Əsas Səhifə > Dünya > “Rusiya zarafat etmir, düşməni darmadağın edəcəyik”

“Rusiya zarafat etmir, düşməni darmadağın edəcəyik”


30-12-2021, 10:28
“Rusiya zarafat etmir, düşməni darmadağın edəcəyik”
Rusiya rəhbərliyi NATO-ya Ukraynadan Rusiya üçün təhdidlərin olmayacağına dair təhlükəsizlik zəmanəti verməyi təklif edib. Öz növbəsində NATO yanvarın 12-də Rusiya ilə təhlükəsizlik toplantısı keçirməyə hazırlaşır.

Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda elan etdi ki, belə təminatların olmadığı təqdirdə hərbi inkişaf ssenarisi istisna edilmir və bu, qarşıdurma risklərini artırır. Eyni zamanda, o, çox gözəl başa düşür ki, Qərb dövlətləri, o cümlədən ABŞ və Avropa gücləri arasında Moskva ilə döyüşmək həvəsi yoxdur.

DİA.AZ xəbər verir ki, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin sosiologiya və politologiya kafedrasının dosenti, hərbi-siyasi ekspert Aleksandr Perenciyev AYNA-ya müsahibəsində proseslərlə bağlı fikirlərini bölüşüb.

- Rusiya Prezidenti Qərb tərəfdaşlarından müəyyən təminatlar tələb edir ki, Ukrayna anti-Rusiya istiqamətində NATO-nun tramplininə çevrilməyəcək. NATO-nun ağlabatan qərar qəbul etməsi və tərəflərin sazişlər imzalamasını gözləmək olarmı?

- Bəli, rəsmi Moskvanın belə bir gözləntisi var. Rusiya-NATO münasibətlərində çox şey və bəlkə də praktiki olaraq bütün kəskin məsələlərin həlli rəsmi Vaşinqtonun mövqeyindən asılı olacaq. Şimali Atlantika Alyansı rəsmi Moskvanın təkliflərini nə qədər “fırçalamağa” çalışsa da, yenə reaksiya vermək məcburiyyətindədirlər. Çünki Rusiyanın əhval-ruhiyyəsi çox həlledicidir. Yəni, Rusiya-NATO münasibətlərində “bifurkasiya nöqtəsi” (ən yüksək gərginlik – red.) gəlib. Və sonra ya hərbi toqquşmalar, ya da gərginliyin azalması ssenariləri var. Hadisələrin inkişafının hansısa “üçüncü” ssenarisinin reallaşdırılması sadəcə olaraq mümkün deyil.

Rəsmi Moskvanın təklif etdiyi təhlükəsizlik sazişləri layihələrində təkcə Rusiyanın deyil, Avropa dövlətlərinin, ilk növbədə NATO üzvlərinin də maraqları əks olunub. Onlar qarşılıqlı ikitərəfli müqavilə əsasında götürülmüş öhdəliklər daşıyırlar. Və onlar real sülhə nail olmaq üçün mexanizmləri ehtiva edir. Sülh, ilk növbədə, bütün Avropa xalqları üçün lazımdır!

- Rusiya ilə NATO razılığa gələ bilmirsə, Moskva onun zəmanətini almırsa, onda necə? Ukrayna ətrafında eskalasiya gözləyirsinizmi?

- Mən eskalasiya gözləyirəm, ancaq təkcə və tamamilə Ukrayna ətrafında deyil. ABŞ və onun Avropadakı hərbi komandanlıq məntəqələri, o cümlədən, əlbəttə ki, Ukrayna ərazisi ətrafında gərginlik yaranacaq. Prezident Vladimir Putinin simasında bu addımları atan rəsmi Moskva artıq müxtəlif ssenarilərin inkişafını proqnozlaşdırıb, özü üçün xoşagəlməz hadisələr baş verərsə, cavab addımları hazırlayır. Bu cavab addımları həm ABŞ-ın özü, həm də bütövlükdə NATO rəhbərliyi üçün bir sıra xoşagəlməz sürprizlərdən irəli gələ bilər.

Bir çox jurnalistlər, o cümlədən Rusiyanın özündə olanlar özlərinə sual verirlər: "Bunlar hansı addımlar olacaq?" Putin açıq şəkildə bildirib ki, rəsmi Moskvanın hərəkətləri düşünülmüş hərbi ekspert təhlili və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahının və Rusiyanın digər ən yaxşı ağıllarının tövsiyələri əsasında həyata keçiriləcək. Rusiya hərbi ekspertlərindən heç kim, ən azı mən ölkəmiz tərəfindən bu addımları reklam etmək fikrində deyil. Məşhur komediya ustası Vladimir Vinokurun dediyi kimi: "Sürpriz olacaq!"

- Bir sıra ekspertlər hesab edirlər ki, Rusiya Ukraynaya müharibə elan edəcək və qoşun yeridəcək. Bu ssenari nə dərəcədə realdır?

- Ukraynanın bir sıra ərazilərinin nəzarətə götürülməsi ssenarisi var. Amma fakt budur ki, müharibə elan edən tərəf Rusiya deyil, Ukrayna olacaq. Və bu, yaxın gələcəkdə baş verə bilər. Lakin bu, NATO və Ukrayna Təhlükəsizlik Xidmətinin Belarus Respublikasına və tanınmamış Donbass “respublika”larına qarşı aqressiv hərəkətləri ilə birlikdə baş verə bilər. Həm də Qara dənizdə Rusiya donanması, o cümlədən onun hava bölməsi ilə NATO arasında toqquşmalarla da müşayiət edilə bilər.

Rusiya müdafiə olunacaq və əks hücuma keçəcək. Eyni zamanda, yerləşdiyi yerdən (yəni baza və yerləşdirildiyi ölkədən) asılı olmayaraq, Rusiya tərəfindən NATO-nun müxtəlif hərbi strukturlarına - hərbi bazalara, hərbi komandanlıq məntəqələrinə, rabitə və kommunikasiya vasitələrinə, hərbi anbarlara, qoşunların, gəmilərin, təyyarələrin və raket sistemlərinin böyük qruplarının cəmləşmə nöqtələrinə qarşı zərbələr ola bilər. Bir sözlə, Rusiya tərəfdən heç kim zarafat etmək fikrində deyil. Biz düşməni öz ərazisində az qanla darmadağın edəcəyik. Sovet ordusuna 1930-cu illərdə öyrədildiyi kimi!

Geri qayıt