Əsas Səhifə > Dünya > Martadək Avropada əhalinin yarıdan çoxu koronavirusa yoluxa bilər

Martadək Avropada əhalinin yarıdan çoxu koronavirusa yoluxa bilər


12-01-2022, 10:36
Martadək Avropada əhalinin yarıdan çoxu koronavirusa yoluxa bilər
DİA.AZ: - Avropada əhalinin yarıdan çox martadək COVID-19-a yoluxa bilər. Dünya Səhiyyə Təşkilatı (DST) belə bir açıqlama ilə çıxış edərək qitə boyunca “qərbdən şərqə yeni dalğa”nın getdiyini bildirib.

DİA.AZ xəbər verir ki, DST-nin Avropa üzrə regional direktoru Hanz Kluge yanvarın 11-də Səhiyyə Göstəriciləri və Dəyərləndirmə İnstitutunun proqnozuna əsasən xəbərdarlıq səsləndirib. Proqnoza görə, növbəti altı-səkkiz həftə ərzində regionda əhalinin 50 faizindən çoxu omikron ştammına yoluxacaq.

DST-nin Avropa regionuna 53 ölkə və ərazi daxildir. Orta Asiya da bu regiona salınır. Kluge deyib ki, omicron hazırda qərb ölkələrində dominant ştamma çevrilir və hazırda Balkanlara yayılmaqdadır.

Avropa regionu üzrə proqnozlar yanvarın ortasınadək günə 12 milyondan çox yoluxmanın qeydə alınacağını göstərir. Ölkələr üzrə pik yoluxma həddi fərqlənəcək, Orta Asiyada yoluxmaların pik həddi daha gec baş verəcək.


“Fürsət pəncərəsi qapanmaqdadır”

Kluge indiyədək omikrona yoluxmalarda kəskin artım baş verməyən ölkələri vaxtdan yararlanaraq önləyici tədbirlər görməyə səsləyib. O xəbərdarlıq edib ki, ölkələrin səhiyyə sistemlərinin yüklənməsini önləyə biləcək “fürsət pəncərəsi qapanmaqdadır”.

Omikronun yayılmaqda olduğu ərazilərdə isə zəiflərin qorunmasına üstünlük verilməlidir, deyən Kluge ölkələri qapalı məkanlarda maskadan istifadəni məcburi etməyə, risk qrupunda olan əhaliyə, tibb işçiləri və daha yaşlılara sürətlə peyvənd vurmağa çağırıb.

DST rəsmisi təsdiqlənmiş vaksinlərin omikron daxil xəstəliyin ağırlaşmasından və ölümdən yaxşı qoruduğunu deyib. Onun sözlərinə görə, vaksinasiyanın aşağı səviyyədə olduğu yerlərdə ölüm göstəriciləri yüksəkdir.

DST həmçinin yayılmaya qarşı daha yaxşı qorumadan ötrü yeni vaksinlərin yaradılmasına çağırıb. Qurum ilkin COVID-19 vaksinlərinin buster dozalarının effektli strategiya olmadığını bildirir.


4.1 faiz artım

Bu arada yüksək yoluxucu omikron ştammı dünyada sürətlə yayılmaqdadır. Hökumətlər isə yeni qadağalar tətbiq edirlər.

Dünya Bankı koronavirus pandemiyasının dünya iqtisadiyyatına təsirinə dair yeni dəyərləndirməsini yayıb. Bank 2022-ci ildə dünyada iqtisadi artımın yavaşıyacağını proqnozlaşdırır. Çünki omikron işçi çatışmazlığını, təchizat zəncirində pozuntuları gücləndirə bilər.

Bank bu il dünyada 4.1 faizlik iqtisadi artım proqnozlaşdırır. Ötən il artım 5.5 faiz olmuşdu.


Çin

COVID-19-dan ilk ölümün təsdiqlənməsindən isə düz iki il ötür. Xəstəliyin ilk dəfə aşkarlandığı Çinin Vuhan şəhərində 2020-ci il yanvarın 11-də 61 yaşlı bir kişi vəfat etmişdi. O vaxtdan pandemiya 5.5 milyona yaxın həyata son qoyub.

Çin sərt lokdaunlar, sərhədlərin bağlanması, kütləvi testlərlə xəstəliyin yayılmasını önləyə bilib. Amma Pekin Qış Olimpiadası öncəsi böyük şəhərlərdə yeni yoluxmalar qeydə alınır.

Henan vilayətindəki Anyanq şəhərinin 5 milyon sakininə evdən çıxmamaq göstərişi verilib. Xəbəri Çinin rəsmi Sinxua agentliyi yayıb. Yujou və Sian şəhərlərində də sərt lokdaun hökm sürür.

Yaponiya sərt sərhəd qadağasını gələn ayın sonunacan uzadıb, ölkəyə əcnəbilərin girişi əsasən qadağan olunub. Meksika Prezidenti Andres Manuel Lopez Obrador isə artıq ikinci dəfə COVID-19-a yoluxduğunu açıqlayıb.


Geri qayıt