Əsas Səhifə > Dünya > Vaşinqtonla Tiflis arasında münasibətlər sərinləşir...

Vaşinqtonla Tiflis arasında münasibətlər sərinləşir...


5-01-2022, 07:50
Vaşinqtonla Tiflis arasında münasibətlər sərinləşir...
DİA.AZ: - Birləşmiş Ştatlar Gürcüstanın hakim Gürcü Arzusu partiyasını ötən həftə qəbul edilmiş qanunvericilik aktına görə kəskin tənqid edib. DİA.AZ-ın məlumatına görə, Vaşinqton bildirir ki, bu qanun hökumətin hesabatlılığını, hakimlərin müstəqilliyini, bütövlükdə ədliyyə sisteminə olan etimadı “sarsıdır”.

ABŞ-ın Tbilisidəki səfirliyi yanvarın 4-də verdiyi bəyanatda bildirir ki, “bu hərəkətə niyə ehtiyac olduğuna dair ictimaiyyətə heç bir əsaslandırılmış səbəb göstərilməyib”.

Səfirlik qanun layihəsinin şəffaf müzakirələrdən keçməməsini pisləyib.

Dekabrın 30-da Gürcü Arzusu partiyasının çoxluğa malik olduğu parlament Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin buraxılmasına səs verib.

Bu qurum şəxsi məlumatların qorunmasını və hakimiyyətdən sui-istifadə hallarını monitorinq edirdi.

Hökumətin tənqidçiləri qurumun ləğv olunmasını siyasi motivli hərəkət kimi pisləyiblər.

Yeni qanun layihəsinə görə şəxsi məlumatların qorunması və rəsmilərin səlahiyyətlərini aşmalarının monitorinqi üçün iki ayrı-ayrı qurum yaradılmalıdır.

Gürcü Arzusu partiyasının lideri İrakli Kobaxidze tənqidlərin “ədalətsiz” olduğunu deyib və bildirib ki, belə bəyanatlar gürcülərin Cənubi Qafqazın Qərb partnyorlarına etimadına xələl gətirir.

Lakin ABŞ səfirliyinin bəyanatında deyilir ki, hökumətin bu addımı “hakimiyyətin hesabatlılığı prinsipinə” ziyan vurur.

Səfirlik bildirir ki, hakim partiya habelə Ümumi Məhkəmələrə dair Qanuna düzəliş etməklə ayrı-ayrı hakimlərin müstəqlliyini pozub.

Bu da vurğulanır ki, daha bir Ali Məhkəmə hakiminin “qüsurlu seçki prosesi” ilə təyin edilməsi isə bütünlükdə ədliyyə sisteminə etimada zərbə vurub.

Bəyanatda Abxaziya və Cənubi Osetiya regionlarının Gürcüstandan qopardılmasına işarə edilir:

“Güclü demokratik təsisatlar və qanunun aliliyi prinsipinə riayət Gürcüstanın Rusiya təcavüzünə qarşı ən yaxşı müdafiəsidir”.

Səfirliyin bəyanatında deyilir ki, “Gürcüstan hökumətinin atdığı addımlar ədliyyə və müstəqil nəzarət agentlikləri kimi demokratik təsisatları zəiflədir, Gürcüstanın NATO və Avropa İttifaqı üzvlüyü istəyinə kölgə salır və gürcü mədəniyyəti və cəmiyyətinin təməl azadlıqlarını sarsıdır”.

Lakin Kobaxidze iddia edir ki, ABŞ səfirliyi bu bəyanatda “faktlarla bağlı yanlışlıqlara” yol verib.

"Biz partnyorlarımızla uğurlu əməkdaşlığın 30 illik təcrübəsinə malikik. Biz çox tez-tez onlardan məsləhət istəyir və bu məsləhətləri nəzərə alırıq. Lakin çox təəssüf ki, ədalətsiz və yanlış olan qiymətləndirmələrlə üzləşdiyimiz hallar da olur”.

Bundan əvvəl ABŞ-ın Grücüstandakı səfiri xanım Keli Deqnan Gürcüstan parlamentini “ehtiyac olmadığı halda qanunvericilik aktını tələsik səsvermədən keçirməyə yönəlmiş qəribə prosesi” dayandırmağa çağırmışdı.

Səfir qanun layihəsinin lazımi qaydada müzakirə olunmadığını vurğulamışdı.

İctimai Müdafiəçi Nino Lomjariya deyib ki, qanun konstitusiyaya və ölkənin insan haqları öhdəliklərinə ziddir və “müstəqil təsisatların fəaliyyətinə müdaxilə” kimi qiymətləndirilməlidir.

BMT-nin İnsan Haqları Ofisi Gürcüstanda işgəncələrin qarşısının alınmasına və şəxsi məlumatların qorunmasına nəzarət edən qurumun ləğv olunmasına dair təklifin “dərin narahatlıq” yaratdığını bəyan edib.

Ötən il dekabrın 7-də verilən xəbərlərdə deyilirdi ki, Gürcüstanın Ədliyyə Nazirliyi və Xüsusi Penitensiar Xidməti keçmiş prezident Mixeil Saakaşvilinin tibb məntəqəsində yediyini görüntüləyən videoları yaydıqlarına görə cərimə ediliblər.

Xəbərdə bildirilirdi ki, Dövlət Müfəttişliyi Xidməti ölkənin Ədliyyə Nazirliyini və Xüsusi Penitensiar Xidməti keçmiş prezident Mixeil Saakaşvilinin tibb məntəqəsində yediyini və onun həbsxana xəstəxanasına köçürülərkən müqavimət göstərməsini görüntüləyən videoları yaydıqlarına görə 2500 lari (810 dollar) cərimə edib.

Geri qayıt