Əsas Səhifə > Dünya > Qazaxıstan olayı: Putinin Türk Şurasına qarşı oyunu?
Qazaxıstan olayı: Putinin Türk Şurasına qarşı oyunu?6-01-2022, 15:19 |
Qazaxıstandan vəziyyət gərgin olaraq qalır. Bahalaşmaya etiraz olaraq küçələrə çıxan qazaxlar hökumətdən bahalaşmanı dayandırmağı tələb edir. Nəticədə bahalaşma ləğv olunsa da, hökumət tam tərkibdə istefaya göndərilsə də Qazaxıstanda əhali etiraz aksiyalarını davam etdirir. Qazaxıstandan baş verən hadisələr fərqli şəkildə analiz edilir. Onlardan biri də Qazaxıstanda baş verənlərin xarici dairələr tərəfindən Türk Dövlətləri Təşkilatına zərbə olan təşkili iddialarıdır. Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı bəyanat da yayıb. “Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”,-deyə bəyanatda qeyd olunub. Maraqlıdır, Qazaxıstanda baş verənlər Türk Dövlətləri Təşkilatına necə zərbə vurur? DİA.AZ-ın məlumatına görə, politoloq Fikrət Sadıqov Cebhe.info-ya açıqlamasında deyib ki, bu məsələ Qazaxıstanda hadisələrinin bundan sonra necə cərəyan edəcəyindən asılı olacaq: “Hakimiyyətdə kimin olacağından və hansı istiqamət götürəcəyindən çox şey asılıdır. Qeyd edək ki, Nazarbayevin bu sahədə bir sıra təşəbbüsləri olub və Türk Şurasının yaranmasında böyük rolu var. İndiki dövlət başçısı Tokayevin bu yolla hakimiyyətdən gedib-getməyəcəyi bəlli deyil. Onu da nəzərə almaq lazımdır ki, KTMT qüvvələri artıq Qazaxıstandadır. Onların başında isə Rusiya dayanır. Rusiya KTMT-də əsas oyunçudur. Şübhə etmirəm ki, elə Türk Şurasının yaradılması və inkişaf etdirilməsi bəlkə də Moskvanı qıcıqlandıran amildir. Ona görə də düşünmürəm ki, hər şey eyni istiqamətdə gedəcək. Çünki bəllidir ki, KTMT və Rusiya qüvvələri Qazaxıstan məsələsində əsas rol oynayan oyunçular olacaq”. Geri qayıt |