Əsas Səhifə > Dünya > Putinin Ukrayna planları sirr olaraq qalır
Putinin Ukrayna planları sirr olaraq qalır12-01-2022, 12:37 |
DİA.AZ: - Rusiya Prezidenti Vladimir Putin aylardır Ukrayna ilə sərhəd yaxınlığına 100 minədək qoşun cəmləyir. Amma Moskva bu ölkəni işğal etmək niyyəti olmadığını deyir. Bəs onda Rusiyanın növbəti addımı nə ola bilər? DİA.AZ xəbər verir ki, “The New York Times” qəzetinin müxbiri Anton Troyanovski bunu Putindən başqa heç kəsin bilmədiyini yazır. Müəllifin fikrincə, elə Putinin niyyəti də budur. Rusiyanın xarici siyasəti üzrə tanınmış təhlilçi, Kremlə tövsiyələr verən şuranın başçısı Fyodor Lukyanov elə belə də deyir: “Qətiyyətlə bəyan edəcəyim ekspert fikri budur: Lənət şeytana, kim bilir?” Kim bilir? Təhlilçilərin fikrincə, hətta Putinin yaxın ətrafı belə onun Ukraynaya qarşı tammiqyaslı müharibə planında nə dərəcədə ciddi olduğunu dəqiq bilmir. O ki qala bu həftə Cenevrədə ABŞ-la danışıqlara rəhbərlik etmiş Xarici işlər nazirinin müavini Sergey Ryabkov ola. Rusiyalı və amerikalı təhlilçilər onun belə bir qərar verməməsini də mümkün sayırlar. Ola bilsin, Qərbi gərgin saxlamaqdan həzz alır. Danışıqlar yanvarın 12-də Brüsseldə NATO ilə, 13-də isə ATƏT-lə davam edəcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Rusiya bundan sonra diplomatiyaya davam etməyin “mənası olub-olmadığına” qərar verəcək. Müəllif yazır ki, Putinin son aylardakı davranışı onun zəif geosiyasi mövqeyi ilə yüksək nəticələr əldə etməkdən ötrü gərginlik və gözlənilməzlikdən necə yararlanmaq bacarığını göstərir. İqtisadi vəziyyəti yaxşı olmayan Rusiya azı dörd cəbhədə – Belarus, Qazaxıstan, Ukrayna və Cənubi Qafqazda gərgin vəziyyətləri idarə edir. Klassik Putin strategiyası “Putin illərdir NATO-nun şərqə doğru genişlənməsindən, Amerikanın Ukraynada qərbyönlü əhvalı dəstəkləməsindən qəzəbini ifadə edir; indi isə Prezident Co Baydenin gündəmini mürəkkəbləşdirə biləcək yeni təhlükəsizik böhranı yaratmaqla o, məsələni düz Vaşinqtonun qənşərinə çıxara bilib”, – müəllif yazır. “Son 30 ildə ilk dəfə olaraq Birləşmiş Ştatlar hətta bir il öncə müzakirəsi qeyri-mümkün sayılan məsələləri dartışmağa razılaşıb”, – R.Politik siyasi təhlil firmasının təsisçisi Tatyana Stanovaya deyir. İndi isə Rusiya prezidenti amerikalıları danışıqlar masasına çəkərək klassik Putin strategiyası yürüdür: oyun meydançasında mümkün qədər çox, müxtəlif istiqamətləri göstərən gedişlər edir, adamlar bunların üzərində baş sındırdığı vaxt isə o, gedişatdan asılı olaraq özünə ən çox əl verən taktikanı seçir. Məsələn, Ryabkov jurnalistlərə deyib ki, o, heç bir ultimatum irəli sürmür. Amma onu da əlavə edib ki, Birləşmiş Ştatların Ukraynanın heç vaxt NATO-ya qoşulmayacağına qarantiya verməsi “tamamilə məcburidir”. Sanksiyaların təsiri varmı Rusiyaya sanksiyalar Birləşmiş Ştatlarla gərginliyi yoluna qoymayacaq. Bunu isə iki ekspert CNBC-yə deyib. “Rusiyaya sanksiyalar işləmir. Rusiya sadəcə daha da inadcıl olur”, – Britaniyanın Moskvada keçmiş səfiri Toni Brenton deyib. Onun fikrincə, Qərb də cavabında inad edir. “Və beləliklə də həqiqi, çox təhlükəli təhlükəsizlik qarşıdurmasına bir az da yaxınlaşırsız”, – o bildirib. Corctaun Universitetindən Ancela Stent isə düşünür ki, sanksiya təhdidi Rusiyanı heç də çəkindirə bilməyib. Ekspert diqqəti təklif olunan sanksiyaların miqyasına çəkir, onlar texnologiya ixracına, bankların beynəlxalq maliyyə sisteminə çıxışına təsir göstərə bilər. Əgər Putin Ukraynanı işğal etməyə qərar versə, “gözlənən sanksiyaların onu bu yoldan döndərəcəyindən əmin deyiləm”, – Stent vurğulayıb. Stent işğal təhlükəsinin qaldığını, “indiki məqamda 50-50-yə” olduğunu deyərək işğalın irimiqyaslı deyil, “daha məhdud” ola biləcəyini sözlərinə əlavə edib. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Moskva dəlillərin olmasına baxmayaraq, bu dəstəklə bağlı deyilənləri rədd edir. Geri qayıt |