Əsas Səhifə > Dünya > Ermənistan müxalifəti yenə də KTMT-ni dəvət etməyə çağırır

Ermənistan müxalifəti yenə də KTMT-ni dəvət etməyə çağırır


13-01-2022, 08:07
Ermənistan müxalifəti yenə də KTMT-ni dəvət etməyə çağırır
DİA.AZ: - Ermənistan parlamentində müxalifətin Hayastan fraksiyası hökuməti Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməyə çağırıb.

DİA.AZ-ın məlumatına görə, müxalif deputat Aram Vardevanyan xatırladıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstan hadisələri zamanı KTMT mexanizmini ilk dəfə məhz təşkilata sədrlik edən Ermənistanın işə saldığını deyib:

“Əgər ilk dəfə olaraq məhz siz işə salmısınızsa, indi də işə salın. Biz Qazaxıstana baxanda görürük ki, orda hər halda hansı dövlət və ya dövlətlərin Qazaxıstan ərazisinə hücum etdiyi bilinmir. KTMT Nizamnaməsinin 4-cü bəndində aydın şəkildə yazılıb: hər hansı təcavüz varsa, orda hətta təcavüzün açımı da verilir, məsələn “silahlı müdaxilə, hücum”, KTMT-yə üzv ölkələrdən biri təşkilata müraciət edə bilər. Bu həm də konkret sürətli hərəkət, hətta hərbi kömək deməkdir”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, KTMT Dağlıq Qarabağda 44 günlük müharibə zamanı, sonralar isə ötən mayda Azərbaycan silahlı qüvvələrinin Ermənistan ərazisinə müdaxiləsi əsnasında Yerevanın rəsmi müraciəti olmasına baxmayaraq reaksiya göstərməyib.

O vaxt KTMT-yə Tacikistan sədrlik edirdi, indi isə sədrlik Ermənistana keçib.

İqtidaryönlü deputat, Milli Məclisin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Armen Xaçatryan Ermənistan-Azərbaycan sərhədində son gərginliklərə işarə edərək deyib ki, indi KTMT-nin cəlb olunmasına ehtiyac yoxdur:

“Hazırda belə insidentləri heç kimin tənzimləməsinə və ya müvafiq əks-zərbəni vurmasına ehtiyac yoxdur”.

Xaçatryan bildirib ki, müxalifətin təklifi qeyri-məqbuldur.

Azatutyun yazır ki, Müdafiə Nazirliyinin məlumatına görə azərbaycanlıların dronlardan istifadə etdiyi dünənki (yanvarın 11-i) döyüşlər, deputatın fikrincə “lokal” səviyyəli olub.

Müxalifət deputatlarının may ayından bəri vəziyyətin dəyişmədiyi və Azərbaycan qüvvələrinin hələ də suveren Ermənistan ərazisində qalması barədə iradına və Azatuyunun hansı “lokal” döyüşlərdən söhbət getdiyinə dair sualına cavab olaraq iqtidar fraksiyasının deputatı deyib:

“Mayda və indi baş verənlər eyni deyil. Mayda konkret təcavüz olmuşdu, fəal hərəkətlər, hərbi hərəkətlər vardı. Amma indi lokal situasiyalar nəzərə alınmasa, situasiya passivdir. Hazırda məsələnin diplomatik yollarla çözümünə çalışılır”.

Xaçatryanın fikrincə, KTMT-yə o vaxt zərurət olacaq ki, Ermənistan silahlı qüvvələri cavab vermək iqtidarında olmayacaq, halbuki erməni tərəfi dünən adekvat əks-zərbə endirib.

Geri qayıt