın Ədliyyə Nazirliyi məhkəmə nəzarəti agentliyindən xahiş edib ki, ötən ilin noyabrında Minasyana qarşı həbs orderi çıxarmaqdan imtina etmiş hakimə qarşı tədbir görsün. Hakim Arman Hovanisyan isə bu addımı hökumətin onun qərarına görə qisas addımı adlandırıb.

MTX son baş verənləri şərh etməyib. İki digər şübhəliyə qarşı çevriliş iddialarının ləğv edilib-edilmədiyi də bəlli deyil.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadıqları ərazilərə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Geri qayıt