Əsas Səhifə > Dünya > "Belə vəziyyətdə tənzimləyici sənədin olmaması hansısa fəsadlara gətirib çıxara bilər"

"Belə vəziyyətdə tənzimləyici sənədin olmaması hansısa fəsadlara gətirib çıxara bilər"


1-01-2022, 10:45
"Belə vəziyyətdə tənzimləyici sənədin olmaması hansısa fəsadlara gətirib çıxara bilər"
“ABŞ və NATO Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə vaxtında cavab verməsə, Rusiya strateji tarazlığı təmin etmək və təhdidləri aradan qaldırmaq üçün addımlar atacaq”.

Bunu “RİA Novosti”-yə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Əgər vaxtında konstruktiv cavab verilməsə və Qərb öz aqressiv xəttini davam etdirsə, o zaman Rusiya strateji tarazlığı təmin etmək, təhlükəsizliyimiz üçün qəbuledilməz təhdidləri aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görməyə məcbur olacaq”, - Lavrov bildirib. Yanvarın 10-da Cenevrədə Rusiya Federasiyası ilə ABŞ arasında təhlükəsizlik təminatlarına dair Rusiyanın təklifləri üzrə danışıqların keçirilməsi planlaşdırılır. Dekabrın 17-də Rusiya ABŞ-la və NATO-ya üzv dövlətlərlə saziş layihələrini dərc edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun dediyi kimi, reaksiya olmasa, qarşıdurmanın yeni raundu mümkündür. Rusiya tərəfinin verdiyi açıqlamalar strateji təhlükəsizliklə bağlı ABŞ və NATO ilə münasibətlərdə gərginliyin yeni mərhələyə daxil olduğunu göstərir.

Belə ki, Cenevrə danışıqlarında razılaşma əldə olunmasa, beynəlxalq münasibətlər sistemində qütbləşmə arta bilər. Bu baxımdan, Lavrovun xəbərdarlığı Rusiyanın strateji təhdidlərdən müdafiəsinə ABŞ-ın NATO-nun təminat verməsinə hesablanıb. Qeyd edək ki, Donald Trampın prezidentliyi dövründə ABŞ Strateji Hücum Silahlarının Məhdudlaşdırılmasına dair 1991-ci ildə və 1993-cü illərdə Rusiya ilə imzalanmış müqavilələrdən çıxıb.

Eyni zamanda, Tramp administrasiyası SSRİ ilə 1987-ci ildə imzalanmış Yaxın və Ortamənzilli Raketlərin İstifadəsinin Ləğvinə dair müqavilədən imtina edib. Co Bayden bu addımları tənqid etsə də, ABŞ Prezidenti seçildikdən sonra həmin sazişlərə qoşulmadı. Rəsmi Moskva isə ABŞ-ın strateji təhlükəsizliklə bağlı beynəlxalq öhdəliklərə qayıtmasa Rusiyanın hərəkətlərinə cavabdeh olmayacağına işarə edir. DİA.AZ xəbər verir ki, bu barədə açıqlama verən politoloq İlqar Vəlizadənin fikrincə, Rusiya yeni strateji müqavilə istəyir.

“Əvvəllər nüvə silahlarının və adi silahların yayılmaması ilə bağlı müqaqvilələr var idi. Bu da dövlətlərin hərbi siyasətini bu və ya digər şəkildə tənzimləyirdi, silahlanmanın qarşısını tamamilə almasa da müəyyən qədər çərçivədə saxlayırdı. Düşünürəm ki, Putinin Baydenlə dekabrın 30-da apardığı danışıqlar da yeni razılaşmanın vacibliyini nəzərdə tutur. Söhbət yeni oyun qaydalarının tərtib olunmasından və onun aparılmasından gedir. Çünki “soyuq müharibə” başa çatıb və yenə də qarşıdurmanın dərinləşməsi müşahidə olunur. Belə vəziyyətdə tənzimləyici sənədin olmaması hansısa fəsadlara gətirib çıxara bilər”.

Ekspert bildirdi ki, danışıqlarda nüvə silahlarının yayılmaması və strateji hücum silahları məsələsindən əlavə, geosiyasi məsələlərin də müzakirə olunacağı gözlənilir. Xüsusilə də Rusiya NATO-nun şərqə doğru genişlənməsini özünün strateji təhlükəsizliyi üçün təhdid hesab edir: “İkinci Dünya müharibəsindən Potsdam konfransında dünyanı böyük dövlətləri bir araya gəlib yeni oyun qaydalarını müəyyən edib. Potsdam və Münhen sazişləri daha çox silahların məhdudlaşdırılması ilə bağlıdır. Ancaq Cenevrədə keçiriləcək danışıqlarda silahlarla yanaşı, siyasi məsələlər də müzakirə oluna bilər. NATO-nun şərqə doğru genişlənməməsi, Ukrayna ilə bağlı müddəalar da diqqət mərkəzində ola bilər. Hazırkı dövrdə raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ayrıca trekdir, yəni danışıqların istqamətidir”.

İlqar Vəlizadə onu da bildirdi ki, hələlik müzakirələrin ilkin mərhələsi keçirildiyindən hər hansı razılaşmanın əldə olunması gözlənilmir.

Geri qayıt