Əsas Səhifə > Dünya > Ukrayna kiberhücumun arxasında Rusiyanın durduğunu deyir

Ukrayna kiberhücumun arxasında Rusiyanın durduğunu deyir


17-01-2022, 12:15
Ukrayna kiberhücumun arxasında Rusiyanın durduğunu deyir
DİA.AZ: - Ukrayna yanvarın 16-da Rusiyanı hökumət vebsaytlarını iflic etmiş kiberhücumun arxasında durmaqda suçlayıb. Kiyev Moskvanın qonşusuna qarşı getdikcə daha gərgin “hibrid müharibə” apardığını deyib.

DİA.AZ xəbər verir ki, yanvarın 14-də Ukrayna hökumətinin bir çox vebsaytları hücuma məruz qalıb. Xarici İşlər Nazirliyinin, Enerji Nazirliyinin, Sosial Müdafiə Nazirliyinin saytları da bu sırada idi.

“Dəlillərin hamısı Rusiyanın kiberhücumun arxasında olduğunu göstərir. Moskva hibrid müharibəni davam etdirir, informasiya və kiberməkanlarda qüvvələrini cəmləyir”, – Rəqəmsal İnkişaf Nazirliyi yanvarın 16-da bəyanatında bildirib.

Bu kiberhücum Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi, gərginliyin aradan qaldırılması üçün danışıqların getdiyi bir dönəmdə baş verib.

Yanvarın 14-də hakerlər ələ keçirdikləri vebsaytlarda ukraynalılara “qorxun və betərini gözləyin” mesajını ünvanlayıblar.

ABŞ-ın “Microsoft” texnologiya şirkəti yanvarın 15-də bloq postunda yazıb ki, təhlükəsizlik ekspertlərinin Ukrayna hökumətinə məxsus onlarla kompüterdə aşkarladığı virus onları yararsız hala sala bilər.

Virus özünü fidyə proqramı kimi göstərib, amma əsl niyyəti datanı məhv etmək olub, Microsoft bildirib.

Ekspertlər hələ təsdiqləməyib, amma...

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan yanvarın 16-da Rusiyanın hücumda rolunu inkar etməsinə şübhəsini ifadə edib. “Həftələrdir, aylardır həm açıq, həm də gizli şəkildə xəbərdarlıq edirik ki, kiberhücumlar Rusiyanın Ukraynada gərginliyi qızışdırmasının tərkib hissəsi ola bilər”, – Sallivan CBS televiziyasına deyib.

O qeyd edib ki, Birləşmiş Ştatlar Ukrayna ilə işləyərək onun kibermüdafiəsini gücləndirməyə çalışır, Microsoft kimi ABŞ şirkətləri ilə gələcək kiberhücumların önlənməsi yollarını koordinasiya edir.

Sallivan ABŞ ekspertlərinin Ukraynada hədəflərə qarşı kiberhücuma görə Rusiyanın məsuliyyət daşıdığını hələ təsdiqləmədəyini sözlərinə əlavə edib.

“Əgər Rusiya ilə əlaqələndirilsə, bu məni qətiyyən təəccübləndirməz. Bəlli olsa ki, Rusiya Ukraynanı kiberhücumlara məruz qoyur və bu, müəyyən müddətə davam etsə, müttəfiqlərimizlə müvafiq cavab addımları üzərində işləyəcəyik”, – o, sözlərinə əlavə edib.

Geri qayıt